Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:27

İsmayıllıdakı yeni köçkün şəhərciyində qaz pulu borclarının şişirdildiyini deyirlər...


-

İsmayıllı rayonunda qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədə 45 ev var. Qəsəbə rayon mərkəzindən təxminən 4 kilometr aralıda yerləşir. Burada əsasən Ağdam, Laçın, Füzuli rayonlarından köçkün düşmüş insanlar yerləşdirilib. Qəsəbədə ən böyük problem kimi qaz istismar idarəsi ilə aralarında yaranan anlaşılmazlığı göstərirlər. Köçkünlər bildirirlər ki, onlara artıq borclar yazılıb.

«BİZİMLƏ NƏ İSMAYILLI, NƏ DƏ Kİ, AĞDAM RƏHBƏRLİYİ MARAQLANIR»

Ağdam rayonundan məcburi köçkün düşmüş Səhrad Əliyev:

«Bütün bu problemlərlə bağlı mən yeni təyin olunmuş Ağdam rayon icra başçısı Raqub Məmmədovla görüşmək üçün Quzanlıya getdim. Mən çox cəhd etdim, icra hakimiyyətinin digər rəsmilərinə dedim ki, 200 km aralıdan, İsmayıllıdan gəlmişəm, başçıya deyin məni qəbul etsin. Başçı məni qəbul etmədi. İsmayıllıda qaz idarəsi abonentlərə borcu püşkatma yolu ilə yazır. Mənim sayğacımın üstündə 121 manat borcum ola-ola, 468 manat borc yazılıb. Bizimlə nə İsmayıllı, nə də ki, Ağdam rayon rəhbərliyi maraqlanır».

«QAZ İDARƏSİ BU RƏQƏMLƏRİ HARADAN GÖTÜRÜB?»

Laçın rayonundan köçkün düşmüş Nəsibə Həsənzadə:

«Başım çıxmır, 1 otaqda yalnız gündüz vaxtı qaz yanırsa, bu nə qədər pulu yaza bilər? Lap ağını çıxarıblar. Bilmirəm qaz idarəsi bu rəqəmi haradan götürüb. Mənə 978 manat 53 qəpik borc yazıblar. Bu nə deməkdir, yoxsa pul silməklə məşğuldurlar? Baxın belə məmurlardır insanları dövlətdən narazı salan. Mən şikayətçiyəm, zəhmət çəkib gəlib izah etsinlər görək bu nə oyundur?».

İSMAYILLI QAZ İDARƏSİ KÖHNƏ BORCLARI YADA SALIR...

İ
smayıllı rayon qaz istismar idarəsinin, təbii qazın qəbulu və satışı şöbəsinin müdiri Kənan Mütəlov isə köçkünlərin şikayətini əsassız sayır:

« Abonent haradan köçüb qəsəbəyə gəlibsə borcu da özü ilə aparır. Yəni onun köhnə borcu bağışlanılmır. Köçkünlər yəqin fikirləşir ki, ora yeni salınmış yaşayış massividir buna görə onların borcu silinir, xeyr borc borc kimi onların üzərində qalır. Elə köçkünlər var ki, əvvəl peşə məktəbində, elələri var ki, Qubaxəlilli kəndində məskunlaşmışdılar. Ancaq indi yeni ünvana köçmələrinə baxmayaraq borc silinmir. Ailədə neçə üzv varsa onlara düşən aylıq limit hesablanıb və kompüterə vurulub. Kompüterdə hazır proqram var və orada ortaq rəqəm qəbul edilib. Biz sadəcə ailə sayı və üzvilərini hesablayırıq, qalan borcun miqdarını proqram hesablayır. Səhrad Əliyev mənə müraciət edib. Mən ona başa salmışam ki, siz peşə məktəbində yaşamısınız və yeni ünvana köçəndə sizin köhnə ünvanda işlətdiyiniz qazın qalan borcu yeni sayğaca yüklənib. Mən eləcə də digər şikayətçilərə izah etmişəm ki, prezident köhnə borcların bağışlanması dedikdə 2009-cu ilin oktyabr ayının 1-nə kimi olan borcları nəzərdə tutub. Yerdə qalan ödənilməlidir».

BAŞÇININ MÜAVİNİ: «KİMİN ƏLAVƏ PROBLEMİ VARSA, YAZILI MÜRACİƏT ETSİN, HƏLL EDƏK»

Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov da başçının ünvanına səslənən tənqidləri qəbul etmir:

«Səhrad Əliyev Ağdama nə vaxt gəlibsə, başçı onu qəbul edib, dinləyib. Bu, əsasən sabiq başçının dövründə olub. Yeni başçı təyin olunduqdan sonra Səhrad Əliyev qəbula gəlməyib. Başçının qəbul günü həftənin ikinci günüdür və 125 nəfər vətəndaşı qəbul edib. Səhrad Əliyev nə vaxt gəlibsə həmişə mənimlə görüşüb. Bu, mümkün olmayan söhbətdir. Deyilən vaxtda Səhrad Əliyev mənim yanıma gəlməyib, əgər zəng etsəydi xəbərim olardı. İsmayıllıda köçkünlərin məskunlaşdığı qəsəbəyə Ağdam rayon rəhbərliyi tərəfindən həmişə diqqət olub, getmişik maraqlanmışıq. İndən belə də yenidən gedib problemlərlə maraqlanacağıq. Kimin əlavə problemi varsa, yazılı müraciət etsin, həll edək. Necə yəni itirib axtarmırlar?...».
XS
SM
MD
LG