Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:58
-

Torpağı şoranlaşıb, suyu çirklənib, meşəsi yalınlaşıb. Qapısı bağlı həyətləri ot basıb, qamışdan çəkilən, yulğundan dayaq verilən çəpərlər əyilib. Vaxtilə neft çıxan quyular quruyub, ərazidən sərvət daşıyan dəmir boruları pas atıb. Yolu o qədər bərbaddır ki, kənddən kənara çıxmaq sakinlərə çox böyük əziyyət bahasına başa gəlir - qışda palçıq dizə çıxır, yayda havaya toz dumanı qalxır…

Bura İmişlinin Ağamalılar kəndidir. Onu öz adıyla çox az adam tanıyır,

YERLİ ƏHALİ BU YAŞAYIŞ MƏNTƏQƏSİNƏ «CINDIRLI» DEYİR…

Kənd sakini Qəzənfər Əsədov «Cındırlı» ayamasının yaranmağına aydınlıq gətirir:

«1956-cı ildə Əlipənahlı kəndindən pambıq briqadiri olan Malik kişi öz ailəsi və qohumları ilə birgə bu kənddən 6 kilometr aralıda olan yerə köçüb, orada pambıq əkməyə başlayıblar. Adamlar özlərinə qamışdan ev tikiblər. Əlipənahlıdan bura gələn sürücülərdən soruşulanda ki, hara gedirsiniz, belə cavab veriblər: «cındır evlərə». 1962-ci ildə həmin yerdən bura köçənlərə «cındırlılar» dedilər. Kənd öz tarixi adını daşısa da, bu söz hələ də yaddan çıxmayıb».

OBA KÖÇÜB, YURDU QALIB

Ağamalılar tam orta məktəbinin direktoru Elyaz Paşayev deyir ki, kəndin müasir tarixi 1962-ci ildən hesablansa da, ərazidə ta qədimdən bəri məskunlaşma olub:

«Muradxanlı, ağamalılar, şahqulular, tanrıqulular, murtulu, bəyzada - bu siyahını uzatmaq da olar - tayfasından olanlar köçəri həyat yaşayıb. Onlar qışı burada keçirib, yayı dağlarda.

Ağamalılar kəndinin ərazisində 3 qəbiristanlıq var, onlarda 18-ci əsrdən əvvələ də aid edilən qəbir daşlarına rast gəlinir. Ata-babamdan eşitdiyimə görə, əsrin əvvəlində adamlar burada evi uca çardaq üzərində tikirmişlər ki, çay daşanda onu su yuyub aparmasın. Yaz aylarında çardaq altından su axıb, üstdə isə yaşayış olub».
Müsahibimin sözlərinə görə, 1943-cü ildəki güclü daşqından sonra əhali pərən-pərən düşüb, hərə bir tərəfə baş götürüb qaçıb. Buradan köçənlərin bir çoxu Zərdab, Beyləqan, Ağcabədi rayonlarında məskən salıb, onların çox az qismi sonra geri qayıdıb. 1962-ci ildə Kürün qarşısına kiçik bənd vurulandan sonra yenidən məskunlaşma başlayıb.

TORPAQ ÇİRKLƏNİB, QUYULARDAN «QAN» DAMIR

Ağamalılar İmişlinin ən ucqar yaşayış məntəqəsidir - kənd rayon mərkəzindən 52 kilometr uzaqda yerləşir. Bu məsafənin təqribən 30 kilometri İmişli-Kürdəmir avtomobil yolunun payına düşür. Qalan 22 kilometrlik yol hissəsini qət etmək bir saatdan artıq vaxt aparır. Onda da gərək quraqlıq ola. Maşınlar bəzən yoldan çıxıb əkin, otlaq sahələrinin içi, bəndlərin üstü ilə getməli olur. Yağıntılı günlərdə bəzi nəqliyyat vasitələri üçün bu yol keçilməz olur.

Kəndə gedən yol boyu maldarlıq təsərrüfatları, qamışdan, torpaq kərpicdən və mişar daşlarından tikilən evlər, mal-qaraların saxlanc yerləri gözə dəyir. Bələdçimiz deyir ki, ərazidən neft çıxarılan vaxtlarda bu yerlərdə qaynar həyat yaşanıb, indi suyu qurumuş dəyirmana bənzəyir.

1981-ci ildə neft quyularından birində baş verən fontan nəticəsində torpaq çirklənib. Muradxanlı İriləşdirilmiş Neft Mədəni gölməçələrdə yığılıb qalan, insan səhhəti, ətraf mühit üçün təhlükəli olan ağır fraksiyalı nefti kənara daşımaq əvəzinə, elə üstünü örtməklə məşğuldur. Bundan ötrü sahədə traktor saxlanılır. Amma gün vurduqca neftdən ayrılan maddələr köpüklənib torpağın üstünə çıxır. Ağzı bağlansa da, bəzi quyulardan hələ də necə deyərlər «qara qan» damır…

QAZ, TELEFON, TİBB MƏNTƏQƏSİ YOXDU, ƏHALİNİN YARISI KƏNDDƏN KƏNARDA YAŞAYIR

Ağamalı kənd sakinləri

Ağamalı kənd sakinləri

Kəndə təbii qaz hələ gəlib çıxmayıb, telefon xətti çəkilməyib, yerli əhalinin deməsinə görə, elektrik enerjisinin verilişində fasilələr olur. Soyuq qış aylarında evlər odun və təzəklə qızdırılır. Əhali Kürün çirkli suyundan istifadə edir. Deyirlər yaxşı həkimimiz var, amma tibb məntəqəsi olmadığından o, xəstələri evində qəbul edir.

Kənddə bekar adamların yığışıb domino oynadığı çayxana torpaq kərpicdən tikilib. Üzərində dövlət bayrağı dalğalanan yerli icra nümayəndəliyinin inzibati binası da köhnəlib.

«HARAYIMIZ HEÇ YANA ÇATMIR»

2010-cu ildə baş verən sel və daşqından sonra da bir neçə ailə kəndi tərk edib. Təbii fəlakət nəticəsində evi yararsız vəziyyətə düşən 9 ailəyə dövlət hesabına yeni ev tikilib. Amma sakinlər deyir ki, evlərin çoxu qəzalı vəziyyətdədir.

Küçədə peyin yığan Tofiq Əhmədov xahiş etdi ki, gedib onun evinə baxaq. Kişi çat verən tikiliyə ağaclardan dayaq verdiyini göstərərək dedi: «Dörd nəfərdən ibarət ailəm bu şəraitdə yaşayır. Bərk külək əsəndə qorxumuzdan bayıra çıxırıq ki, ev başımıza uça bilər. Bizdən heç kəsin xəbəri yoxdur, harayımız heç yana çatmır».

82 yaşlı Şəkurə Əhmədovanın gözü yoldadır: «İcra başçısı kəndə camaatla görüşə gələndə dəvət etdim, gəlib mənim evimə baxdı. Söz verdi ki, sənə ev tikilməsində kömək edəcəm. İndi onun yolunu gözləyirəm. Yağış yağanda evin içərisinə ləyən düzürəm».

ƏHALİNİN YARISI KƏNDDƏ YAŞAMIR
Ağamalılar kəndində 80 təsərrüfat subyekti olmaqla ümumilikdə 541 nəfər adam qeydiyyatdadır. Kənd sakini Behbud Əhmədov deyir ki, əhalinin yarısı faktiki olaraq kənddən kənarda yaşayır:

«Gənclərin 90 faizi Bakıya, Sumqayıta, hətta Rusiyaya gedib. Elə düşünməyin ki, getdiyi yerlərdə onlar kef çəkir, çörək qazanmaqdan ötrü daş qaldırır, beton qarışdırır, səhərdən-axşamadək bazarda ayaq üstə dayanırlar. Ailələri onların göndərdiyi pulla dolanır. Burada qalanlar uşaqlar, yaşlılar, əlsiz-ayaqsızlardı».

«BURA YİYƏSİZ YERDİ»

Kənd sakini Eyvaz Hümbətov qardaşının tikililəri dağılan, həyətini ot basan ev təsərrüfatını göstərir:

«Dolanışıq çətin idi deyə rayon mərkəzinə gediblər. Qalıb burada neyləyəcəkdilər ki?».

Eyvaz onun-bunun qapısında işləməklə gündəlik çörək pulu qazandığını deyir:
«Bu qazancla 4 uşağın qarnını birtəhər doydura bilirəm, amma üst-başını düzəltmək olmur. Təzə paltar və ayaqqabıları olmadığından böyük uşaqlar dərsə getmir. Qızımın biri epilepsiyaya meyllidir, imkansızlığa görə onu müalicə etdirə bilmirik. İki il əvvələdək ünvanlı sosial yardım alırdıq. Onu da süründürməçiliyə salıb vermirlər».

Lalə İsmayılova kənddə iş olmamağından gileylənir: «Ali təhsilli oğlum qalıb ortalıqda, bekarçılığa görə qoyunun dalınca düşüb. Qırmızı diplomlu gəlinimə iş tapa bilmirəm. 6 nəfərlik ailə mənim 140 manatlıq pensiyama baxır».

Tamam Məmmədova narazılığını bir qədər kəskin formada bildirir: «Bura İmişli ilə Zərdab arasında yiyəsiz qalan bir yerdir, hökumətin bizdən xəbəri yoxdu».

QOBUNUN ŞƏRBƏT DADI QAÇIB

Kəndin yaxınlığındakı «Şərbətqobu» həm maldarlar, həm də balıq və quş ovu edənlər üçün həmişə cəlbedici olub. Özünü Murad xanın nəslindən hesab edən Səttar Hüseynov deyir ki, qobu olmasaydı, Kürqırağı kəndlər əziyyət çəkərdi:
«Əvvəl bu yerdən kanal çəkilib. Kanal qışda axırdı, yayda suyu quruyurdu. Elat dağa gedəndə, ya ordan qayıdanda, buradan su götürüb novlara tökərdilər ki, heyvanlar içsin. Sonradan kanala çox buraxıldığından ətraf ərazilər də su altında qaldı, qamış qalxdı. O qədər balıq olurdu ki, qobu tutmurdu. Kolxoz pambıq əkən vaxtlarda dərman səpildi və balıqlar kütləvi olaraq qırıldı. İndi qobuya şor su da buraxılır. Su çox olanda buradan ətrafa zinə vurur. Nəticədə torpaq münbitliyini itirir, ağaclar quruyur».
Səttar kişi Səməd Vurğunun bu yerlərdə ovda olmağından, 5-6 dəfə onların evində qonaq qalmağından da danışdı: «Mərhum qardaşımla birgə çəkdirdiyi şəkil hazırda onun ev muzeyində saxlanılır».

Bir tərəfində «Şərbətqobu», o biri tərəfində isə Kür çayı olduğundan Ağamalılar kəndinin ərazisində çoxsaylı gölməçələr var. Kənd sakini Hüseyn Hüseynov hesab edir ki, qrunt sularının kənara çıxışını təmin edən meliorasiya kanalı çəkilsə, torpağı əvvəlki vəziyyətinə qaytarmaq olar.

SAKİNLƏRİN HÖKUMƏTDƏN BƏRƏ UMACAĞI

İmişli şəhəri uzaq olduğundan ağamalılara elektrik xətti Zərdabdan çəkilib. Bu ucqar yaşayış məntəqəsini Zərdab rayonunun kəndlərindən Kür çayı ayırır. Çay üzərində körpü olmadığından adamlar Kürü qayıqla keçməli olur.

Kənd sakini Bəxtiyar Məmmədov deyir ki, küləkli havada bu, təhlükəlidir:

«Qayıq aşa bilər. Çayda nə qədər batanlar olub, bəzilərinin heç meyiti də tapılmayıb. Xəstələri, ahılları qayığa mindirmək olmur. Vaxtilə Ağabağı kəndindən mərhum Mətləb Qəhrəmanov öz hesabına bərə gətirmişdi. Köhnə olsa da, ondan 3 il istifadə olundu. 4 maşını bir dəfəyə keçirirdi. Təzə bərə olsa, 15-20 il işləyər, camaat da rahat olar. Hökumət körpü tikə bilmirsə, heç olmasa əhalini bərə ilə təmin etsin».

NİŞAN MƏRASİMİ

Kəndi çal-çağır bürümüşdü. Öyrəndik ki, Qalib Baxışovun həyətində mağar qurulub, qızı Leylanın nişan mərasimi keçirilir. Maraq güc gəldi, bu həyətə də ayaq basdıq. Muradxanlı və Ağamalılar kəndlərindən olan iki ailə qohum olurdu. Müğənni oxuyurdu: «Nə gözəldir, nə qəşəngdir kəndimiz...».

Şərhləri göstər

XS
SM
MD
LG