Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:26

Gülər Əhmədova: “Günahsızlığıma hər kəs inanırdı, mən də inanırdım”


Gülər Əhmədova
Gülər Əhmədova
-
Mayın 6-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

Bunu ANS kanalına müsahibəsində keçmiş deputat, şərti azadlığa buraxılmış Gülər Əhmədova deyib: “Açığı qərarı gözləyirdim. Çünki günahsızlığıma hər kəs inanırdı, mən də inanırdım. Bu qərarın qəbul olunmasında, qərarın ərsəyə gəlib çatmasında əməyi olan hər kəsə çox böyük təşəkkürümü bildirirəm. Mənim üçün əsas olan şey Azərbaycan dövlətçiliyi, Azərbaycanın müstəqilliyidir. Ən vacib şey budur. Biz fərd olaraq nəyisə həyatda qazana da bilərik, itirə də bilərik. Əsas budur ki, Azərbaycan qazansın”.

İLİN SENSASİYASI – GÜLƏR ƏHMƏDOVA AZADLIQDA!

“Yeni Müsavat” qəzeti manşetinə bu başlığı seçib. Qəzetin əməkdaşı məhkəmədən sonra Gülər Əhmədovanın evində olub. Qəzet yazır ki, “Gülər Əhmədovanın həyat yoldaşı və özü geniş müsahibə vermək istəmirdi. Ailə yaxınları bildirdilər ki, onlar hətta yaxın qohum və tanışları qəbul etməyiblər. “Hələ böyük oğlu ilə danışa bilməyib”. Bunu da əməkdaşımıza G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov bildirdi.

Evində isə G.Əhmədovanın yaxın qohumları var idi. Ailə üçün sürpriz olan bu sonluq məhkəmə salonundakı reaksiyalarından (göz yaşları içində sevinmələrindən) hiss olunurdu. Sabiq deputatın özü də bu qərara olduqca təəccüblənmişdi. G.Əhmədova evinə gələn bir neçə jurnalistə bildirdi ki, bu gün heç nə danışmaq istəmir. Sabiq deputat sadəcə onu dəstəkləyən hər kəsə təşəkkür etdiyini dedi: “Məni müdafiə edən, mənimlə maraqlanan hamıya çox sağ ol deyirəm”.

Əməkdaşımızın “bu qərar sizin üçün gözlənilməz oldumu” sualına cavabda G.Əhmədova sualla cavab verdi: “Sizin üçün gözlənilməz oldu?”

İLHAM ƏLİYEV TBİLİSİDƏ ATASININ ABİDƏSİNİ ZİYARƏT EDİB

Trend agentliyinin məlumatına görə, Heydər Əliyevin adını daşıyan parkın açılışı 2004-cü il iyun ayının 14-də Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə baş tutub. Parkın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılıb. Parkda ilk ağacı İlham Əliyev əkib.

2007-ci ildə aparılmış təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi xüsusi zövqlə bəzədilib, çoxsaylı ağaclar və dekorativ bitkilər əkilib, oturacaqlar qoyulub.

“QANLI ƏLLƏRİ SIXMAQ OLMAZ”

Leyla Yunus
Leyla Yunus
“Azadlıq” qəzeti Sülh və Demokratiya İnstitunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusla müsahibəni bu başlıq altında dərc edib. Leyla Yunus deyib ki, Fransa prezidenti Fransua Hollande ilə görüşündə ona deyəcək ki, “qanlı əlləri sıxmaq olmaz”.

Leyla Yunus bu gün baş verənlər haqqında deyib ki, “mən uzun müddətdir hüquq müdafiəçisiyəm, amma indiki kimi özbaşınalıq olmayıb. Bu günlər ərzində dörd qadını çağırıblar. Onlardan biri Mətanət Əzizovadır. O, mənim ofisimdə yerləşən Qadın Krizis Mərkəzinin rəhbəri olduğu üçün mənimlə sıx əlaqəsi var. “Transperancy-Azerbaijan”ın rəhbəri Rəna Səfərəliyevanı çağırıblar ki, mən onunla 5 ildir görüşmürdüm. Düşünürəm ki, hakimiyyət bu yolla korrupsiyaya qarşı mübarizə aparan bu qurumun rəhbərinin daha loyal insanla əvəzlənməsinə nail olmağa çalışır.

Sonra onun mühasibini və bir neçə il əvvəl özümü pis hiss etdiyim zaman mənə kömək edən həkimi çağırıblar”.

LEYLA YUNUS CİDDİ-CƏHDLƏ ÇALIŞIRDI Kİ, ONA QARŞI TƏXRİBAT OLSUN

YAP icra katibinin müavini Siyavuş Novruzov hüquq müdafiəçisi Leyla Yunus haqqında danışıb.

Bu haqda “Yeni Azərbaycan” qəzeti yazır. Siyavuş Novruzov deyib ki, “sən özünə hüquq müdafiəçisi deyirsən, amma özün dövlət nümayəndəsinin hüquqlarını pozaraq onu təhqir edirsən. Hesab edirəm ki, hüquq-mühafizə orqanları və həmin təhqirə məruz qalmış polis işçisi bununla bağlı məhkəməyə müraciət etməlidir. Çünki həmin polis işçisi vəzifə borcunu yerinə yetirdiyi anda Leyla Yunus tərəfindən təhqir olunub. Bu, çox ciddi məsələdir. Hətta Amerika Birləşmiş Ştatlarının vətəndaşının qolundan tutanda belə həmin insan səni məhkəməyə verə bilər. ABŞ-da polisə əl hərəkəti edilsə, güllələnmək an məsələsidir. Leyla Yunus ciddi-cəhdlə çalışırdı ki, buna qarşı hər hansı bir təxribat olsun”.

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ ƏLİ İNSANOVUN ŞİKAYƏTİNƏ BAXIB
Əli İnsanov
Əli İnsanov
Avropa Şurasının Nazirlər Komitəsi sabiq səhiyyə naziri Əli İnsanovun şikayətinə baxıb və Azərbaycan hökumətindən izahat tələb edib. Eyni zamanda Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə Nazirlər Komitəsinin iyunun 3-5-də keçiriləcək iclasında Azərbaycanın məsələsini müzakirəyə çıxarmaq qərara alınıb. İclasda İnsanovun işi yenidən müzakirəyə qoyulacaq. Sabiq nazirlə bağlı qərar icra olunmadığına görə Azərbaycanın cəzalandırılacağı gözlənilir.
Bu barədə vəkil Toğrul Babayev “Turan”a bildirib.

AZƏRBAYCANLILAR KRIMA HARADAN GETMƏLİDİR?

Azərbaycan vətəndaşları Krıma gedərkən səfər marşrutu kimi Ukrayna, yoxsa Rusiya ərazisini seçməlidir? Azərbaycan hökumətinin ölkə vətəndaşlarına bu yöndə tövsiyəsi varmı?

“Mediaforum” saytı yazır ki, Xarici İşlər Nazirliyi bu sualı cavablandırmaqdan imtina edib.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına deyib ki, Azərbaycanın Ukrayna haqda mövqeyi məlumdur: “Xarici İşlər Nazirliyi xüsusi bəyanatla çıxış edib və orada qeyd olunub ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır. Eyni zamanda BMT Baş Assambleyasında, AŞPA-da Ukraynanın ərazi bütövlüyünə səs vermişik. Azərbaycan üçün ərazi bütövlüyü prinsipial məsələdir və həmişə də belə olacaq”.

AZƏRBAYCAN MƏDƏ XƏRÇƏNGİNƏ GÖRƏ DÜNYADA 19-CU YERİ TUTUR

“Bizim Yol” qəzeti yazır ki, Onkoloji Mərkəzə ayrılan vəsaitlər ilbəil artdığı kimi, onkoloji xəstələrin də sayı ildən-ilə artır. Qəzet yazır ki, “baxmayaraq ki, 2007-ci ildən bu yana Azərbaycanda onkoloji sahəyə kifayət qədər vəsait ayrılır, Ümumdünya Səhiyyə Təşkilatının 2008-ci il araşdırmasına görə, Azərbaycanda hər il 450-dən çox qadına servical (uşaqlıq boynu) xərçəngi diaqnozu qoyulur. Bu xəstələrin 230-dan çoxu ölür. Bu göstəriciyə görə Azərbaycan Qərbi Asiya regionunda Ermənistandan sonra (2-ci) gəlir. Azərbaycan mədə xərçənginə görə dünyada 19-cu yeri tutur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG