Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:54

Rüşvət əvəzinə gözünü verdiyini deyən əlil Almaniyada müalicə olunmaq istəyir...


Vahid Piriyev

Vahid Piriyev

-
İsmayıllı İcra Hakimiyyətinin işçisinin şəxsi həyətində işləyərkən bir gözünü itirən Yuxarıbaş kənd sakini Vahid Piriyev AzadliqRadiosuna müsahibəsindən sonra prokurorluğa çağırıldığını deyir. O, indi az da olsa sevinir ki, şikayəti ilə maraqlanırlar. Xatırladaq ki, Vahid Piriyev deyirdi ki, ondan övladlığa götürdüyü körpəni adına rəsmiləşdirmək üçün rüşvət istəyiblər, ancaq onun buna imkanı çatmayıb. Bu hadisənin ardınca rüşvət verə bilmədiyindən icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyən Valeh Hüseynovun həyətində işləmək təklifini qəbul edib. Həyətdə iş görən zaman mismar gözünə dəyib, nəticədə görmə qabiliyyətini itirib.

Şöbə müdiri Valeh Hüseynov isə AzadlıqRadiosuna müsahibəsində Vahid Piriyevdən rüşvət istəmələri barədə deyilənləri qəti şəkildə rəd etmişdi. Üstəlik Vahid Piriyevin onun həyətində işləyərkən bir gözünü itirməsini təsdiq edərək, bunda heç bir məsuliyyət daşımadığını bildirmişdi. Şöbə müdiri Vahid Piriyevə bir neçə dəfə maddi yardım göstərdiyini də demişdi.
Vahid Piriyevin ailəsi

Vahid Piriyevin ailəsi

Vahid Piriyev indi də ona Almaniyada müalicə olunmağa maneçilik törədildiyini bildirir. Bu işdə də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərini günahlandırır. Biz yenidən Vahid Piriyevin yaşadığı ünvanda olduq. O, çox acınacaqlı vəziyyətdə yaşayır. Başqasının köməyi olmadan hərəkət edə bilmir. Hazırda anası, həyat yoldaşı və övladlığa götürdüyü azyaşlı ilə birlikdə yaşayır. Vahid Piriyev:

«MƏN DEMİRƏM Kİ, KİMSƏ HƏBS OLUNSUN...»

«Mən demirəm ki, kimsə həbs olunsun. Mən istəyirəm ki, rəsmi qurumlar işimə biganə qalmasınlar. Keçmişdə nə olub onları qoyaq qırağa. Mən Valeh müəllimdən də, rayonun digər rəhbərlərindən də bir daha xahiş edirəm ki, mənə kömək etsinlər. Hazırda rayon məhkəməsində iddiam üzrə məhkəmə prosesi gedir. Vaxtı ilə mənə hərbi xidmətə çağırış vərəqəsi gələndə çox sevindim. Vətənə layiqincə xidmət etdim ki, dar gündə vətən köməyimə çatar. Ancaq təəssüf ki, hələ bunun qarşılığını görmürəm».

«HƏKİMLƏR MƏNİ ALDADIR»

Vahid Piriyev deyir ki, Milli Oftalmologiya Mərkəzində yoxlamadan keçib:
«Müəyyən analiz, şəkil və başqa lazımı şeyləri götürüb Almaniyaya göndərdilər və dedilər ki, Almaniyadan müsbət cavab gəlsə, səni dövlət hesabına müalicəyə göndərəcəyik. Təxminən 3 həftədən sonra mənə Bakıdan həkim zəng edib dedi ki, Almaniyadan cavab gəlib, sənin gözünə heç bir çarə yoxdur. Ancaq mən bir neçə dəfə özəl klinikalarda müayinə edilmişəm. Orada mənə dedilər ki, sən Almaniyaya, Türkiyəyə getsən, gözün görəcək. Milli Oftalmologiya Mərkəzində həkimlər qəsdən mənim Almaniyaya gedən sənədlərimə 0 faiz yazıblar ki, ordan mənfi cavab gəlsin. Mən hələ də ümidlə yaşayıram ki, nə zamansa gözüm görəcək. Mən də çox istəyirəm ki, övladlığa götürdüyüm bu uşağı gözlərim görsün, onun necə böyüdüyünü, şıltaqlığını görüm. Beynəlxalq Bankda hesab da açdırmışam:

Hesab nömrəsi. İBAN AZ31İ BAZ 33801019445222712332
Azərbaycan Beynəlxalq bankı İsmayıllı şöbəsi.
Bankın SWİFT kodu İBAZAZ2x
Bankın müxbir hesabı. AZO3NABZO1350100000000002944
Bankın kodu. 805799
Bankın vöeni 9900001881»

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, tibb elmlər namizədi oftalmoloq cərrah Aytən Sultanova isə Vahid Piriyevin dediklərini təkzib edir:

«ƏGƏR 1 FAİZ GÜMAN OLSAYDI, BİZ ONA KÖMƏK EDƏRDİK»

«Biz onu ətraflı yoxlamışıq. Mən nəticə barədə Vahid Piriyevlə ətraflı danışmışam və biz bütün nəticələri Almaniyaya göndərdik. Ordan cavab gəldi. Mən onlara başa saldım ki, əgər Almaniyadan gələn cavabda 1 faiz belə gözün görəcəyi ehtimalı olsaydı mütləq müvafiq qurumlar onu müalicəyə göndərərdilər. Əvvəla özünüz bilirsiniz ki, ölkəmizdə oftalmologiya nə dərəcədə inkişaf edib. Elə bir əməliyyat yoxdur ki, bizim mərkəzdə icra olunmasın. Əgər Vahid üçün mümkün nəsə olsaydı biz onun üçün mütləq qaydada edərdik. Ancaq artıq gecdir, əlbəttə ki, biz çox üzgünük, heç nə edə bilmirik. Hətta mən Alman həkimlərinin bizə göndərdiyi cavabı Vahidin özünə göndərdim ki, birdən ürəyinə başqa fikir gələr. Biz də insanıq, azərbaycanlıyıq, vicdanımız ağrıyır. Əgər 1 faiz güman olsaydı biz ona kömək edərdik. Dünyanın harasına getsə, mümkün deyil. Allah özü kömək olsun».

Şərhləri göstər

XS
SM
MD
LG