Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:44

Şəmkir sakini: "Oğlumu şərləyərək həbs ediblər"


Arxiv fotosu
Arxiv fotosu
-
Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Şəmkir rayonundan olan Vələddin Hüseynov deyir. O, 21 yaşlı oğlu Sərvər Hüseynovun şərlənərək həbs edildiyini bildirir:

“Sərvər qayınatasının çobanı idi, qoyunlarını otarırdı. Qayınatası da zəhməthaqqı olaraq ona hər ay bir qoyun bağışlayacağını vəd etmişdi. Keçən ilin dekabrında xəbər çıxdı ki, qayınatasının evinə giriblər, seyfindən 20 min manat oğurlayıblar. Həmin vaxt 5-6 nəfəri, o cümlədən mənim oğlumu da polisə aparıb saxladılar. Cinayətin bu adamlarla əlaqəli olmadığını araşdırıb hamısını buraxdılar. Bu il aprelin 21-də qəflətən evə gələn polislər oğlumu yenə özləri ilə apardılar”.

"SAVADSIZLIĞINDAN İSTİFADƏ EDİB SƏNƏDLƏRƏ QOL ÇƏKDİRİBLƏR"

Atanın sözlərinə görə, Sərvərə 7 sutkalıq həbs verilib. Aprelin 29-da həbs müddəti bitsə də, Sərvəri buraxmayıblar:

“Polisdən dedilər ki, barəsində oğurluqla bağlı cinayət işi başlanıb. Mən oğlumun həbsini əsassız hesab edirəm. Biz polis şöbəsində saxlanılan oğlumla görüşmək üçün şöbəyə getdiyimiz vaxt oğlumu qoluqandallı evinə aparıblar. Evdə təkcə həyat yoldaşı olub. Evdə axtarış keçiriblər, pərdə asılqanının üstündən guya 1500 manat aşkar etmələri ilə bağlı ptorokol yazıblar. Oğluma çoxlu işgəncə verildiyindən qol çəkməyə halı olmayıb. Ona görə də gəlinin savadsızlığından istifadə edib ona imza atdırıblar”.

"HARAYIMIZA SƏS VERƏN YOXDUR"

Vələddin Hüseynov oğurluq cinayətinin oğlunun üzərinə işgəncə yolu ilə qoyulduğunu deyir:

“Prokurorluğa da, başqa qurumlara da yazmışıq. Ancaq harayımıza səs verən yoxdur”.

Şəmkir rayon polis şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, Sərvər Hüseynov oğurluqda şübhəli bilinərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Polisdən istintaq davam etdiyi üçün əlavə məlumat verilməyib.

Sərvərin valideynləri YAP sıralarını tərk etdiklərini bildirirlər. Övladları həbsdən buraxılmazsa, bununla kifayətlənməyib ölkəni də tərk edəcəklərini deyirlər.
XS
SM
MD
LG