Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

Yeganə Kərimzadədən yeni tarixi roman - "Şah"

-

Həmin anda ürəyindən keçən sözü dilinə gətirmək istəsə də ağzındakı laxta qan dolu boşluq onu boğmağa başladı. Birtəhər yerdən durub, ağzındakını səhər İsanın kolgəsi oynayan yerə qusdu...


Yeganə Kərimzadə


“ŞAH”


(Romandan parça)


Vatikan. 1494-cü il

Yay Günəşi şəbəkəli Venesiya şüşəsindən süzülərək rəngli zolaqlar şəklində kilsənin yaşayış hissəsindəki katib otağının döşəməsinə şəkillər çəkməkdəydi.

Zəhmli kitab rəfləri ilə dolu olan bu otağa yeganə sevinc gətirən bir mənzərə vardısa o da döşəməyə “cızılan” bu rəngarəng şüalar idi.

Bir azdan Günəş qüruba gedəcək və otaq öz qara donunu geyəcəkdi. Bir parça şüa bu anlarda özünü Tanrıya qurban vermiş gənc katibi sevindirirdi.

O, bir an da olsa gözünü bu zolaqlardan çəkə bilmirdi. Halbuki onun yaşıdları hardasa çay sahilində, öz sevgililəri ilə əl-ələ tutub gəzirdilər.

Katib, xəyallarında gülümsədiyi an, gözü birdən-birə işığa qarışıb kölgəsi yerə düşən “çarmıxdakı İsa”-ya sataşanda duruxdu.

Tez ayağa durub, balaca heykəlin yerini dəyişdi, yerə baxdı balaca heykəlin kölgəsi olduğundan da çox böyük görünürdü. Katib diz üstə çöküb, Tanrıya yalvardı ki, -”kaş kimsə girib, bu mənzərəni görməsin”.

Gözlərindən yaş axan zaman, yaşlı rahiblərdən biri otağa daxil oldu. Katibi gözüyaşlı görən rahib, bunun mənasını soruşanda cavab onu ürəyində qəhqəhə çəkməyə vadar eləsə də, hərəkətləri bunun əksiydi; o, katibə yanaşıb, başına sığal çəkdi:

– Ağlama mənim balam, sən əsl Allah adamısan, bu nə vaxtsa qiymətləndiriləcək. Amin!

– Amin!

– Gəl, gəl mənim balam, ciddi məktub yazmalıyıq. Dilini bağlamalı, heç kimə bir kəlmə belə deməməlisən, sonunda ölüm olsa belə...

Katib daxilindəki “məşum kədəriylə” masa arxasına keçərkən özü də hiss etmədən kölgəsi yerə düşən “heykəli” ayaqlayıb keçdi.

Yaşlı rahib bunu görüb, dodaqucu gülümsədi, lakin katibə bir söz belə demədi. Katib lələyi mürəkkəbə batırıb, yaşlı rahibin diktəsini gözləyirdi. O, bu rahibin qaranlıq otaqdakı zəhmli, eyni zamanda xırıltılı səsini çox sevirdi. Həmin an gəldi, xırıltılı səs az qala pıçıltıyla diktə etməyə başladı:

“ – Sultan Əlinin qızılbaşları Ərdəbil yaxınlığında Şəmasidə darmadağın edildikdən sonra Şeyx Heydərin oğulları İsmayılla İbrahimi gizlətdiyinizi bilirik. Çalışın ki, onlar ən yaxşı alimlərdən dərs alsınlar. Hərb dərsləri də onun kimı. Qılıncı onlara sevdirin. Əsas diqqətinizi İsmayılın üzərinə cəmləyin və unutmayın ki, Sultan Əli[1] hələ ölməmişdən onu – İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edib! Yerlərini tez-tez dəyişin, onların tərbiyəsi ilə məşğul olan şəxslər dəyişdikcə əvvəlkiləri öldürün. Çalışın ki, hər kəs onları üzdən tanımasın. Zamanı gəldikdə şiə təriqətinin təbliğinə başlayın. Hadisələrin axarı bundan asılı olacaq...
Qızılbaş müridlərini yavaş-yavaş təlimatlandırın...”

Katib işini bitirib rahibə baxdı, gülümsədi, hiss olunurdu ki, o nəsə demək istəyir. Yaşlı rahib onu süzdü: – Buyur mənim balam, deyəsən sözün var.

Katib sıxılsa da soruşdu: – İsmayıl kimdir?

Yaşlı rahibin üzündən kölgələr keçdi: – Sən, sən məktubların məzmununu əzbərləyirsən?!

Katib özünü rahibin ayaqları altına atdı, yalvarış dolu gözləriylə ona baxdı:

– Yox, yox! Bağışlayın! Bu mənim səhvim idi, bağışlayın!

Katibin səsinə qapıdakı keşikçilər belə gəldi. Yaşlı rahib halını pozmadan onlara əmr verdi:

– Dilini kəsin! Öldürməyin! Yalnız dilini!..

Katib qışqırıb, fəryad etdikdə yaşlı rahib onun qulağına sarı əyildi və özünün məşhur xırıltılı səsi ilə pıçıldadı: – İsa xatirinə mənim balam, İsa xatirinə. Rahib özünü düzəldib, yazılmış məktubu möhürlədikdən sonra katib otağını tərk etdi. Katib yerdəki kölgələrin üstündə oturub, gözüyaşlı onun ardıycan baxırdı.

Katib nə vaxtsa Vatikandakı rahibələrdən birinin bic doğduğu oğlu idi. O, anasının razılığı olmadan təəbəliyə verilmişdi. Gözünü boz rəngli xəyallar aləmində açan uşağın adını ilk dəfə qulağına, məhz bu yaşlı rahib pıçıldamışdı:

- Roberto...

O, Robertonun tərbiyəçisi, mənəvi atası həm də məşuquydu. Oğlan boyüdükcə ona elə gəlirdi ki, həyat elə belə olmalıdı. Gecə-gündüz tövbələr, dini mərasimlər, sonra yaşlı rahibin otağında qulağına xırıltılı səslə pıçıldanan anlaşılmaz sözlərlə birgə onun sığalları, ağrılarla dolu eşq səhnələri. Roberto hər görüşdən sonra özünü öldürmək istəsə də bunu bacarmamışdı, çünki İsa intiharı sevmir. İsa özünü fəda edənləri sevir. O da özünü, gəncliyini yalnız səsini sevdiyi yaşlı rahibə fəda edirdi, amma bunu istəmədən zorla.

Artıq o bilirdi ki, həyatda qadın və kişi var, eşq var, sevmək var bir də ilahi eşq var ki, o da Tanrıya məxsusdu. Yaşlı rahib, onun bütün sevgi yollarını bağlayıb, özünə qarşı bağlılıq bir də Allah və İsa qarşısında gəncin qəlbində xof yarada bilmişdi. Roberto özü də anlaya bilmirdi ki, onun daxilində vahimə çoxdu, yoxsa Allah sevgisi.(?)

Cəllad rahibin dediyini həyata keçirərkən belə o, bu ağrıları hiss etmirdi. Ağzı qan içində bihuş vəziyyətdə yerdə uzandığı vaxt artıq Günəş qüruba gedir, kölgələr isə yerdən qalxıb, divarda ozünə yer eyləyirdi.

Katibin huşu özünə dönür, ilk gözünə dəyən isə İsanın divara düşən kölgəsiydi.

Həmin anda ürəyindən keçən sözü dilinə gətirmək istəsə də ağzındakı laxta qan dolu boşluq onu boğmağa başladı. Birtəhər yerdən durub, ağzındakını səhər İsanın kolgəsi oynayan yerə qusdu, xeyli öskürdü sonra hardansa bir parça əski tapıb, ağzına tıxadı. Yenə də halsızlaşıb yerə çökdü, xaç çəkdi. Divardakı kölgəyə baxıb düşündü ki, “sənə görə, sənə görə“.

Gözlərindən axan yaş balaca saqqalından üzü aşağı axanda, “kölgənin” səmtinin ona tərəf yox, yana döndüyünü gördü. Həmin anlarda çapar, artıq Vatikanı arxada qoymuşdu. Məktub mənzilinə vaxtında yetişməliydi...

[1] Sultan Əli – Şeyx Heydərin böyük oğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG