Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:47

Əcəllə sevişmək


Sara Selcan
Sara Selcan
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Sara Selcan


Əcəllə sevişmək

Kişi gözlərindən qocalır, adam,
Qadın əllərindən qocalır ancaq.
Tabuta qoymamış yaxşı baxarsan,
Ovuclarımda ümidim olacaq.

...Oddan yaranmış mələkdi deyib
Sən şeytanın sinəsinə baş qoydun,
Küləyə, yağışa kimə tapşırıb
Qadının sinəsini boş qoydun...

Əvvəl isidirdi, indi yandırır,
Yanmaq ki həmişə yaşamaq deyil,
Kədərdi Alnımı buza döndərib
Onu tanımaq da daşımaq deyil.

Səndən nə gizlədim xəyanətimi
Bilirəm edəssən qisas döyüşü...
Əcəllə sevişmək başqa olurmuş
Soyuq öpüşdü ölümün öpüşü

Kişi gözlərindən qocalır, adam,
Qadın əllərindən qocalır ancaq.
Tabuta qoymamış yaxşı baxarsan,
Ovuclarımda ümidim olacaq.


***


Saatlar
bizə
necə tükəndiyimizi göstərmək üçündür.
Vaxtı döyəcləyən dəyənəkdir
əqrəblər....
Uzun-uzun saatlardan sonra
Bilir insan
Görə bilmədiyi oyuqlarda
gizlənibmiş
Əsl həyat...
Həyatın rəngləri
Bəzən o qədər tünd olur ki
Çirkləndirir ömrü
Hətta az yaşda da...
Sözlə sevişməyə qurban etdim
Bir ömrü,
Kədər damlasındakı qəm boyat!
Dilimin ucundakı sözü
Dilə gətirib cəzasını çəkməyimin
Susqunluğunda boğuldum
Həmişə...
İçimin çırpıntısını
Gizlinlərdə saxlamadım
Üsyan etdim ən qorxulu adama da.
Işığına inandığım gözlər
Batırdı məni zülmətə.
Mənim xəyallarım
Bunu xəyal etməyənlərin
həyatında gerçəkləşdi...
Anladım ki
həyatının gətirməsi
həyatı ciddiyə almayanlarda
mümkün imiş..
Saat-saat tükənirik,
Vaxtı döyəcləyir
əqrəblər.
Ən yaxşı çarədir bəzən
Ömrün kəndarında
Gülümsəyərək
Dostcasına əl uzadan
çarəsiz ölümlər...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG