Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32
-

Gəncədə 26 min abonentə ümumilikdə 1 milyon 674 min manat borc yazılıb.

Elə Gəncə sakini Sədaqət Əliyeva da qəfildən onun sayğacına 246 manat borc yazılmasının səbəbini aydınlaşdırmaq üçün qaz istismarı idarəsinə gəlib.

Sədaqət Əliyeva:

«MƏN MÜƏLLİMƏ ADAMAM, HARADAN ALIM ÖDƏYİM?»

«240 manat mənə borc yazıblar. Mən evi alandan orda sayğac olub. Sayğacla da ödəmişik. Bir dəfə sayğacı dəyişəndə 70 manat, bir dəfə də 80 manat ödəmişəm. Mənim borcum olsaydı sayğac qoymazdılar. Borcu ödədik qoydular. Bu haradan oldu? Mən müəllimə adamam, haradan alım ödəyim?».
Sədaqət Əliyeva

Sədaqət Əliyeva

Gəncə şəhər Qaz İstismarı İdarəsinin qarşısına onlarla abonent toplaşıb. Hər kəs iddia edir ki, son illərdə əvvəlki sayğaclar ARDNŞ-ə məxsus «İTRON» tipli sayğacla əvəzlənən zaman bütün borcları ödəyiblər. Təbriz küçəsinin sakini Rəhilə Əsədova deyir ki, sayğacın kartları dəyişilən vaxt borcunu bir neçə gün gecikdirdiyi üçün qazsız qalıb:

«426 manat borc yazılıb. Mexaniki sayğacı çıxarandan sonra dedilər borcunuzu ödəyin, «Smart» sayğac qoyaq. İndi də deyir 426 manat ver, haradan alım verim, təqaüdçü adamam. Kompüterə salıram kart işləmir».

Gəncədə 2006-cı ildən başlayaraq evlərə mexaniki sayğaclar quraşdırılıb. Lakin 2009-cu ildən sayğaclar Azəriqaz və «Gulf Industry» şirkəti ilə olan müqaviləyə əsasən yeni «Smart» - yəni ağıllı sayğaclarla əvəzlənib. Həmin vaxtlar da sakinlərin demələrinə görə, seviniblər ki, artıq nə məmurların çeksiz qaz ödənişi, nə də mexaniki sayğaclarda olan geriyazma kimi problemlərlə üzləşəcəklər. Şikayətçilər iddia edirlər ki, «Smart» sayğaclar quraşdırılanda bütün köhnə borclardan azad olublar. Əlavə edirlər ki, bu yazılan borclar real deyil və sakinlərin cibini soymaq məqsədi daşıyır.

«MİLLƏTİN BAŞINA OYUN AÇIRLAR»
Şahin Hüseynov

Şahin Hüseynov


Şahin Hüseynov:

«Neçə dəfələrlə demişəm ki, sayğac buraxır. Dedilər ki, sayğac minusa gedir. Gəldim onu da məlumat verdim. Hər dəfə pensiya alanda ödəyirdim. Sayğacı dəyişəndə dedilər ki, 63 manat borc var, gələk dəyişək. İndi də deyirlər 63 yox 163 manatdır. Bu 100 manat haradan çıxıb bilmirəm. Ciblərinə alırlar, neyləyirlər? Kartı da vermirlər ki, pul yükləyək. Millətin başına oyun açırlar».

Başqa bir Gəncə sakini Sevda Məmmədovaya isə nə az nə çox düz 500 manat borc yazılıb. Orta məktəblərin birində müəllim işləyən Sevda Məmmədova deyir ki, əgər borcum var idisə niyə bundan mənim 5 il sonra xəbərim olur?

«MƏN ÖDƏMƏYƏCƏYƏM»

«Bizim köhnə borcumuz qalmayıb. Mən ödəməyəcəyəm. 500 manatı necə ödəyim?».

Gəncə şəhər Qaz İstismarı İdarəsinin satış şöbəsinin müdiri Hüseyn Şirinov isə deyir ki, bu borclar 2009-cu ildən yığılıb.

«SİSTEM YOX İDİ Kİ, SAYĞACLAR QURULAN VAXT KÖHNƏ BORCLAR HESABLANA BİLSİN»
Hüseyn Şirinov

Hüseyn Şirinov

«Abonentlərlə aramızda olan narazılıq 2009-cu ilin oktyabrın 1-nə olan borcların silinməsindən sonra yaranıb. Sistem yox idi ki, sayğaclar qurulan vaxt köhnə borclar hesablana bilsin. Bu yeni «Smart» sayğaclarda mümkündür ki, köhnə borclar hesablansın».

İdarənin şöbə rəisinin açıqlamalarından narazı qalan sakinlər isə sual edirlər ki, niyə sayğac dəyişən zaman borclar barədə məlumat verilməyib?
Hüseyn Şirinov deyir ki, abonentlər ya əvvələ aid ödənişləri ilə bağlı çek təqdim etməlidirlər ya da yazılan borcları ödəməlidirlər. Əks halda 26 min abonent kütləvi şəkildə yanacaqsız qalacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, Qaz İstismarı İdarəsinin abonentlərdən illər əvvələ aid borcları hətta real olsa belə tələb etməyə ixtiyarı yoxdur:

«BU, İSTEHLAKÇI HÜQUQLARININ POZULMASI, KORRUPSİYANIN TƏZAHÜRLƏRİDİR»

«Mülkü məcəllənin müqavilə şərtlərindən irəli gələn borclar 3 il müddətinə ləğv edilir, tələb etməyə ixtiyarları yoxdur. İnzibati Xətalar Məcəlləsində də göstərilir. Qanunla 3 il əvvəlki borclardan danışa bilməzlər. Bu istehlakçı hüquqlarının pozulması, korrupsiyanın təzahürləridir».

Gəncədə ümumilikdə mavi yanacaqdan istifadə edən 70 min abonent var. Onlardan 26 min abonentin borclu olduğu deyilir.

Şərhləri göstər

XS
SM
MD
LG