Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:00

NİDA-çı gənclərin məhkəmədəki "Son söz"ü (Tam mətn)


NIDA-çıların məhkəməsində polis zorakılığı
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

NIDA-çıların məhkəməsində polis zorakılığı

-

«MƏRHƏMƏTƏ EHTİYACIMIZ YOXDUR, NƏDƏNSƏ PEŞMAN DA DEYİLİK»


«Adətən son sözdə təqsirləndirilən şəxslər məhkəmədən mərhəmət umurlar, bəzən peşmançılıqlarını ifadə edirlər. Bizim mərhəmətə ehtiyacımız yoxdur, nədənsə peşman da deyilik».

Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərin məhkəməsində gənclərin adından son sözü Rəşadət Axundov bu cümlələrlə başlayıb.

Rəşadət Axundov deyib ki, onlar məhkəmədən ədalətli qərar gözləmirlər: «Çünki o qanuni ali tutmağa, sərbəst və ədalətli qərar qəbul etməyə qadir deyil».

İLHAM ƏLİYEV BİZİ CİNAYƏTKAR ADLANDIRANDA...

Rəşadət Axundov deyib ki, «prezident İlham Əliyev 2013-cü il iyunun 7-də YAP-ın qurultayında, yəni hələ istintaq getdiyi dövrdə, barəmizdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda bizi cinayətkar adlandıranda NİDA-ya qarşı repressiyaların siyasi sifariş olduğuna şübhə qalmadı. Bu, əslində bizim taleyimizlə bağlı verilən qərar idi. İstintaq sonrakı fəaliyyətində bu qərarın icrasından kənara çıxa bilməzdi».

BİZ CİNAYƏT TÖRƏTSƏYDİK, BU REJİMİN DOSTU OLARDIQ...

«Bu rejim xalqı mağmın, hərəkətsiz, rəzil, dəyərsiz kölələrə çevirmək istədiyindən aktiv və dəyərli, fərqli düşünən insanlara düşmən kəsilib. Gənclik isə dinamik inkişafa, qeyri-statikliyə, hərəki fəallığa can atır. Ona görə də rejimin guya bizə cinayət törətdiyimizə görə düşmən kəsildiyini düşünmək kökündən səhvdir. Tam əksinə. Biz cinayət törətsəydik, bu rejimin dostu olardıq. Çünki özləri cinayətkar mahiyyətlidir».

BU, TALEYİN İRONİYASIDIR

Rəşadər Axundov onlara qarşı irəli sürülən ittihamlar haqqında bunları deyib: «Bu iqtidar bizi xarici dairələrlə işbirliyində ittiham edir. Təsəvvür edin, hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməsindən tutmuş 15-16 oktyabr 2003-cü il hadisələri və Elmar Hüseynov, Ziya Bünyadov, Rafiq Tağı kimi onlarla dəyərli insanımızın qətli də daxil olmaqla, çoxsaylı hadisələrdə xalqına qarşı silah qaldıran, əli öz xalqının qanına batan bu iqtidar bizi zorakılıqda ittiham edir. Bu, taleyin ironiyasıdır. Azərbaycanın marağını xarici ölkələrə satan, hakimiyyətini qorumaq üçün hər cür rola girən YAP iqtidarından fərqli olaraq, biz NİDA-çılar heç vaxt nə rus-«KQB» köləsi olmuşuq, nə ABŞ və Avropa neft maqnatlarının dollar-avrosuna biət etmişik, nə İran mollarının əmmaməsinin, nə də Türkiyə nurçularının «badem-bıyık»larının altından keçmişik. NİDA-çılar öz gəncliyini, həyatını gözünü qırpmadan öz milləti uğrunda qurban etməyi bacaran fədailərdir. Bizə verdikləri bu ittihamlar isə özlərinin pasportudur».

BİZƏ BƏRAƏTİ BU MƏHKƏMƏ YOX, TARİX VERƏCƏK

Rəşadət Axundov bildirib ki, onlar bu məhkəmədə formal iştirak ediblər: «Bu saxta cinayət işində məhkəmədən istədiyimiz bəraət də müəyyən mənada formal xarakter daşıyır. Çünki əminik ki, bizə bəraəti bu məhkəmə yox, xalqımız və tarix verəcək. Məhkəmədə iştirakımızın və son söz söyləməyimizin bir səbəbi də var. Biz məhkəmə sistemini dövlətin əsası, cəmiyyətin ədalətliliyinin qarantı kimi dəyərləndiririk. Məhkəmə sözündəki əzəmətə və qürura hörmətlə yanaşırıq. Ona görə də işimizə baxan məhkəmənin bu kriteriyalardan uzaq olmasına baxmayaraq hakim və məhkəmə adına hörmət edərək formal proseduralara tabe oluruq, onları gözləməyə səy göstəririk. Biz bu yola başlayanda azadlıq kapitanı olacağımızı nəzərə almışıq. İndi biz ünvanımıza atılan böhtanlara, düşünmədiyimiz və törətmədiyimiz əməllərə görə peşman ola bilərikmi?!»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG