Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Baş Prokurorluq Leyla Yunus-un saxlanılması ilə bağlı məlumat yayıb.


Baş Prokurorluq hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda hər iki şəxsin qəsdən istintaqdan yayınmaq istədiyi bildirilir:

"Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunusova və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsi nəzərdə tutulub.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələri şəxsən təqdim edilməsinə baxmayaraq, hər iki şəxs üzrlü səbəb olmadan qəsdən istintaqdan yayınıblar.

Arif Yunusov aprelin 25-də “Hipertoniya xəstəliyi III dərəcəli, hipertonik kriz” diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib. O həmçinin bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəhd edib.

Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyəti ilə saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb.

Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Eyni zamanda, həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb.

Leyla Yunusova iş üzrə şahid qismində dindirilib, Arif Yunusov isə səhhətinin pisləşməsi ilə əlaqədar müalicəsinin davam etdirilməsi üçün yenidən xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən bütün istintaq hərəkətlərində Leyla Yunusovanın özünün dəvət etdiyi müdafiəçinin iştirakı təmin olunub. Cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Günün bütün mövzuları

XS
SM
MD
LG