Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:20

Rusiyaya qarşı sanksiyalar BP və Shell şirkətlərini çətin vəziyyətdə qoyub


Arxiv fotosu.

Arxiv fotosu.

Britaniya mətbuatı xəbər verir ki, Böyük 7-lərin Rusiyaya qarşı sanksiyaları BP və “Shell” şirkətlərini bu ölkədəki bizneslərini dayandırmağa məcbur edə bilər.

Qəzetlər yazır ki, G7 qrupunun Rusiyaya qarşı sanksiyalarının yeni dövrəsinin tətbiqi Britaniyanın enerji nəhənglərini çətin vəziyyətdə qoyur.

Bazar ertəsi ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirdiyini elan edib. Yeni sanksiyalar prezident Vladimir Putin-ə bağlı 7 şəxsi və 17 şirkəti hədəfləyir.

Ağ Ev xəbər verir ki, sanksiyalara fərdi şəxslər üçün ABŞ vizasının verilməsinə qadağan və sözü gedən şirkətlərin və şəxslərin bank hesablarının və mülkiyyətinin dondurulması daxildir.

Hədəflənən şəxlərin siyahısında Kremlin nəzarətində olan “Rosneft” şirkətinin rəhbəri İgor Sechin-in də adı var.

Xəbər verilir ki, G7 hələlik İrana tətbiq olunan “mərhələ 3” sanksiyalarının Rusiyanın bank sisteminə, mədən sənayesinə, qaz və neft şəbəkəsinə tətbiqini ehtiyatda saxlayıb. Bu sanksiyalar Rusiya Ukraynaya qarşı xəlvəti əməliyyatlardan birbaşa müdaxiləyə keçəcəyi təqdirdə tətbiq olunacaq.

Bununla belə, diplomatlar bildiriblər ki, Obama administrasiyası elə təkcə “mərhələ 2” sanksiyalarının tətbiqi ilə də Rusiyanın qiymətli kağızlar bazarının nəfəsini kəsə, enerji sektorunun işini əngəlləyə bilər.

BP-nin baş ağrısı

Təsadüfi deyil ki, Vaşinqtonun qara siyahısında “Rosneft” şirkətinin rəhbəri İgor Sechin də var. Ekspertlərin qənaətinə görə, “Rosneft”in səhmlərinin 20 faizinə sahib olan BP-nin başı ağrıya bilər.

Bu da aydın deyil ki, BP cənab Sechin-in rəhbəri olduğu şirkətlə əməkdaşlıq etdiyi bir şəraitdə ABŞ-da biznesini davam etdirə biləcəkmi? Hərçənd bu böhranın içərisində 12, 5 milyard dollarlıq holdinq üçün alıcı tapmaq çətin olacaq. Bu mənada Amerikanın “Exxon Mobile” şirkəti də “Rosneft”lə birlikdə Arktikada planlaşdırdığı qazma işləri layihəsi barədə yenidən düşünməli olacaq.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın qaz inhisarçısı “Gazprom”un maliyyə qolu olan “Gazprombank”a qarşı da müəyyən formada sanksiyaları nəzərdən keçirir. Bu sanksiyalar “Shell” şirkətinin “Gazprom”la birlikdə Saxalin adasında və Arktikada apardığı əməliyyatlar üçün ciddi əngəllər törədə bilər.

BP və “Shell” hələlik Rusiya ilə müqavilələrə sadiqdirlər

Həm BP, həm də “Shell” şirkətləri bildiriblər ki, Rusiyadakı əməliyyatlarını davam etdirəcəklər, lakin vəziyyəti nəzarətdə saxlayacaqlar.

“Rosneft”in rəhbəri cənab Sechin həmişə ziddiyyətli fiqur olub. Afrikada DTK agenti kimi fəaliyyət göstərmiş Sechin Vladimir Putin-in ən sadiq çevrəsinə daxildir. Son on ildə Rusiyanın enerji siyasətini formalaşdırmış Sechin-i “əsir götürməyən döyüşçü” adlandırırlar.

Ekspertlər bildirirlər ki, Rusiyanın dövlət gəlirlərinin 52 faizini enerji sektoru verir. Bu gəlirdə 70 faiz neftin payına düşür, lakin qaz siyasi alət kimi əhəmiyyətlidir.

ABŞ Rusiya ilə tək də bacarar

Amma Vaşinqton siyasi silah kimi məhz neftdən istifadə etməyi planlaşdırır. ABŞ Rusiya neftinə sanksiyalar qoyulduğu bir şəraitdə Almaniya da daxil, Avropadakı müttəfiqlərinin zərər çəkməyəcəyi variantları araşdırır. ABŞ simvolik olaraq öz neft ehtiyatlarının ağzını açıb və lazım gələrsə, aylarla bazarı doldura bilər.

“Rosneft” onsuz ikitərəfli kövrək vəziyyətdədir. Onun əksər hissəsi xarici valtyuta ilə olan 52 milyard dollarlıq borcu var. Şirtkət növbəti 2 ildən 5 ilədək müddətdə xərclənməsi mümkün olan dollar ehtiyatına malikdir. Lakin qlobal qiymətli kağız bazarı Rusiyanın və 710 milyard dollardan çox borcu olan şirkətlərin üzünə bağlıdır.

“Standard Bank”ın təmçislçisi Tim Ash deyir ki, Qərb bankları ABŞ sanksiyalarında adı keçən şirkətlərin borclarını tələsik satışlarla silməyə çalışacaqlar. Digər tərəfdən sanksiyalarda cənab Sechin-in adı varsa, lakin “Rosneft” orada qeyd olunmayıbsa, onda bu ciddi hüquqi dolaşıqlıq yarada bilər. Elə ABŞ Maliyyə Nazirliyinin də istədiyi budur.

Cənab Ash bildirir ki, hətta avropalılar geri çəkilsələr belə, ABŞ təkbaşına qlobal bank və sığorta sənayesindəki hegemonluğu ilə Rusiyanın əleyhinə təkbaşına gedə bilər.
“ABŞ bu işi görməyə qərarlıdır. – deyir Tim Ash, - amerikalılarlar avropalıların bu işdə tam iştirakını istəyirlər, lakin hətta avropalılar geri çəkilsələr də, Vaşinqton daha ağır sanksiyaları təkbaşına tətbiq edə biləcək”.

“Gazprom”: “Biz də bekar oturmamışıq”

“Gazprom”un sədr müavini Alexander Medvedev Britaniya mətbuatına bildirib ki, əgər ABŞ cəzalandırıcı tədbirlərə əl atarsa, “Gazprom”un da müəyyən hazırlıqları var.
“Biz də bekar oturmuruq” – deyib Medvedev.

Cənab Medvedev əlavə edib ki, Rusiya və Qərb hətta Soyuq Müharibənin şıdırğı vaxtında da neft və qaz məsələsində qarşıdurmaya getməyiblər.

O deyib ki, Rusiya və Qərb Əfqanıstan məsələsində, Cənubi Koreya təyyarəsi ilə bağlı böhran zamanı dil tapıblar və enerji məsələsi heç vaxt gündəmə çıxmayıb.

Alexander Medvedev-in fikrincə, Rusiyaya qarşı sanksiyalar neft və qazın qiymətlərini qaldıracaq və nəticədə Avropanın rəqabət gücü zəifləyəcək.

Qərbin əli cibində olmalıdır

Cənab Medvedev kifayət qədər yumşaq tonda danışıb. O vurğulayıb ki, Rusiya Ukraynaya qaz verməkdə davam edir, hərçənd Kiyev hələlik keçmiş borclarını ödəməyib.

Bununla yanaşı “Gazprom”un sədr müavini deyib ki, hazırda Ukraynanın şirkətə 18 milyard dollar borcu var və əgər bu borcun 3, 5 milyard dolları dərhal ödənməsə, Rusiya mayın 7-də qazın verilməsini dayandıracaq.

Cənab Medvedev xəbərdarlıq edib ki, Ukraynaya verilən qaz kəsiləndə Avropa da qazsız qalacaq və ona görə də Qərb əlini cibinə salıb Kiyevin borclarını ödəməlidir.

UKRAYNA BÖHRANI İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏR

Şərhləri göstər

XS
SM
MD
LG