Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:39

Balaca İmrana həm yardım, həm təzminat?..


"Nabran Village Holiday"in məhkəməsi keçirilən işçiləri
"Nabran Village Holiday"in məhkəməsi keçirilən işçiləri
-

“3 milyon manat istəyirlər... Bizim bildiyimizə görə, prezident o uşağın xərclərini öz öhdəsinə götürüb, Almaniyada müalicə etdirir. İndisə uşağın babası gəlib iddia qaldırıb ki, 3 milyon manat ödəməlisiniz. Sual veririk: nəyə görə ödəməliyik?”.

Xaçmaz rayon Məhkəməsində mühakimə olunan CTF firmasının və “Nabran Village Holiday”in direktoru Rəşad Zərbəliyevin atası zərərçəkmiş tərəfin təzminat iddiasından narazıdır. Rəşad Zərbəliyev ötən ilin yayında “Nabran Village Holiday”də istirahət edən azyaşlı İmran Cəfərzadənin su nasosuna düşərək ayaqlarını itirməsindən sonra həbs olunan dörd nəfərdən biridir. O, səhlənkarlıqda təqsirləndirilir. Rəşad Zərbəliyevin atası Xanəhməd Zərbəliyev isə hesab edir ki, əgər dövlət zərərçəkmiş uşağın əməlyyat və müalicə xərclərini çəkirsə, zərərçəkmiş tərəfin bu xərcləri təkrar təqsirləndirilənlərdən tələb etməsi sui-istifadədir. O, hadisəyə görə həbsdə olanlardan çox uşağın valideynlərini günahkar bilir:
Xanəhməd Zərbəliyev
Xanəhməd Zərbəliyev

"NİYƏ ÖZ YANINDA ÇİMİZDİRİRDİ?"

“Bunun valideynləri niyə təqsirkar deyillər? Ən çox uşağın atası təqsirkardır. Uşağının yanındaydı, – qoruyaydı. Orada uşaqlar üçün də hovuz var. Niyə öz yanında çimizdirirdi? Və ümumiyyətlə, direktorun bu məsələyə nə aidiyyəti? Gəlib uşağın yanında keşik çəkməliydi? Təsadüfi hadisədir, qəsdən törədilməyib ki...”.

“Əlbəttə ki, İmranın başına gələnlərə biz də üzülürük, ancaq bu gün onun səhhəti yaxşıdır, bəs bu dörd ailənin vəziyyəti necə olacaq? Birinin evində xəstəsi, o birinin evində azyaşlı uşaqları... Aslan əsgərlikdə yaxşı xidmət edib. Firdovsinin iki azyaşlısı var. Bir uşağının böyrəyi xəstədir. Necə ki, prezident İmrana kömək edibsə, biz də ona səslənirik, bu dustaqlara da kömək olsun” – təqsirləndirilənlərdən birinin qohumu İsmixan İsmayılov deyir:

“Uşağın başına iş gələndə heç babası ortada yox idi. İndi ortaya çıxıb tutulanlardan 3 milyon manat tələb edir. Halbuki İlham Əliyev bu uşağın müalicəsinə külli miqdarda pul ayırıb”.

Hovuz xidmətçisi işləmiş və hazırda həbsdə olan Aslan Hacıməmmədkərimovun xalası Yetər Hacıməmmədkərimova işdə qəsd olmadığına görə Aslana cəza veriləcəyinə inanmır və tərəflərin barışmasını istəyir:

"CƏZA ALSALAR NƏ DƏYİŞƏCƏK?"

“Aslan atasının 40 mərasimini təzəcə yola verib işə düzəlmişdi. Anası da xəstədir. Bunları nəzərə almaq lazımdır. Heç bir valideyn istəməzdi ki, belə bir hadisə baş versin. Heç kəs kiminsə uşağını tutub o motorun içinə atmayıb, Babasından, atasından xahiş edriik, bunu nəzərə alsınlar. Bu adamlar cəza alsalar, nə dəyişəcək? Qanı su ilə yuyarlar, qanla yox”.

Məhkəməni izləyən Şahnaz Həşimova:

“Uşaq əməliyyat olunub, sağ-salamat ortaya çıxıb, min şükür... Hər gün adamların başına elə işlər gəlir ki...”.

Balaca İmranın babası Cavanşir Cəfərov
Balaca İmranın babası Cavanşir Cəfərov

Bu zaman İmranın babası Cavanşir Cəfərov müsahibə verənə tərəf qışqırır:

“Niyə sənin yox, mənim uşağımın başına gəlməli idi bu iş? Kimin təqsiri üzündən olub?”.

AzadlıqRadiosunun müxbiri babadan müsahibə almağa çalışsa da, baba maşına oturub məhkəmənin qarşısından uzaqlaşır.


"OBYEKTİ BAŞQASINA İCARƏYƏ VERMİŞDİM"

Xaçmazda ötən il “Nabran Village Holiday”də baş vermiş hadisənin məhkəməsi davam edir. İstirahət Mərkəzində dincələn azyaşlı İmran Cəfərzadənin böyüklər üçün nəzərdə tutulmuş hovuzda çimərkən su nasosuna düşərək hər iki ayağını itirməsinə görə dörd nəfər mühakimə olunur. Hələlik, onlardan biri - CTF firmasının və “Nabran Village Holiday”in direktoru Rəşad Zərbəliyev ifadə verib. O, səhlənkarlıqda təqsirləndirilsə də, özünü təqsirli bilmir. “Əvvəla, həmin vaxt obyekti mən işlətmirdim, oranı başqasına icarəyə vermişdim. İkincisi, orada uşaqlar üçün ayrıca hovuz vardı. Valideynləri uşağa nəzarət etməyiblərsə, burada heç kəsin günahı yoxdur”, - bunları təqsirləndirilən Rəşad Zərbəliyev öz ifadəsində söyləyib.

Növbəti məhkəmə iclası mayın 13-nə təyin edilib.
XS
SM
MD
LG