Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:02

“Rus təhlükəsi” xilas kəməri kimi


Arxiv fotosu. Ukraynanın Slavyansk şəhərinə nəzarəti ələ keçirmiş Rusiya tərəfdarları separatçılar şəhərə yolu bağlayıblar. 14 aprel 2014
Arxiv fotosu. Ukraynanın Slavyansk şəhərinə nəzarəti ələ keçirmiş Rusiya tərəfdarları separatçılar şəhərə yolu bağlayıblar. 14 aprel 2014
-
Aprelin 29-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


QARIŞQALAR KRALI


“Azadlıq” qəzeti Şahvələd Çobanoğulunun yazısını dərc edib:

“Rusiya da əhalisi qarışqa halına salınmış ölkələrə iştaha göstərir. Başqasını ağlına gətirə bilməz. Məsələn, Rusiya onun qazına əşhədü-ehtiyacı olan Bolqarıstanı xəyalından keçirə bilməz. Çünki vətəndaşları qarışqa olmayan ölkələrə göz dikə bilməz Rusiya.

Bütün mənalarda, Azərbaycana bircə təhlükə var - demokratiyanın yoxluğu, avtoritar hakimiyyətin olması, xalqın əzilməsi! Rusiya təhlükəsi də yalnız və yalnız bu təhlükənin içində mümkün olur. Bir daha təkrar edək: Rusiya yalnız xalqları qarışqa halına salınmış ölkələrə göz tikir, yalnız onlarla “əməkdaşlıq” edir. Onun Gürcüstan cəhdi bütün cığallığına baxmayaraq dayandı. Moldovada da onun oyunu keçmədi. Amma onun oyunu hələ qarışqa qalan ölkələrdə keçə bilir...

“RUS TƏHLÜKƏSİ” XİLAS KƏMƏRİ KİMİ

“Yeni Müsavat” qəzetində Azər Rəşidoğlunun yazısında oxuyuruq:

“Hakimiyyət Vaşinqton-Moskva qarşıdurmasından məharətlə istifadə edir. Həm siyasi rəqiblərini zərərsizləşdirir, həm də ölkədəki korrupsiyanın miqyasını yüksəldir. ABŞ və Rusiya arasında yaşanan “soyuq savaş” Azərbaycan hakimiyyətinə sanki vaxt qazandırdı. Vaxt isə gözləmir. Bu savaşın nə zaman bitəcəyi də hələ bəlli deyil. Odur ki, təcili addımlar atmaq lazım gəlir.

Əks təqdirdə, hakimiyyət demokratik təsisatların son adacıqlarını da məhv edə bilər.
Hakimiyyət ideoloqları hesab edirlər ki, yaranmış vəziyyətdə Qərb Azərbaycana “daha çox demokratiya” tələbində bulunmayacaq.

ERMƏNİSTANA İNDİKİ GEDİŞ-GƏLİŞİN EFFEKTİ ƏVVƏLKİ KİMİ DEYİL...

Xalq diplomatiyasının fəal iştirakçılarından olan Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov «Media forum» saytına müsahibə verib:

- Hazırda xalq diplomatiyasında iştirak edənlər, Azərbaycandan Ermənistana gedib-gələnlər varmı?

- Əvvəlki əlaqələr, gediş-gəliş hazırda yoxdur. Eyni zamanda indiki gediş-gəlişin effekti əvvəlki kimi deyil.

- Niyə?

- Çünki hamı xalq diplomatiyası ilə məşğul olan adamların marginallaşdığını başa düşür. Eyni zamanda hər kəs anlayır ki, əgər bu səfərlərdən qayıtdıqdan sonra öz cəmiyyətlərində nəyisə dəyişmək mümkün olmursa, deməli, belə görüşlərin heç bir əhəmiyyəti yoxdur. Ermənistan cəmiyyətinə çıxış, onun aparıcı insanları ilə təmas, onlara təsir edilməsi vacib idi. Eyni zamanda ermənilər Bakıya gəlirdilərsə, onlar da Azərbaycan cəmiyyəti ilə təmasda olmalı, nüfuzlu ictimai-siyasi xadimlərlə, QHT rəhbərləri ilə bir araya gəlməliydilər. Sadəcə hansısa zalda iclasa qatılıb, kabinetlərdə kimlərləsə görüşüb geri qayıtmağın heç bir əhəmiyyəti yox idi və indi də yoxdur. Xalq diplomatiyası, sülhyaratma ilə məşğul olan insanlar belə əhəmiyyətsiz fəaliyyətdən qaçmaq istəyirlər. Ona görə də səfərlərə getmirlər...

- Xalq diplomatiyasında iştirak edənlərin Ermənistanın xüsusi xidmət orqanlarının təsiri altına düşmək, ermənilərə işləmək ehtimalı hər zaman qüvvədə olub. Siz bunu təhlükə sayırsınızmı?

- Gəlin ilk növbədə baxaq görək xalq diplomatiyası ilə kimlər məşğul olur. Bunlar barmaqla sayılacaq qədər az, nəinki Azərbaycanda, eyni zamanda Cənubi Qafqazda, bütün Avropada kifayət qədər tanınmış, özünə, işinə, şəxsiyyətinə hörmət edən insanlardır. Münaqişənin mövcud olduğu 25 ildə onlar öz fəaliyyətləri ilə çox şey sübut ediblər, problemin həlli üçün xeyli iş görüblər. Onlar hansı ölkənin xüsusi xidmət orqanlarının təsiri altına düşə bilərlər? Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Novella Cəfəroğlu kimi insanlar kiminsə təsiri altına düşə bilər? Bunu necə təsəvvür etmək olar?


HƏRBİ LİSEYƏ QƏBULDA PROBLEMLƏR AŞKARLANDI

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi aprelin 28-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd verənlərin müayinəsi üzrə tibbi komissiyanın gedişinin monitorinqini keçirib. Mərkəzin direktoru Cəsur Sümərinli “Media forum” saytına deyib ki, monitorinqin gedişində problemlər aşkarlanıb:

- Liseyin daxilində sənəd verənlər qarşısında bir sıra mübahisəli tələblər qoyulub. Misal üçün, sənəd verənlərin valideynlərindən və ya yaxınlarından tələb olunub ki, sənədləri yerləşdirmək üçün liseyin yeməkxanasında satılan adi kağız qovluq alsınlar. Bu qovluğun qiyməti şəhərin dəftərxana mağazalarında 10-15 qəpikdir. Amma yeməkxanada bu qovluq 40 qəpiyə satılır. Liseyə minlərlə şəxsin sənəd verdiyi nəzərə alınsa, onda burada az olmayan məbləğdən söhbət gedər və bu vəsaitin sonda kimə çatdığı maraq doğurur. Bəzi məlumatlara görə, bu prosesdə lisey rəhbərliyinin marağı var.

GRAND HOTEL HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN TƏDBİRİNİ POZUB

Contact.az:
Grand Hotel Art for Democracy (“Demokratiya naminə incəsənət”) hüquq müdafiə kampaniyasına saytının və Azərbaycanda incəsənət sahəsində azadlığın vəziyyəti haqqında hesabatının təqdimatı üçün konfrans zalını verməkdən son anda imtina edib.
Tədbir 29 aprel saat 10.00-a planlaşdırılmışdı. Lakin bir gün əvvəl oteldən təşkilatçılara bildiriblər ki, tədbir “qaz sızması” ilə əlaqədar ləğv edilir və məkanın icarəsi üçün verilmiş pul geri qaytarılır.

Hüquq müdafiəçisi Rəsul Cəfərov tədbirin pozulması üçün göstərilən səbəbi qeyri-ciddi hesab edir. Çünki oteldə həqiqətən qaz sızması olsaydı, insanlar oradan təxliyyə edilməli idi. O, bunu Azərbaycanda senzuranın növbəti təzahürü kimi qiymətləndirib.

ÜÇ BÖYÜK İCMANIN DİNC, BƏRABƏR YAŞADIĞI ÖLKƏ

“AzərTAc”: Almaniyanın geniş oxucu kütləsinə malik “Jewish Voice from Germany” qəzetində baş redaktor Elizabet Seliqman-Noyun Azərbaycana səfərindən bəhs edən “Azərbaycan. Qonaqpərvərlik qalib gəlir” sərlövhəli məqaləsi dərc olunub. Qəzetin internet saytında isə baş redaktorun Azərbaycana həsr olunmuş “Dinamika və ənənələr” sərlövhəli məqaləsi yerləşdirilib.

Müəllif Azərbaycanda bu qonaqpərvərliyin əsasında bir sıra məsələlərin çox asanlıqla həll olunmasından təəccübünü də gizlətmir: “Zaha Hədidin əzəmətli əl işi olan Bakıdakı Heydər Əliyev Mərkəzinə ekskursiya istəyirsən? Bir telefon zəngi aç, bir az sonra sən ordasan. Azərbaycanda yəhudi icmasının nümayəndəsi ilə görüşmək istəyirsən? Böyük məmnuniyyətlə. Növbəti gün səni yeni tikilmiş sinaqoqda salamlayacaqlar”.

Jurnalist qeyd edir ki, qonaqpərvərliklə bərabər tolerantlıq da bu ölkənin bir hissəsidir. Azərbaycan üç böyük dini icmanın dinc şəkildə bərabər yaşadığı bir ölkədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG