Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:01
-
Beynəlxalq Muğam Mərkəzində (BMM) böyük muğam ustadı, xalq artisti Seyid Şuşinskinin 125 illik yubileyi qeyd olunub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbir BMM və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi çıxış edib və görkəmli sənətkar Seyid Şuşinskinin həyat və yaradıcılığından danışıb.

Seyid Şuşinskinin peşəkar xanəndə kimi yetişməsində Şuşa mühitinin həlledici rolu olub.

Xanəndəlik sənətinin sirlərini Cabbar Qaryağdıoğludan öyrənən S. Şuşinski 1907-ci ildə Şuşada Mir Möhsün Nəvvabın məktəbində təhsil alıb.

S. Şuşinski «Çahargah», «Hümayun», «Rast», «Mahur», «Zabul», «Şahnaz», «Mirzə Hüseyn segahı» muğamlarını ustalıqla ifa edib.

Xanəndə bir çox muğamlara yeni guşələr əlavə edib, bəzilərini isə birləşdirib oxuyub.

Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan «Cahangah»ı böyük məharətlə oxuyub.

Azərbaycan muğam sənətinin əfsanələrindən olan Cabbar Qaryağdıoğlu onu «Şərq musiqisinin incisi» adlandırıb.

S. Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəlləri ilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də üz tutub, dövrünün görkəmli ədibləri Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib.

O, «Molla Nəsrəddin» jurnalının çapında da Mirzə Cəlilə həmişə kömək edib.

Seyid Şuşinski özündən sonra böyük xanəndələr nəsli yetişdirib.

Əfsanəvi müğənni Zeynəb Xanlarova da Seyid Şuşinskinin tələbəsi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG