Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:51

Qonaqların atla gəlib, tabutların traktorla aparıldığı oba - Şirinqum...


-

Laçın rayonunun Malıbəy kəndinin sakinləri köçkün düşdükdən sonra İmişli rayonunun Şirinqum adlanan ərazisində məskunlaşıblar. Həmin ərazidə hazırda 42 köçkün ailə yaşayır. Onlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Sirinqum ərazisi İmişli rayonundan 23 km məsafədə yerləşir. Laçın rayon icra hakimiyyəti Ağcabədi rayonunda yerləşsə də məsafə uzaq olduğundan onlar bazarlıq və başqa qayğılarını qarşılamaq üçün İmişliyə üz tuturlar.

Şirinqumda əsas problem kimi yolun bərbad olması göstərilir. Həmin ərazidə yol torpaq olduğu üçün azacıq yağış yağan kimi gediş-gəliş çətinləşir, qış aylarında isə hərəkət tamam iflic vəziyyətinə düşür. Təxminən 2 il bundan qabaq əraziyə daş-çınqıl tökülüb. Ancaq köçkünlərin yaşadığı əraziyə 1,5 km məsafə qalmış təmir işləri saxlanılıb.

«NEÇƏNCİ ƏSRDƏ YAŞAYIRIQ?»

Ərazidə məskunlaşmış Laçın rayonu Malıbəy kəndinin sakini, Xəlil Cəfərov:

«Hədsiz sayda problemlərimiz var. Bəzən fikirləşirsən ki, görəsən biz neçənci əsrdə yaşayırıq. Yaşayışımıza baxanda elə bil XXI əsr deyil. Mənim qoca, xəstə anam var, birinci qrup əlil qardaşım var. Qardaşım böyrək xəstəsidir, günaşırı rayon mərkəzinə dializə aparılmalıdır. Elə ki, yağış yağdı, burada heç bir texnika yerimir. O, qədər olub, qardaşımı xəstəxanaya aparmaq üçün, ətraf evlərdən insanları çağırmışıq ki, maşını itələyib yola çıxarsınlar. Bizim yaşadığımız ərazi ilə daş yol arasında 1,5 km məsafə var. Təmirdən qabaq iş icraçıları gəlib bizim yolu da ölçmüşdülər. Biz də sevindik ki, yol çəkilər, canımız bu əzab-əziyyətdən qurtular. Ancaq nə düzüb qoşdularsa arzumuz ürəyimizdə qaldı. Laçın rayon rəhbərliyi bizim şikayətlərimizə məhəl qoymur, burada açıqca məmur özbaşınalığı tüğyan edir».

«MƏCBUR OLUB QONAQLARI AT İLƏ GƏTİRİRİK»

Ərazidə yaşayan Arif Əsədovun söylədikləri:

«Bu gün qonağımız gəlmişdi, gördüyünüz daş yoldan bu yana gələ bilmədilər. Məcbur olub qonaqları at ilə gətirdik. Həqiqətən çox çətindir. Biz demirik ki, asfalt yol çəksinlər. Heç olmasa daş yol eləsinlər ki, biz normal gedib-gələ bilək. Bu əraziyə həm Ağcabədi rayonu tərəfdən, həm də İmişli rayonu tərəfdən yol gəlir. Hər iki yol bərbad vəziyyətdədir».

«CƏNAZƏ TRAKTORLA APARILIR»

Digər şikayətçi Vahid Cəfərovun dedikləri:
Laçın rayonunun Malıbəy kəndinin sakinləri

Laçın rayonunun Malıbəy kəndinin sakinləri


​«Özüm 1-ci qrup əliləm. Dəfələrlə olub ki, burada hüzr düşüb. XXI əsrdə yaşamağımıza baxmayaraq, cənazəni dəfn etmək üçün traktorla aparmışıq. Mənim tələbim prezidentdəndiк. Çünki o, həmişə çıxışlarında məmurlara müraciət edib deyir ki, vətəndaşlara yaxşı xidmət edin. Ancaq məmurlar əksinə, büdcədən ayrılan maliyyə vəsaitini mənimsəməklə vətəndaşları belə vəziyyətdə qoyurlar».

«İŞLƏR LAYİHƏYƏ UYĞUN HƏYATA KEÇİRİLİB»

Laçın rayon icra hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri, Tahir Məmmədov isə şikayətlərə belə cavab verir:

«Həmin ərazidə Malıbəy icmasının müraciəti əsasında və məcburi köçkünlərin inkişafı fondunun xətti ilə 10 km uzunluğunda yol layihəsi tutulmuşdu. Həmin layihəyə uyğun olaraq işlər həyata keçirilib. Yolun yarımçıq qalmasında elə bir səbəb yoxdur, sadəcə icmanın hazırladığı layihədə cəmisi 10 km məsafə nəzərdə tutulub».

Şöbə müdiri deyir ki, əgər şikayət varsa, yenidən bu məsələni qaldırıb problemi yoluna qoya bilərlər.
XS
SM
MD
LG