Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20
-
«Müstəqillik hərəkatında qadınlar da ön sıralarda gedirdilər. Düzdür, bir çox ailə, eləcə də mənim ailəm bizə görə narahat idi. Mübarizəyə qoşulan xanımlara daha çox bu tövsiyə olunurdu ki, «ehtiyatlı olun, kişilərə baxmayın, siz qadınsınız». 80-ci illərdə qadınlar ictimai-siyasi proseslərdə daha fəal görünürdülər. 90-cı illərdə qadınların mübarizə əzmi zəifləməyə başladı».

Hələ tələbə olarkən müstəqillik uğrunda mübarizəyə qoşulan Sədaqət Paşayeva universitet illərini – azı 25 il öncəni belə xatırlayır. Deyir ki, o vaxt qadınların ictimai-siyasi proseslərdə fəallığı, cəmiyyətdə rolu daha çox sezilirdi. Sədaqət Paşayevanın fikrincə, bəzi istisnalar olsa da, bir çox kişi, mübariz kişilər də daxil, çox vaxt ictimai-siyasi proseslərdə fəallıq göstərən qadınlarla evlənmək istəmir:

«Hətta elə hallar var ki, qadınların qarşısına evlilikdən sonra ictimai-siyasi proseslərdən uzaq olmaq başlıca şərt kimi qoyulur. Bir yandan ailə qayğıları, o biri yandan da həyat yoldaşlarının qadağası qadınları ictimai-siyasi proseslərdən uzaq salır. Kişilərin çoxu fəal qadınlarla evlənmək istəmir. Mən bunun səbəbini bilmirəm. Bəlkə də ola bilər ki, bu bizim mentalitetdir ki, qadının yeri evdir. Düşünürük ki, qadın üçün ən yaxşı sənət müəllimlik, ya da həkimlikdir».

36 YÜKSƏK VƏZİFƏDƏN BİRİNDƏ QADIN ÇALIŞIR...

Dövlət Statistika Komitəsinin 2013-cü ilə olan məlumatına görə, Azərbaycan əhalisinin 52 faizi qadınlardır.

Rəhbər vəzifələrdə qadınların təmsilçiliyi cəmi 2.8 faizdir. BMT-nin gender bərabərliyinə dair hesabatında belə deyilir. Hesabatda o da bildirilir ki, Azərbaycanda 36 yüksək vəzifədən yalnız birində qadın çalışır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, dövlət qulluğunda çalışanların 28 faizi qadınlardır. Qadınlar daha çox xidmət sahələrində, yaxud həkim və ya müəllim çalışırlar. Milli Məclisin 125 üzvündən 20 nəfəri (indi həbsdə olan Gülər Əhmədova da daxil), parlament sədrinin 3 müavinindən biri qadındır. Ölkə üzrə bələdiyyə üzvlərinin 27 faizi, bələdiyyə sədrlərininsə 18 faizi qadınlardır. Azərbaycanda bir nəfər də qadın nazir, ya da icra başçısı yoxdur. Amma 35 qadın icra başçısının, 3 qadınsa nazir müavinidir. Foto: Arxiv

Foto: Arxiv



QADININ YERİ EVDİR, YOXSA?

Bakı sakinləri qadınların ictimai-siyasi proseslərdə roluna müxtəlif yanaşırlar. Kimi «qadının ən yaxşı yeri onun evidir» – deyir, kimi də bacarıqlı rəhbərin cinsi mənsubiyyətini önəmsiz sayır:

– Azərbaycan qadının fəallığı elə də çox gözə çarpmır. Mən çox istərdim ki, qadınlarımız həm siyasətdə, həm də digər ictimai proseslərdə fəal olsunlar.

- Düşünürəm ki, yeganə maneə bizim mentalitetdir.

- Azərbaycan qadını çox zavallıdır. Bütün məişət və ailə qayğıları ona yüklənib. Rəhbər vəzifədə olan qadınlara da bir az fərqli yanaşırlar. Özəlliklə kişilər qadının rəhbərə dözümsüz yanaşırlar.
- Dünyada qadın prezident də var, nazir də. Azərbaycanda da belə olmasına normal yanaşıram. Əsas odur ki, öz işinin öhdəsindən gələ bilsin, bacarıqlı olsun.
– İndiki qadınlar yetərincə fəaldırlar. Axı Azərbaycan qadının savadı da çatır, dünyagörüşü də. Hələ bir çox hallarda işlərinin öhdəsindən kişilərdən yaxşı gəlirlər.
– Azərbaycan qadını həm savadlı, həm də milli mentalitetə uyğundur.
– Mən düşünürəm ki, qadınlar o qədər də fəal deyillər. Buna şərait də yoxdur. Üstəlik, ən böyük maneə kişilərdir. Onlar qadınların qarşısında çoxsaylı qadağalar qoyurlar.
– Düşünürəm ki, qadın nə qədər savadlı olsa, o qədər yaxşıdır. Amma ali təhsili olsa da, işləməsin, Hicran Hüseynova

Hicran Hüseynova

otursun evində və öz uşaqlarının tərbiyəsinə baxsın. Axı qadının ən böyük öhdəliyi uşaqlarının tərbiyəsidir.

«QADINLAR GƏLƏCƏYİMİZİN DAYAĞIDIR...»

Azərbaycan 1995-ci ildə BMT-nin «Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğvi» barədə Konvensiyaya qoşulub. 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu Komitənin rəhbəri Hicran Hüseynova məqalələrindən birində yazır:

«Mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolunu xüsusi qeyd edirdi: «Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır». Dövlət-qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, parlamentdə qadın deputatların sayının artması, bələdiyyə seçkilərində və qeyri-hökumət təşkilatlarında qadınların sürətlə artan təmsilçiliyini xüsusi qeyd etmək lazımdır».

Azərbaycanda 2006-cı ildə «Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında» qanunun layihəsi təsdiqlənib, 2010-cu ildə «Məişət zorakılığının qarşısının alınması haqqında» qanun qəbul edilib. Hicran Hüseynova Azərbaycanda hüquqi bazanın təkmilləşdirməsini bu sahənin birbaşa prezidentin diqqətində olması kimi qiymətləndirir:

«Bu gün Azərbaycan dövlətinin reallaşdırdığı layihələrdə, qəbul olunan dövlət proqramlarında gender komponentləri nəzərə alınır və əsas istiqamət kimi götürülür. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir».
Mehriban Vəzir

Mehriban Vəzir

QADINLARIN FƏALLIĞI SÖZDƏ VƏ ƏMƏLDƏ...

Qadınların 49.5 faizi əmək fəaliyyəti ilə məşğuldur. 73 min 470 sahibkar qadın var. Bu ölkə üzrə ümumi sahibkarların 17 faizi deməkdir.

Azərbaycan qadınlarının ictimai-siyasi mədəniyyət mərkəzinin rəhbəri Mehriban Vəzirin fikrincə, ölkədə qadınların fəallığı barədə deyilənlər reallıqdan uzaqdır:

«Öhdəliklər, tövsiyələr var, konvensiyalara imza atılıb. Amma bunların hamısı görüntüdür. Qadınların sosiallaşması, ictimailəşməsi üçün vəziyyət əlverişsizdir. Qadınların sosial düzənliyi yoxdur, siyasi mühit əlverişsizdir. Eyni zamanda sosial yardımlar, sosial təminatlar zəifdir. Düşünürəm ki, qadınların real vəziyyəti statistikadan qat-qat ağırdır. Bu statistikada yalnız rəqəmlər görsənir. Amma o rəqəmlərin arxasında sosial yükün, ictimai, ailə, məişət problemləri altında canı çıxan bir qadın dayanır».

Mehriban Vəzirin fikrincə, qadınların ictimai-siyasi fəallığını artırmaqdan ötrü maddi durum yaxşılaşmalı və ölkənin siyasi mühiti dəyişməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG