Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:15

Süleyman İsmayılın 20-liyə düşməyən şeirləri


Süleyman İsmayıl
Süleyman İsmayıl
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Süleyman İsmayıl


O dünyadan gələnlər

Varmışam… Varmışsan... taleyə bir bax!
Gör bizə dünyada “Yazan” nə yazıb –
Bir ömür şam kimi yanmışıq nahaq,
Görəsən, bizə “O” təzə nə yazıb?..

Necə yan keçmişik bir-birimizdən,
Ömrün bu yerinə gəlib çıxmışıq?
Yoxsa qalıb hələ bir ömrümüz də?
Yoxsa o dünyadan ölüb çıxmışıq?..

Bəlkə yol gəlmişik bir-birimizə,
Xəbərsiz olmuşuq, bilməmişik biz?
Bəlkə yaşamırıq öz yerimizə,
Çoxdan ölməliydik, ölməmişik biz?

Sanki diri ikən, çoxdan ölmüşük …
Axı düşüb qalan daş olmamışıq.
Mən səndən, sən məndən necə ötmüşük,
Bu boyda dünyada tuş olmamışıq?

Biz ki doğulmuşuq bir torpaq üstə.
Bu dünya bir evsə, üstü bəs hanı?
Göylərdənmi gəlir bu əzab bizə?
Yanırıq, bəs bizim tüstümüz hanı?

Bəs harda olmuşuq bu boyda ömrü? –
Dağ dağa rast gəlir, biz gəlməmişik.
Yoxsa pozulubdur Allahın əmri?
Yoxsa yolumuzu düz gəlməmişik?

Dünyadan haçansa yox olmamışıq, -
Dirilməkdən ötrü ölməmişik ki…
Bəlkə heç anadan doğulmamışıq? –
Dünyaya bu yaşda gəlməmişik ki…

Elə bil, yerdə yox, göydə olmuşuq.
Göylərin bu qədər səbri olurmu?
Göydə doğulmuşuq, göydə ölmüşük?
Göydə ölənlərin qəbri olurmu?

Düşüb öləcəyik qəbrimiz də yox…
Hələ bundan ötrü qəm də yeyirik.
Allah deyən qədər səbrimiz də yox, -
Allahın sevdiyi bəndə deyilik.

...Doğrudan bu həyat bir oyuncaqmış,
Bir ömür boyunca qəm, dərd udmuşuq.
Gör harda ­ – sonuncu dayanacaqda
Mən səndən, sən məndən xəbər tutmuşuq.

Varmışam… varmışsan...


Ruh kimi

Gəzərdik qol-qola, çiyin-çiyinə...
Elə yaraşırdıq bir-birimizə.
Gör neçə il ötüb – deyirik yenə:
İlahi, görəsən nə oldu bizə?!

Lap sərhəd keçərdik düşüb həvəsə, –
Tanıyan deyildik əmri, qanunu.
Dayanıb üz-üzə, nəfəs-nəfəsə
Gözləyə bilərdik ömrün sonunu.

O qədər zərifdik, o qədər incə
Yüngülcə mehdən də ləpələnərdik.
Dost-tanışlarımız bizi görüncə,
Dağa dönməsək də, təpələnərdik…

Bu həmin Dünyadır – durur yerində!
Baxıb dənizinə, baxıb göyünə
Heç düşünübsənmi -
biz niyə indi
Deyilik qol-qola, çiyin-çiyinə?!.

...Biz niyə soyuduq, nə oldu əngəl?
Yalandı, – zamana, vaxta inanma.
Hardayam, hardasan? –
bundan sonra gəl
Taleyə inanma, baxta inanma?!

…İndisə göynəyir burnumun ucu.
Sevgiymiş dünyada hər şeydən uca!
(Əlindən uçanda ruh kimi uçur,
Özün də bilmirsən nə idi uçan)…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG