Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:28

Praqada Türkiyəni ittiham edən Serzh Sargsyan-a İlham Əliyevin cavabları


Serzh Sargsyan və İlham Əliyev
Serzh Sargsyan və İlham Əliyev
-
«Təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm».

AzərTAc-ın yaydığı məlumata görə, bunu aprelin 25-də Azərbaycan prezidenti İlham Əliyev Praqada, «Şərq tərəfdaşlığı» Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidentinin fikirlərinə münasibət bildirərkən deyib.

Agentliyin məlumatına görə, Ermənistan prezidenti Serzh Sargsyan sammitin plenar iclasında öz çıxışını bütünlükdə «erməni soyqırımı» ilə bağlı mülahizələrə həsr edib.
S.Sargsyan Türkiyəni «soyqırımı» ilə bağlı konstruktiv mövqe tutmamaqda, Ermənistanla sərhədlərini açmamaqda ittiham edib və bu ölkənin Avropa Birliyinə üzvlüyünün yolverilməz olduğunu deyib.

Ermənistan iddia edir ki, 1-ci Dünya müharibəsi illərində Türkiyə ərazisində ermənilər soyqırımına məruz qalıblar.

Türkiyə isə bildirir ki, həmin dövrdə xarici qüvvələrin təsiri ilə Osmanlı ərazisində vətəndaş müharibəsi olub, qarşıdurmada bütün tərəflərdən itkilər olub. Ona görə də ermənilərin soyqırımına məruz qalmaları barədə iddialar əsassızdır.

Prezident İlham Əliyev isə öz çıxışında Ermənistan prezidentinin dediklərinə Azərbaycan ərazilərinin işğalı faktını vurğulamaqla cavab verib. İlham Əliyev Türkiyə-Ermənistan sərhədinin 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra bağlandığını diqqətə çatdırıb:

«Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir...».

«ƏGƏR ERMƏNİLƏR HƏR YAŞADIQLARI YERDƏ...»

Azərbaycan prezidenti deyib ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır:

«Ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər...».

Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, İlham Əliyev Türkiyə baş naziri R.T.Erdoğan-ın bir neçə il öncə Ermənistanın rəhbərliyinə bütün arxivləri açmaqla bağlı etdiyi təklifi yada salıb:

«Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Erdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir».

«NİYƏ ERMƏNİSTANA SANKSİYALAR QOYULMUR?»

İlham Əliyev çıxışını «Niyə Ermənistana sanksiyalar qoyulmur» sualı ilə yekunlaşdırıb.

«Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır.».

1980-ci illərin sonlarında Qarabağda başlayan separatçı hərəkətlər sonradan Azərbaycanla Ermənistan arasında müharibəyə səbəb olub. Erməni qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, onun ətrafındakı 7 rayonu da işğal ediblər.

1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması imzalansa da, hələlik yekun sülh razılaşması əldə etmək mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG