Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:58

Xalid Ağəliyev: «Prokurorluq jurnalistlərin müraciəti əsasında bircə cinayət işi də açmayıb»


Xalid Ağəliyev

Xalid Ağəliyev

-
Prokurorluğun ilkin istintaqını apardığı cinayət işlərinin sayı azaldıla bilər. Cinayət-Prosessual Məcəllənin 215-ci maddəsinə təklif edilən bu dəyişiklik mayın 2-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Sözügedən dəyişiklik gerçəkləşərsə, jurnalistlərin peşə fəaliyyətini əngəlləmə faktı üzrə ibtidai istintaqı da prokurorluq aparmayacaq. Yəni qanuni işinə maneələrlə bağlı jurnalistlər prokurora üz tutmayacaqlar. Milli Məclisə təqdim olunan bu dəyişiklik jurnalistlərə nə vəd edir? Dəyişiklik hansı zərurətdən doğur? Media Hüququ İnstitutunun icraçı direktoru Xalid Ağəliyev AzadlıqRadiosunun bu və digər suallarını cavablandırır.

- İndiyədək prokurorluğa sizin qurum vasitəsilə müraciət edən jurnalistlərin sayı barədə nə deyə bilərsiniz?

- Son 5-6 ildə 45-50 iş olub ki, bununla bağlı prokurorluğa müraciət etmişik. Biz həmin işlərdə jurnalistlərin müdafiəsinə çalışmışıq. Ortada faktlar olub. Ancaq indiyədək prokurorluq jurnalistlərin müraciəti əsasında bircə cinayət işi də açmayıb. Cinayət Məcəlləsinin həmin maddəsinin tətbiq olunmasını xatırlamıram. Bu, işləməyən maddədir.

- Jurnalistlər ən çox hansı fakta görə prokurorluğa üz tuturdular?

- Ən çox ictimai önəmli hadisələrdən reportaj hazırlayarkən onlara təzyiqlər olunub. Çəkilişə gedən jurnalist döyülüb, yaxud onun əlindən peşə alətini alıblar. Bunları edənlər də ən çox polislər, mühafizəçilər, hakimiyyət nümayəndələridir. Jurnalistin peşə fəaliyyətinə mane olmaq təkcə onun kamerasının əlindən alınması, yaxud hadisə yerindən uzaqlaşdırılması demək deyil. Hər hansı jurnalist davamlı tənqidi yazılar yazırsa, onun ailə üzvünə təzyiqlər olursa, burada qarşılıqlı əlaqə var. Belə davranışlar jurnalisti öz peşəsindən çəkindirməyə xidmət edir. Yaxud başqa nümunələr də var. Məsələn, Anar Niftəliyev və Xədicə İsmayılova ilə bağlı işlərdə jurnalistin peşə fəaliyyətini əngəlləməyə yönələn əməlləri görürük.
- Sizin dediyinizdən belə çıxır ki, jurnalistlərə dövlət qurumlarının nümayəndələri daha çox təzyiq göstərir. Qanunvericiliyə görə, dövlət orqanı nümayəndələrinin törətdiyi cinayətləri polis araşdıra bilmir. Bəs dəyişikliklərdən sonra kim araşdıracaq bu cür mübahisələri?

- İstintaqla bağlı qanunvericilikdə ziddiyyətlər yaranarsa, yəqin ki, bu da aradan qaldırılacaq. Çox güman, prokurorluqdan alınan səlahiyyət sonradan polisə veriləcək. Bütün hallarda jurnalistlərin peşə fəaliyyətinə mane olanların istintaqının prokurorluqdan alınması müsbət, yaxud irəliyə doğru addım deyil.

- Bu dəyişiklik hansı yenilikləri gətirəcək?

- Bu dəyişikliyin nə isə bir yenilik gətirəcəyinə inamım çox azdır. Azərbaycanda istintaq parçalanıb. Prokurorluğun da, polisin də, Vergilər Nazirliyin də istintaq funksiyası var. Bu, doğru deyil. Ümumilikdə istintaqın tam ayrılması və müstəqil bir qurumun yaradılması lazımdır. Yəni prokurorluqdan, polisdən asılı olmayan bir qurum yaradılmalıdır. Son dəyişiklik, təbii ki, olarsa, buna xidmət etmir. Jurnalistlərin müraciəti ilə bağlı istintaqın prokurorluqdan alınıb polisə verilməsi mövcud reallıq baxımından heç də faydalı olmayacaq. Prokurorluğun iş yükü polisdən daha azdır. Bu baxımdan jurnalistin peşə fəaliyyətinə mane olmağa görə işlərin prokurorluqda araşdırılması daha obyektiv ola bilər, nəinki polisdə.

Günün bütün mövzuları

XS
SM
MD
LG