Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:10

İmişlidə cinayətdə təqsirli bilinən icra nümayəndəsi cəzasını dövlət qulluğunda çəkəcək?!


İmişli rayon məhkəməsi

İmişli rayon məhkəməsi

-

2 il əvvəl İmişlidə məhkəmə dəhlizində Qulubəyli bələdiyyəsinin sədrini yerli icra nümayəndəsinin döydüyü bildirilir. 17 aydan sonra məhkəmənin qərarı ilə həmin icra nümayəndəsi caza alıb. Ancaq məsələnin ən diqqətçəkən tərəfi ondadır ki, islah işlərinə cəlb edilən icra nümayəndəsi öz cəzasını necə deyərlər, sözün əsil mənasında vəzifə başında çəkə bilər. Məsələ belə vaqe olub. 2012-ci ilin noyabrın 2-də məhkəməyə şahid qismində dəvət edilən Qulubəyli bələdiyyəsinin sədri Qalib Nağıyev ifadə verdikdən sonra iclas zalından çıxıb dəhlizdə gözlədiyi vaxt fiziki zorakılığa məruz qalıb.

«102-YƏ ZƏNG ETDİM, AMMA HADİSƏ YERİNƏ POLİS GƏLMƏDİ»

Qalib Nağıyev bildirir ki, məhkəmənin dəhlizində qəddarcasına döyüldüyü vaxt oradakıların hamısı seyrçi mövqe tutub:

«Mənə əvvəlcə İmişli Rayon İcra Hakimiyyəti başçısının Qulubəyli kəndi üzrə nümayəndəsi Əbülfət Əliyev hücum etdi. Dərhal cibindən çıxardığı bıçaqla qolumu yaraladı. Yerə yıxılıb uzanıqlı vəziyyətdə qaldığım vaxt icra nümayəndəsi ilə birgə daha dörd nəfər üstümə düşərək, hərəsi bir tərəfdən məni təpikləyirdi. Kəsilmiş qolumdan, əzilmiş başımdan qan axırdı. Bunu səs eşidib dəhlizə çıxan məhkəmə icraçıları, mühafizəçi polis də görürdü. Amma heç kəs yaxınlaşıb məni bu adamların əlindən almadılar, ya da heç olmasa polisə məlumat vermədilər.
Qalib Nağıyev

Qalib Nağıyev

Hücum edənlər tam süst vəziyyətdə yerdə qaldığımı görəndə, məndən uzaqlaşdılar. Məni mühafizəçi yerdən qaldıranda özümdə güc tapıb «102»ə zəng etdim. Amma məhkəmənin həyətində nə qədər gözləsək də, İmişli polisindən heç kəs hadisə yerinə gəlmədi. Məhkəmənin sədri məhkəmə binasında baş verənlərlə bağlı protokol tərtib olunmağına da imkan vermədi».

EKSPERT XƏSARƏTLƏRİN ÇOX, ZƏRƏRİNiN iSƏ AZ OLMAĞI BARƏDƏ RƏY VERİB

Ertəsi gün Qalib Nağıyev Saatlı rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə «başın əzilmiş yarası, sol bazunun kəsilmiş-deşilmiş yarası, bədənin çox hissəsində qançırlar» diaqnozu ilə yerləşdirilib və 14 gün burada stasionar müalicə alıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Saatlı rayon şöbəsində aparılmış «canlı şəxsin məhkəmə-tibbi müayinəsi» zamanı aşağıdakı xəsarətlər qeydə alınıb: başın ənsə nahiyyəsində əzilmiş yara, sol bazunun kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin ön və arxa səthinin, yuxarı ətrafın, sol böyrək nahiyyəsinin qançırları, 9-10-cu qabırğaların sınığı.

Ekspert verdiyi rəydə bu sadalananları sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğunu göstərsə də, onları dərəcəsinə görə «sağlamlığa az ağır zərər vurma»ya aid edib.

İBTİDAİ İSTİNTAQ DÜZ 14 AY ÇƏKİB

Hadisədən 26 gün sonra - 2012-ci ilin noyabrın 28-də İmişli RPŞ-də ibtidai istintaqa başlanılıb. Müxtəlif vaxtlarda istintaq müddəti uzadılıb, iş üzrə icraat bir neçə dəfə dayandırılıb. Lakin zərərçəkənin davamlı şikayətləri əsasında bu qərarları Baş Prokurorluq ləğv edib.
Məhkəmənin hökmü

Məhkəmənin hökmü

14 aydan sonra cinayəti törətməkdə şübhəli bilinən şəxsə - icra nümayəndəsi Əbülfət Əliyevə ittiham elan olunub və barəsində toplanılmış materiallar məhkəməyə göndərilib.

«HAKİM ÖZÜNÜ TƏQSİRLƏNDİRİLƏNİN MÜDAFİƏÇİSİ KİMİ APARIRDI»

Qalib Nağıyev işin məhkəmə istintaqından və qəbul edilən qərardan narazıdır:
«Hakim prosesi məhkəmə zalında yox, vəkillər otağında keçirdi. Qaydalara görə, təqsirləndirilən şəxs müttəhimlər kürsüsündə oturmalıydı. Amma o, stolun əks tərəfində - hakimlə üzbəüz əyləşmişdi. Hakim özünü təqsirləndirilənin müdafiəçisi kimi aparırdı. O, cinayətdə iştirak etmiş 4 şəxsi məsuliyyətdən kənarda saxladı, bıçağı gizlətdi.

Təqsirləndirilən şəxsə yüngül cəza təyin etməkdən ötrü hakim məhkəmə binasını «ictimai yer» hesab etməyib. Bu, ədalət mühakiməsi adına bir rəzalətdir. Belə hakim cəmiyyət üçün cinayət törədən şəxslərdən daha təhlükəlidir».

HÖKM: «CƏZASINI İŞ YERİ ÜZRƏ ÇƏKSİN»

İmişli rayon məhkəməsinin 11 aprel 2014-cü il tarixli, 1(036)-25/2014 saylı hökmündə Əbülfət Əliyevin Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirli bilib. Onu «aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 2 il müddətinə islah işləri» cəzasına məhkum edib. Hökmdə yazılan «cəzasını iş yeri üzrə çəksin» sözləri bəzi suallar doğurur.
İmişli rayon məhkəməsi

İmişli rayon məhkəməsi

Əbülfət Əliyev hazırda İmişli Rayon İcra Hakimiyyəti başçısının Xəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Əgər hökm qanuni qüvvəsini alarsa, məhkum cəzasını İmişli Rayon İcra Hakimiyyətində çəkməlidir. Maraqlıdır: cəzalanan icra məmurunun islah olunması üçün bu orqan hansı tədbirləri görməlidir? Ümumiyyətlə,

DÖVLƏT İDARƏETMƏ ORQANI «CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ» FUNKSİYASINI YERİNƏ YETİRƏ BİLƏRMİ?

AzadlıqRadiosunun sorğusunu İmişli rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zahidov belə cavablandırdı:

«Bəzi hallarda məhkəmə cəza təyin edərkən törətdiyi əmələ görə şəxsi müəyyən müddətə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum edir. Əbülfət Əliyevlə bağlı belə cəza seçilməyib. Dövlət idarəetmə orqanlarında işləyənlərlə bağlı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yalnız intizam tənbehi tədbiri görülə bilər, xüsusi olaraq islah işlərinin aparılmağı nəzərdə tutulmayıb.

Məhkəmə qərarında «cəzasını iş yeri üzrə çəksin» sözlərinin yer almağı o demək deyil ki, şəxs qarşıdakı 2 ildə hazırkı iş yerini qorumuş olur. Onun vəzifədə qalıb-qalmama məsələsinə istənilən vaxt baxıla bilər. Bu, yerli icra hakimiyyəti başçısının müstəsna səlahiyyətinə aid olan məsələdir. Hökm hələ qanuni qüvvəsini almadığından indi bu barədə danışmaq tezdir».

PS. Yazı dərc olunandan sonra xəbər aldıq ki, İmişli rayon icra başçısının əmri ilə Əbülfət Əliyev vəzifəsindən azad edilib. Onun dövlət qulluğuna da xitam verilib.

Şərhləri göstər

XS
SM
MD
LG