Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Vahid Aslan



“Azadlıq nəğmələri” silsiləsindən



1. Dostumdan məktub



... Yazırsan ki,

Indi daha çox

Xatirələrə dönmək istəyirsən,

- Uşaqlıq və gənclik illərinə,..

Yazırsan ki,

Indi ikimizin də

Qırx yaşımız var,

- Uşaqlıq və gənclik adlı

Bir ortaq yaddaşımız var,..

Yazırsan ki,

Hər gələn gün

Əvvəlkindən

Daha maraqsız olduqca

Xatirələrə dönmək istəyir adam;

Xatirələr də üz çevirirsə

Yığışıb getmək istəyirsən dünyadan,..

Daha sonra,

Bir parta arxasında oturmağımızdan,

Biri-birimizlə yarışa girib,

Ən yaxşı oxumağımızdan,

Pəncərəsi bizim sinfin

Pəncərəsi ilə üz-üzə olan

Sinfin qızlarından,

Qızların

Pəncərədən asılı qalan baxışlarından,

Dağların ətəyinə sığınan

Kəndimizin payız tənhalığından,

yaz yağışlarından

Yazırsan, uşaqlıq dostum!

Sonra

Tələbəlik illərinə qayıdırsan;

- Azadlıq meydanı -

Azadlıq hayqıran,

Köləlik zəncirlərini qıran,

Barrikadaları yaran

Milyonlar dənizindən yazırsan!

Böyük hərflərlə yazdığın

Azadlıq sözünün sonuna

Qoyduğun nida işarəsi

Göz yaşlarına işarədi,

Görürəm,

Azadlıq deyincə

Hönkürüb ağlayırsan,

Indi qəriblikdə -

Bir parça çörək ucbatından

- Uzaq Sibirdə

Vətən deyib ağlayırsan!

Ağlayırsan,

Azadlıq sevdasından

Meydanlarda

Gecə-gündüz

Ac-susuz qalmağına,

Neft xalqındır deyənlərin

Vədlərinə aldanmağına

Ağlayırsan, gənclik dostum!

Yazırsan ki,

Uşaqlığımız tez ötüşdü,

Gəncliyimiz burulğana düşdü,

Qarabağ döyüşlərində

Aldığın yaralardan,

Indi də qolunda, qıçında

Gəzdirdiyin askollardan

Yazırsan, dostum!

Yazırsan ki,

Düşməndən aldığın yaralar

Sağala bilərdi,

Özümüzünkülərdən aldığın

Yaralar olmasaydı,..

Yazırsan ki,

Oralarda özünü

Torpağına həsrət qalan daş kimi,

Yuvasından perik düşən quş kimi

hiss edirsən!

Mən buralarda – vətəndə

Azad və məsudammı?

Yenə sən, dərdini anladırsan,

Mən tanıya bilmirəm halımı,

gənclik dostum!



04.05.13.



2. Dostuma məktub



... Biz azadlıq dəlisiydik, dostum!

Gecələr də

Meydanı tərk etmirdik,

Azadlıq əldən gedər deyə,..

Biz azadlıq uğrunda

Hazır idik canımızdan keçməyə,

Yetmiş ildən sonra

Əlimizə düşən fürsətə

Dəlicəsinə sarılmışdıq!

Köksümüzdə ürək yerinə

Azadlıq yanğısı vardı,

Başımızda azadlıq havası...

Bizi nə imperiyanın

Tankı qorxudurdu,

Nə də qara fitvası,..

Bizi seçdiyimiz yoldan

Döndərə bilməzdi kimsə;

Bizimki haqq davasıydı,

haqq davası!

Bu dəfə imperiya

Yaxın düşə bilməyəcəkdi bizə,

Azadlıq istəyi

Üçrəngli bayraq kimi

Dikəlmişdi qəlbimizə;

Hər birimiz yeriyən bayraq idik!

Bir olduq da yenilmədik!

Bu dəfə imperiya

Yaxın düşə bilmədi bizə!

Sonra...

Xatırlayırsanmı nələr olduğunu,

Xatırlayıb ağlayırsanmı, dostum!

Sonra azadlığı uğrunda

Ölmək istədiklərimiz

Imkan vermədilər dadına baxaq,

Azadlıq şirin olurmuş, ya acı?..

Bir onu anlayırıq ki:

- Azadlıq – köləliyin bağrını dələn

Dar ağacı!

...Heç unuda bilmədik o möhtəşəm illəri,

O günlərdən doğuldu azadlıq nəğmələri!


25.05.13.



Gözəl Krım



Ürəyində TÜRK sevgisi,

başında TURAN sevdası

olan tüm arkadaşlara!



Krım, Krım, gözəl Krım!

Bu gününü görüncə

Gözlərim qan ağlayır,

Günahın nə?..

Suçun nə?..

Hikkəm bağrımı yarır,

Gözəl Krım!

Ah... necə oldu bir gün

Ayrıldın Türk elindən,

Məsud, sevimli cocuqkən

Əlim qopdu əlindən,

Sən Turanın bir parçası,

Türkün ən gözəliykən

Adın dönüb Tatar oldu

Varyaqların dilində,..

Gözəl Krım!

Tələ qurub bəklədilər,

Bizi yaman təklədilər,

Elimizi ayırdılar,

Əlimizi ayırdılar,

Qəlbimizə kimsə hakim olamadı,

Qəlbimizdə öz adını

Itirmədi Bağçasaray!

Gəlib yenə Türkü tapdı

Ürəyindən qopan haray!

Krım, Krım, gözəl Krım!

Unutmayaq, kimlər olub

Bizi bizdən ayıran,

Unutmayaq, bir olunca

Sən TURANSAN, mən TURAN!

17.03.14.

Günün bütün mövzuları

XS
SM
MD
LG