Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:25

Günel Mövlud Avropa haqqında mifləri dağıdır, yoxsa?..


Fikrət Hüseynli
Fikrət Hüseynli
-
Polemika


"Günel Mövludun yaşadığı məhəlləni bütün Avropa sayması, fransızın Kürdəmiri görüb, «Azərbaycanda dağ yoxdur» deməsinə bənzəyir".



Fikrət HÜSEYNLİ


AVROPA HAQQINDA MİF DAĞITMAQ, YOXSA?..


Əslində, mən Günel Mövludun Avropa haqqında yazdıqlarına (Azadlıq Radiosunun "Oxu zalı"nda - red.) reaksiya verməyəcəkdim.

Ona görə yox ki, Günel xanım demişkən, mənə nə düşüb, azərbaycanlı ola-ola Avropanı müdafiə edəm?

Hörmətli yazarın məntiqincə, avropalılar Günel xanımın yazdıqlarını oxuyub reaksiya verməlidilər. Amma təəssüf ki, avropalılar Azərbaycan dilində bilmədiklərindən Günel xanımın yazdıqlarını Avropada yaşayan azərbaycanlılar cavablandırmalı olurlar.

Həm də ona görə cavablandırmaq istəmirdim ki, Günel xanımın düşüncələri, zənnimcə, Kürdəmiri görüb Azərbaycanda dağ olmadığı barədə məqalə yazan bir fransızın yazdığından ciddi şəkildə fərqlənmir. Məsələn, adi bir məqamı deyim.

Avropa haradır?

Günel xanımın Avropa deyərək ağ rəngləri belə, qara təqdim etdiyi bu qitənin təkcə ərazisi 10,5 milyon kvadrat kilometrdir. Şimaldan Nordkin, qərbdən Roki burunlarıyla, şərqdən isə Ural dağlarıyla başlayan Avropa qitəsi ən azı, 4 dənizi, yer kürəsinin 6 böyük adasını özündə birləşdirir.

Bu qədər ərazidə 731 milyon insan yaşayır. Ən müxtəlif millətlər bu qitədə özlərinə dövlət qurublar. Müxtəlif dövlət quruluşları mövcuddur. Və bütün bunların fonunda heç bir il deyil ki, Almaniyada - konkret olaraq Berlin şəhərində məskunlaşmağa çalışan Günel xanım yazısına “Avropa haqqında mifləri dağıtmaq” başlığı qoyub, özünün rast gəldiyi kiçik problemlərin, hansısa kənddə marketdən alış-veriş edən zaman kartının çalışmamasının bütün günahlarını ümumi Avropanın adına yazır.

Halbuki, Avropa qanunları baxımının gözüylə baxanda Günel xanımın özü haqsız görünür.

Almanın günahı, yoxsa azərbaycanlının məsuliyyətsizliyi?

Qərbi Avropada, Almaniya, Niderland, Belçika, Lüksemburq kimi ölkələrdə qanuna görə, başqa ölkədən işçi gətirən şirkət və ya qurum onun bütün problemlərini daha öncədən həll etməlidir.

Üç aydan artıq Avropa Birliyi ərazisində qalacaq və çalışacaq şəxsin adına bank hesabı açılması, qalacağı yerlə təmin olunması üçün iki ay əvvəldən dəvət edən tərəf aidiyyəti qurumlara məktubla müraciət etməlidir.

Həmin şəxsin adına bank hesabı açıb, qalacağı yeri müəyyənləşdirəndən sonra işçini dəvət etməlidir. Əgər Günel xanımı dəvət edən tərəf bunları etməyibsə, burada bütün Avropanın nə günahı ola bilər axı?

Qərbi Avropada şirkət açmaq, biznes qurmaq, bank hesabı və s. üçün ən əlverişli şərtlər Almaniyadadır. Hazırda Almaniya əhalisinin təxminən 10 faizini Avropa Birliyinin digər ölkələrindən gələnlər təşkil edir. Təbii ki, Qərbi Avropada hər şey zamanladır, ən müqəddəs şey zamandır. Əgər zamanında işini görməmisənsə, problemlərlə qarşılaşmağın təbiidir.

Etibarsız dövlətin etibarsız bank kartı...


Hörmətli xanımın yazısında qeyd olunur ki, Almaniyada marketlərin çoxunda başqa dövlətlərin bank kartlarıyla alış-veriş etmək mümkünsüzdür. Qətiyyən elə deyil. Almaniya marketlərində dünyanın etibar olunan bütün ölkələrinin bank kartlarıyla ticarət etmək mümkündür.

Söhbət Azərbaycan bankının kartından gedirsə, burada günahkar elə azərbaycanlılardır. Zamanında Almaniyada bütün ölkələrin bank kartlarından istifadə etmək mümkün idi. Lakin keçmiş sovetlər birliyindən gələnlər bank kartları ilə fırıldaq işlər görməyə başladılar. Master və Visa kartları müəyyən proqramlarla yükləyərək, guya ki, dükan və marketlərdə ödəmə elədilər.

Sonradan məlum oldu ki, marketlərdə çeklərdə ödəmə edildiyi qeyd olunsa da, hesaba pul köçməyib. Məhz bundan sonra bir çox Qərbi Avropa dövlətlərində keçmiş sovet respublikalarının, Afrika və bəzi Cənubi Amerika dövlətlərinin bank kartlarıyla ödəmə qəbul edilmədi. Müştəridən tələb edildi ki, nəğd ödəmə həyata keçirsin. Məsələn, Almaniyada Niderland kimi özünə hörmət edən dövlətin bank kartıyla istənilən ticarəti etmək mümkündür.

Avropanın diş problemi

Səhiyyənin pulsuz olmasına gəlincə, Qərbi Avropanın hər bir dövlətinin bununla bağlı öz qaydası var. Konkret olaraq, mənim yaşadığım Niderland Krallığında tibbi sığorta məcburidir. Əgər gəlirin varsa özün, çalışmırsansa, dövlət sənin əvəzinə aylıq sığorta pulu ödəyir.

Minimum sığorta məbləği ayda 104 avrodur. Bir nəfər olaraq, illik gəlirin 14 min avrodan azdırsa, ödədiyin bu sığortanın 60-70 faizini vergi idarəsi geri qaytarır. Nəticə olaraq, ayda 32 avro tibbi sığorta üçün pul ödəyirsən. Xəstələnən zaman 350 avroya qədər xərcləri özün ödəməlisən. 350 avrodan yuxarı olan xərclərisə, sığorta ödəyir. Bu sığortaya ildə iki dəfə dişləri təmizlətdirmək və yoxlatdırmaq da daxildir. Avropada dişin düzəldilməsi kifayət qədər bahalıdır. Lakin yenə də gəlirin aşağıdırsa, yaşadığın ərazinin bələdiyyəsinin tərkibində müəyyən qurumlara maddi yardım üçün müraciət edə və ya sosial sığorta bankından faizsiz kredit ala bilərsən.

Almaniya, Belçika, Lüksemburq, Isveç, Norveç, Danimarka kimi ölkələrdə isə vətəndaşlara güzəştli tibbi xidmət Niderlanddan daha yaxşıdır. Amma o da var ki, əgər kimsə işçi kimi gəlibsə, onun sığortasını çalışdığı şirkət ödəməlidir. Əgər işçini dəvət edən şirkət öz çalışanı üçün yüksək standartlı tibbi sığorta müqaviləsi bağlamayıbsa, burada bütün Avropanı günahlandırmağın heç bir adı yoxdur. Özü də Avropanın o hissəsini ki, Almaniyada yüzlərlə azərbaycanlı məhz bu dövlətin hesabına pulsuz müalicə edilərək həyata qaytarılıb. Hollandiyada neçə azərbaycanlı tanıyıram ki, həkimlər onları ən müxtəlif fondların yardımı ilə təmənnasız sağaldıblar. Nə qədər azərbaycanlı əlili protezlə təmin ediblər.

Minimum əməkhaqqı

Əməkhaqqıya gəlincə, Qərbi Avropa dövlətlərində ən aşağı maaş 1386 avro sayılır. Əgər 1536 avro maaş alırsansa, bundan 200 avroya qədər vergi tutulur. Bu məbləğdən, əgər təksənsə, maksimum 350-400 avro kirayə haqqı ödəyirsən. Çünki qanuna görə, aşağı gəlirli şəxsin evinin kirayəsinin 40-45 faizini dövlət ödəyir.

Evin kirayə haqqı 550 avrodursa, bunun 310-nu sən, 240-nı dövlət verir. 110 avro tibbi sığorta pulu verirsən ki, bunun da 65 faizini sonradan vergi idarəsi hesabına ödəyir. Iş yerinə 10 kilometrdən aralı yaşayırsansa, yol xərcini çalışdığın qurum ödəməlidir. Yəni, bütün ödəmələri edəndən sonra 550-600 avro pul qalır. Amma bu, tək adama aiddir. Uşağın varsa, ayda 150 və ya 200 avro uşaqpulu alırsan. Aşağı gəlirlisənsə, dövlət uşağının təhsil haqqını ödəyir. Bir ailədə iki nəfər çalışırsa və gəlirləri yüksəkdirsə, övladlarının təhsil haqqını təbii ki, özləri verməlidir. Lakin Norveç, Isveç kimi dövlətlərdə təhsil ümumiyyətlə, pulsuzdur.

Hollandiyaya gəl...

Indi isə dilənçilər məsələsi. Bütün Avropanı dilənçilərin bürüdüyünü deyən həmkarıma bildirirəm ki, Niderland Krallığı ərazisində 1 dilənçi belə yoxdur.

Bunun üçün dövlət xüsusi fondlar yaradıb. Həmin fondlar küçə qəzetləri (straatkrant) və ya evsizlər qəzeti çap etdirib, onların vasitəsilə yaydırırlar. Bunun qarşılığında isə evsiz və dilənçilərə maddi yardım göstərirlər. Almaniyada, Fransada dilənçilər var. Həmin dilənçilərin əksəriyyəti Rumuniya, Bolqarıstan, Portuqaliya kimi ölkələrdən gəlmiş qaraçılardır.

Hollandiyadan fərqli olaraq Almaniya və Fransa daha demokrat tərpənib dilənçilərin hüququnu pozmur. Niderlandda yalnız küçə musiqiçiləri və küçə aktyorları var.

Ümumiyyətlə, bir çox məqamları sadalaya bilərəm. Lakin hələ ki, burada nöqtəni qoymağı vacib sayıram. Və Günel xanımı çox uzağa yox, Almaniyanın qonşusu Hollandiyaya səfər etməyə çağırıram. Öncə gəzib görün, sonra azərbaycanlısayağı iş izni alınması üzündən rastlaşdığınız problemlərə görə bütün Avropanı ittiham edin.


http://www.azadliq.info/xeberler/358-xeber/44574-avropa-haqqnda-mif-datmaq-yoxsa.html

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG