Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:22

Dopinq qalmaqalı ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının 8 üzvü işdən çıxarılıb


-
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi Azərbaycanın 18 ağırlıqqaldıranının dopinq qalmaqalı ilə üzləşməsini, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının tətbiq etdiyi sanksiyaları məyusluqla qarşılayır.

Nazirliyin saytının yaydığı məlumatda deyilir ki, “bütün dünyada böyük problem kimi yaşanan dopinq qalmaqalı Azərbaycanda da daim diqqət mərkəzində olub. İdmançılarımızın bu problemdən uzaq olmaları üçün lazımı tədbirlər görülüb, 2006-cı ildən etibarən nazirliyin nəzdində “Dopinqlə mübarizə” sektoru fəaliyyət göstərməyə başlayıb. Hazırda MOK-un nəzdində də xüsusi antidopinq komissiyası yaradılıb”.
Bəyanatda deyilir ki, yaranmış durumla bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Ağır Atletika Federasiyası problemin həlli üçün birgə səylər göstərir.

18 Azərbaycan atletinin dopinq qalmaqalı ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyası qurumun 8 üzvünün (rəsmilər, məşqçilər və həkim) işdən uzaqlaşdırılmaları ilə bağlı qərar qəbul edib. Federasiya araşdırmaları davam etdirir. Federasiya rəhbərliyi bildirir ki, araşdırma nəticəsində məsuliyyəti olan digər şəxslər də qurumdan uzaqlaşdırılacaq.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi də yaranmış problemlə bağlı araşdırmalarını davam etdirir. “Araşdırmanın əsas istiqamətlərindən biri idmançılardan 2013-cü ilin aprel, iyun və sentyabr aylarında dopinq testləri götürülsə də, testlərin müsbət çıxması ilə bağlı cavabların bəlli olmasından bir il sonra BAAF-ın rəsmi səhifəsində yer almasıdır. Digər araşdırması tələb doğuran suallardan biri isə idmançılarımızın dopinq testlərinin müsbət çıxmalarına baxmayaraq BAAF tərəfindən onların beynəlxalq yarışlara buraxılmasıdır. Bu və digər suallar hal hazırda GİN və MOK tərəfindən cavablandırılması üçün aidiyyatı qurumlara ünvanlanıb”.

Azərbaycan 2003-cü ildən Avropa Anti dopinq konvensiyasına qoşulub. 2007-ci ildə prezident İlham Əliyev Azərbaycanın İdmanda Dopinqə qarşı Mübarizə haqqında Beynəlxalq Konvensiyasına qoşulması üçün sərəncam imzalayıb.

Aprelin əvvəlində Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimələyib.
XS
SM
MD
LG