Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:18
Ağcəbədi rayon sakini Əhməd Babayev “Qaynar xətt”ə yaxın qohumundan şikayət edib. Deyir ki, bir neçə il əvvəl qohumu Azad Fərəcovun vasitəçiliyi ilə içərisində yarımtikili otaqları olan torpaq sahəsi alıb. Buna görə Azad Fərəcova 28 min dollar verib. Sonradan ona məlum olub ki, torpaq sahəsi əvvəldən ona deyildiyi kimi 7 sot yox, 5 sotdur. Üstəlik, torpağın sənədi də yoxdur. Torpaqdan imtina etsə də bu günə qədər pulunu geri ala bilmir.

"PULU QAYTARMADI"

Əhməd Babayev: “Mehdiabadda Azad Fərəcovun qızı qalır. Elə torpağı da orda tapmışdı. Zəng vurub dedi belə bir yer var, qardaşın üçün alaq. Mənim qardaşım onun kürəkənidir, Rusiyada yaşayır. Qardaşımla məsləhətləşdim, razılaşdıq. Qardaşımla mən şərikli 28 min dollar qoyduq, Azad Fərəcov da 3 min dollar qoydu, 31 min dollara aldıq. Torpaqdan 1 sot yarım da ona çatmalı idi. Söz vermişdi ki, sənəd məsələsi mənlikdir, ancaq aylar keçdi, məlum oldu ki, sənəd düzəlməyəcək. Başladım əvvəl sənəd tələb etməyə. Bir neçə ay tələblərdən sonra gətirib hüquqi təsdiqi olmayan bir kağız verdi, dedi ki, torpağı satan yazıb göndərib. Kağızda həqiqətən də bizdən pul alındığı və tezliklə sənədin düzələcəyi yazılmışdı. Başqa bir imza ilə yanaşı Azad Fərəcovun öz imzası da var idi. Gördüm sənəddən səs-soraq yoxdur, pulu geri tələb etdim. Dedi bu gün göndərərəm, sabah göndərərəm, beləliklə də pulu qaytarmadı”.

Pul mübahisəsi yaxın qohumları nəinki uzaq edib, üstəlik məhkəmə qapılarına da salıb. Əhməd Babayev deyir yaxın qohumunun hərəkətindən əvvəl polisə şikayət edib. Tələb edib ki, qohumuna qarşı cinayət işi başlansın. Ancaq polisdə ona mülki qaydada məhkəməyə müraciət etməli olduğunu bildiriblər. Məhkəmə isə onun iddiasını təmin etməyib.

“Azad Fərəcov məhkəmədə hər şeydən imtina etdi, hakim soruşdu ki, bu imzalar kimindir, dedi xəbərim yoxdur. Mən imzanın ona məxsus olub-olmadığının yoxlanılması üçün ekspertiza tələb etsəm də məhkəmə vəsatətimi təmin etmədi. Proses elə gedirdi ki, sanki pulu mən almışam, bütün cinayətləri mən işləmişəm. Azad Fərəcovu təmizə çıxartdı, az qaldı mənim özümü ona borclu çıxartsın”.

"TORPAĞI QARDAŞIM ALIB"

Azad Fərəcov isə “Qaynar xətt”ə bildirib ki, torpaq sahəsini Əhməd Babayev yox, onun Rusiyada yaşayan qardaşı alıb:

“O torpağı mən tapmışam, özləri də bəyənib alıblar. Pulu da qardaşı verib, hansı ki, mənim kürəkənimdir. Alınan torpaq 6 sot idi, 1,5 sotu onun, 1,5 sotu mənim, qalan 3 sotu kürəkənimindir. Torpaq orda, ev orda. Əlindən alan yoxdur. Yeri mən tapmışam, pulu kürəkənim göndərib, o isə gətirib verib torpağı satan adama, vəssalam. Burda mənlik nə var ki? Mən də onun kimi torpaq alanam. Bu yaxınlarda müştəri çıxmışdı, dedim sataq, pullarımızı geri götürək, kürəkənim razı olmadı”.

Əhməd Babayev razılaşmır. Deyir şikayətlərini davam etdirmək fikrindədir. O, Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa şikayət yazıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG