Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:04
-

Aprelin 23-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


XƏLƏF XƏLƏFOV PRİNSİPİAL RAZILIQDAN DANIŞDI

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən konfransında iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov AzərTAc-a müsahibə verib. O, bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan zirvə görüşündə qəbul olunacaq yekun sənədin razılaşdırılması ilə bağlı bir çox prinsipial məsələlərdə ümumi razılıq əldə edilib.

Həştərxan zirvə görüşünədək xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun Tehran və Həştərxanda daha iki görüşünün keçirilməsi planlaşdırılır. X. Xələfov deyib: «Böyük ehtimal var ki, bu görüşlər çərçivəsində gündəliyə çıxarılacaq bütün məsələlər üzrə razılaşma əldə olunacaq. Söhbət ilk növbədə, dövlət başçılarının zirvə görüşünün yekunlarına dair qəbul edəcəkləri sənəddən gedir. Bundan əlavə, zirvə görüşünün nəticələrini əks etdirən kommünikenin qəbul edilməsi məsələsi də razılaşdırılacaq. Eyni zamanda, hidrometeorologiya, nərə balıqlarının ovlanmasına moratorium qoyulması sahələrində razılaşmalar, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin razılaşdırılması üzərində işlərin başa çatdırılması nəzərdə tutulmuşdur. Ekspertlər zirvə görüşünədək bütün sənədlərin razılaşdırılmasını başa çatdırmalıdırlar».

İNSANLIĞA XƏYANƏT VƏTƏNƏ XƏYANƏTİ MÜHAKİMƏ EDİR

«Azadlıq» qəzetində Qənimət Zahid yazır:
Rauf Mirqədirov

Rauf Mirqədirov

«...Rauf Mirqədirov vicdanını qələminin müqəddəsliyinə həsr edən jurnalistlərdəndir. Onun tematikası daxili siyasəti az ehtiva edərdi. Buna görə də Rauf bəyin Bakı aeroportunda yoxa çıxması sorağını aldığım an barmağımı dişlədim və ona qarşı casusluq ittihamını irəli sürəcəklərini qət etdim. Türkiyədən cibinə qumbara qoyub gəlməzdi, hava limanında əməkdaşlara qarşı müharibə elan edə bilməzdi, çünki zatən deportasiya olunurdu. Nurçu deyildi, «radikal müxalifət jurnalisti» deyildi. Amma onun nəyə görə məhz casusluqda ittiham ediləcəyini özüm üçün izah edə bilmədim və indi də bilmirəm...

Amma indi aydın olur ki, Rauf Mirqədirovun həbsi kütləvi həbslər dalğasının hazırlanması və həyata keçirilməsi üçün gərək imiş. Bu dalğada kimlərin və hansı məqsədlərlə həbs ediləcəyi isə proqnoz məmulatı deyil. İstədikləri adamları və istədikləri zaman həbs edə bilərlər. Artıq Bakı hava limanı Heydər Əliyev adına, həm də, mənəvi baxımdan haqq etməyə başlayırsa... ».

QƏRBİN LAYİHƏSİ, ŞƏR(Q)İN ƏNƏNƏSİ

«Yeni Müsavat» qəzetində Xalid Kazımlının yazısında oxuyuruq: «Xalq diplomatiyası»nın zibili çıxdı. Jurnalist Rauf Mirqədirovun Ermənistanın xeyrinə casusluqda ittiham edilməsi bu layihəyə sarsıdıcı zərbədir...

Ona görə də «xalq diplomatiyası» çərçivəsində Ermənistana gedib-gələnlərə, ermənilərlə üçüncü bir dövlətin ərazisində görüşənlərə münasibət Azərbaycanda birmənalı deyildi. Onlar tez-tez mətbuatda tənqid olunur, sözlü hücumlara məruz qalırdılar.

Bununla belə, bu ictimai-siyasi fəal şəxslərin də deməyə sözləri vardı, nə də özlərini müdafiə edə bilirdilər, sübut edirdilər ki, əvvəl-axır ermənilərlə sülh şəraitində yaşamalı olacağıq və bu, nə qədər tez olsa, o qədər yaxşıdır.

ALLAHIN ÜMİDİNƏ QALAN PİRALLAHI

«Bizim yol» qəzeti Gülər Mehdizadənin Pirallahı rayonundan reportajını dərc edib.

Pirallahı

Pirallahı

«Pirallahı qəsəbəsinin sakinləri evlərinin qəzalı vəziyyətdə olmasından şikayətcidir. İkimərtəbəli, qəza şəraitində olan hər üç binada yerli sakinlər və məcburi köçkünlər yaşayır. Yerli sakinlər burada ötən əsrin 70-75-ci illərindən məskunlaşdıqlarını bildirdilər. Binanın tikilməsi tarixi isə «daha öncəyə aiddir», - deyirlər. Sakinlərin təxminən yarı faizini təşkil edən məcburi köçkünlər isə binada 1992-ci ildən məskunlaşıblar. «Bax 50 ildir ki, burada yaşayıram. Nəsə deməyə gərək varmı? Göz qabağındadır. Yağan yağış başımızdadır. Külək əsəndə qorxuruq ki, olan-qalan dam da uçacaq. Əvvəllər ən gözəl yerlərdən biri idi Artyom. O zaman buralara nəzarət güclü idi. İndi həm gözdən, həm də könüldən uzaq qalmışıq. Nə yaşanası deyil, nə də təmir etmək olmur. Təmir etməyə imkan vermirlər ki, onsuz da plana düşüb. Di, plana düşüb, lap yaxşı. Gəlin sökün, biz də işimizi bilək», - deyir Pirallahı sakini Əmir Süleymanov».

TÜRKİYƏDƏN «TROYA ATI»

«Zerkalo» qəzeti yazır ki, Ukrayna-Rusiya konfliktinin Azərbaycana mənfi təsiri ola bilər. Belə ki, Avropa Birliyi ölkələri təbii qaz təchizatında «oyun»un qaydalarını dəyişmək istəyirlər. Neftdən fərqli olaraq, təbii qazın ixracı spesifik məsələdir. Qaz ixracatçıları bahalı qaz boruları çəkməlidirlər. Bundan sonra da konkret bir regionun tələbatından asılı qalırlar.

DUSTAĞIN İNFORMASİYA PAYI: NECƏ KƏSİLİR?

«Media forum» saytı İsmayıl İsmayılovun yazısını dərc edib.
«...Hollandiyanın «Penitentiary Maashegge» həbsxanasının saxlanma şəraiti ortabab oteldən fərqlənmir. Təmiz kameralar, gözəl parklar, idman meydançaları, müasir kitabxana burada adi haldır. Qohumlarla ayda bir dəfə 2 saatlıq görüşə icazə verilir, hər həftə telefonla 10 dəqiqə danışmaq olar, amma pulludur. Məhbuslara işləmək imkanı yaradılıb – hər gün 4 saat, cəmi 25 avro pul verilir. Hər otaqda radio-televizoru qoşmaq üçün ştepsel, mühafizə xidməti ilə əlaqə vasitəsi var.

Kamerada televizora baxmaq pulludur – ayda 6 avro. Pulu olmayan ümumi istirahət otağındakı televizordan havayı yararlana bilər. Özünü yaxşı aparan məhbuslara televizorda oyun oynamaq üçün qurğu da pay edilir. Hər kamerada mütləq saat olmalıdır. Məhbuslara şəkil çəkmək üçün tabaşir verilir. Qapıların quruluşu üzərində rəsm işləməyə imkan yaradır. Futbol, basketbol meydançaları, dini mərasim otağı, müxtəlif stolüstü oyunların olduğu məkan da var. Xüsusi kompüter otağında işləmək də olar.

«SOVETSKİ»DƏN KÖÇMƏK ÜÇÜN MÜRACİƏT EDƏN AİLƏLƏRİN SAYI 700-Ə ÇATIB
Sovetski

Sovetski

«Bakının «Sovetski» məhəlləsində köçürmə işləri 6 mərhələdən ibarət olacaq». APA-nın məlumatına görə, bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Yasamal rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasda söyləyib.

İ. Mehdiyev bildirib ki, köçürülmə işlərinə bu ilin əvvəlindən başlanılıb. Onun sözlərinə görə, ilk mərhələlərdə söküntü ərazisinə düşən 2830 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, görülmüş müvafiq tədbirlər nəticəsində mövcud gərginlik aradan qaldırılıb. Köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG