Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:51
-

Aprelin 28-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı, 15 «Qremmi» və 4 «Emmi» mükafatı laureatı İtzhak Perlman-ın konserti keçiriləcək.

Heydər Əliyev Mərkəzinin yaydığı xəbərə görə, bu mərkəzdə baş tutacaq konsertdə yəhudi əsilli amerikalı musiqiçi Bakı tamaşaçıları qarşısında tanınmış şri-lankalı pianoçu Rohan de Silva-nın müşayiəti ilə çıxış edəcək.

Klassik musiqi gecəsində dahi bəstəkarlar Ludwig van Beethoven, Richard Strauss və Claude Debussy-nin ölməz əsərləri səsləndiriləcək.

İtzhak Perlman 1945-ci ildə İsraildə doğulub.

Təl-Əviv Musiqi Akademiyasında, daha sonra ABŞ-ın incəsənət sahəsində ən böyük tədris müəssisələrindən olan Culyard Məktəbində təhsil alıb.

1964-cü ildə Amerikada akademik musiqi ifaçıları arasında keçirilən nüfuzlu Leventrit müsabiqəsinin qalibi olub və bu, onun gələcək karyerasına önəmli təsir göstərib.

Virtuoz skripkaçı həmin vaxtdan məşhur orkestrlərlə və solo konsertlərlə dünyanı dolaşır.

İndiyədəki müxtəlif ölkələrin nüfuzlu salonlarında, o cümlədən ABŞ-ın Kennedi Mərkəzində, bir neçə dəfə Ağ Evdə çıxış edib.

İtzhak Perlman dirijorluğu ilə də tamaşaçıları heyran edib.

Nyu-York Filarmoniyası, Milli Simfonik Orkestr, Filadelfiya Orkestri, Los-Anceles Filarmoniyası, Çikaqo, Boston, San-Fransisko, Sent-Luis, Dallas, Hyuston simfonik orkestrləri və digər kollektivlər onun rəhbərliyi altında konsert proqramları ilə çıxış edib.

İtzhak Perlman 2005-ci ildə Culyard Məktəbinin 100 illik yubileyi münasibəti ilə bu təhsil müəssisəsinin fəxri doktoru adına və medala layiq görülüb.

O, 1986-cı ildə ABŞ-ın «Azadlıq medalı», 2000-ci ildə isə «Milli incəsənət medalı» ilə təltif olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG