Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:01
-

Qəbələnin Xırxatala kəndi artıq 22 ildir qaz üzünə həsrət qalıb. Bu kəndə mavi yanacaq 1990-cı ildə verilib. Kənd sakinlərinin sözlərinə görə, bu xoşbəxtlik cəmi 2 il çəkib. 1993-cü ilin əvvəlindən qaz kəsilib və indiyədək də odun verilməsini gözləyirlər.

Xırxatala kənd sakini Mahmud Əliyev ehtiyacdan uşaqlarının üzünə baxa bilmədiklərini deyir:

«ELƏ AİLƏLƏR VAR Kİ, HEÇ ODUN ALA BİLMİR...»
«Bu körpə uşaqların nə təqsiri var ki, biz onları isidə bilmirik. Xəcalət çəkirik uşaqların yanında. Hər vaxt odun almaq olmur, bahadır. Elə ailələr var ki, heç odun ala bilmir, borc istəyir, verməməkdə olmur. Gəlir deyir, mənə iki-üç qucaq odun ver, necə verməyim, axı almağa imkanı yoxdur».

MEŞƏLƏR QIRILIR...

Digər sakin Cavanşir Əhmədov isə deyir ki, meşələr qırılır, artıq məhv olmaq həddinə çatıb: «Hamımız deyirik ki, ekologiya qorunsun, ağaclar kəsilməsin. Ağacı kəsirsənsə, elə bir ailə üzvünə ziyan yetirirsən. Təbliğatda edirik, amma nə olsun, əməl eləyən yoxdur. Bir yandan da qınamağa haqqımız yoxdur. Kəsib yandırmasa, imkan da yoxdur odun almağa, onda gərək soyuqdan ölək».

Sakinlərdən Əntiqə Abdullayeva da bildirir ki, qış boyu bir neçə maşın odun almaq məcburiyyətindədirlər:

«QAZI VERİB PULUNU ALSINLAR»
«Bir maşın odun alırsan 10-15 gün çatmır. Çünki qonşulara da paylayırıq. Belə bir acınacaqlı vəziyyətdir. Meşələr talan olunur. Hazır borular var, o vaxtdan çəkilmiş xətlər var, qazı niyə vermirlər bilmirik. Qazı verib pulunu alsınlar. Pulumuzu verib odun alınca, meşələrə ziyan vurunca, qaz versinlər pulunu verək».

Sakinlərin sözlərinə görə, qazın kəndə verilməsində heç bir texniki problem yoxdur. Əsas qaz xətti və orta təzyiqli xətlərinin hamısı yerindədir. 1990-cı ildə çəkilməsinə baxmayaraq bütün xətləri bir gün qaz gələcək ümidi ilə qoruyub saxlayıblar. Bir necə dəfə də rayon icra hakimiyyətinə müraciət ediblər. Demələrinə görə, başçının müavini 2009 və 2011-ci illərdə onları qəbul edib, qazın çəkilişinə söz versə də hələ də gözləməkdədirlər.
Qəbələ rayon qaz istismar idarəsi

Qəbələ rayon qaz istismar idarəsi

QAZ OLACAQ...

Məsələ ilə bağlı Qəbələ rayon qaz istismar idarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, rayon ərazisində bir çox kəndlərə qazın verilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Həmin kəndlərin içində Xırxatala kəndinin də adı var. Əsas vəzifə bu ilin sonuna qədər bir çox kəndlərə qaz xətinin çəkilməsidir. İdarədən həmçinin bildirdilər ki, layihə-smeta sənədləri təsdiq olunub maliyyə ayrılan kimi xətlərin yenidənqurulması başlayacaq.

Şərhləri göstər

XS
SM
MD
LG