Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:11

Əhalinin gəlirləri bahalaşmanı üstələyirmiş


-

Aprelin 22-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


BU ACLIĞA DƏYƏRMİ?

Əli Əkbər «Yeni Müsavat» qəzetində NİDA-çı gənclərin aclıq aksiyasından yazır:

«Dostlar, bir sözüm var e, hər eşidəndə ürəkdən qəşş edib gedirdiniz, yadınıza düşdümü? Ən çox da intonasiyama görə gülməkdən cırılırdınız? Bax, o sözümü bunlara aid edərək soruşuram: Dəyərmi? Onlar bu gündür, siz isə sabahsınız. İndiyəcən sizə dair bir şey yazmadım, çünki nə yazacağımı bilmirdim. Şəkillərinizi profil şəkli də etmədim - sizə faydası olmayacaq deyə. İlk dəfədir səslənirəm - bir daha düşünün. Dəyərmi?

Təəssüf ki, əlimdən bir şey gəlmir. Dörd divar arasında, gün üzünə həsrət gənc insanların nələr çəkdiyini, çəkə biləcəyini burada, Avropanın mərkəzində oturaraq hiss etməyim imkansızdır. Sizin üçün heç nə edə bilmərəm, bu qədər açıq deyirəm. Simvolik aclıq aksiyası qurub nə sizi, nə də özümü aldatmaq istəmirəm - gülərsiniz mənə. Mən zatən sizdən zirək, sizdən ağıllı, sizdən tədbirli davranıb, bunların əlindən qaçıb canımı qurtarmışam. Burada, əlimdə pivə butulkası, artistlik edə bilmərəm. Mənə yaraşmaz.

Amma çox səmimiyəm - siz bizə çox lazımsınız. Bizi sabahsız qoymayın. Ac qalmaqla səsinizi kimə duyurmaq istəyirsiniz? Xalqımıza? Boşlayın getsin.

Avropaya, ABŞ-a? Sizə bir sirr açım - onların vecinə də deyil.

Bunlara? Bunlara da elə bu lazımdır - sizin fiziki məhviniz. Nətəhər sevinəcəklər, təsəvvür etməzsiniz».

ABBAS ABBASOVUN OĞLUNU DEPUTAT, ONLARIN OĞLUNU DUSTAQ
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
...«Azadlıq» qəzetində Şahvələd Çobanoğlunun yazısında oxuyuruq:

«...O siyasətdən söhbət gedir ki, siz Abbas Abbasovun heç kimin tanımadığı oğlunu deputat etdiniz, müstəqillik üçün canından keçməyə hazır olan cəsur gəncləri isə dustaq. İndi aclıq edən anaların oğullarını deyirəm. Əslində, oğullar da aclıq edir.

Bəlkə Abbas Abbasovun oğlunu doğrudan da xalq seçib? Bəlkə digərlərini də xalq seçib? Bunları düşünüb, özünüzə sual edin, kiminsə Kremlə işləməsi çox qorxulu deyil, çox qorxulu olan sizin elədiyinizdir. Bütöv bir ölkəni Kremlin əsarətinə sürükləyirsiniz.

...Anar Məmmədlinin məhkəməsi başladı dünən. Məhkəməyə zərərçəkən adı ilə gətirilən adamlar Anar bəyin müdafiəsinə qalxdı. Sifarişlə hökm oxuyacaq hakimin də gülməyi tuturdu. Zərərçəkənlər:

Anar bu ölkədə Abbas Abbasovçuluğun qarşısını ala biləcək düşüncənin ən layiqli nümayəndəsidir. Anar azadlıq və demokratiyanı təmsil edir. Azərbaycanı gerçək müstəqilliyə və azadlığa aparacaq arzuları təmsil edir. Amma siz o qədər ziyalı, o qədər saf bir adamı şərləyib tutursunuz və sonra da xalqdan, vətəndən danışırsınız...».

ƏHALİNİN GƏLİRLƏRİ İSTEHLAK QİYMƏTLƏRİNİN BAHALAŞMASINI ÜSTƏLƏYİR

«Azərbaycan» qəzeti yazır ki, 2014-cü ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artıb və 9,1 milyard manata çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gəlirin hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat, yaxud ayda 323,1 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 3,2 faiz olub. Gəlirlərin 70,9 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının 2,2 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 8,3 milyard manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 4,8 faiz artıb.

RUSİYADAKI YENİ VƏTƏNDAŞLIQ QANUNU NƏ DEMƏKDİR?
Vladimir Putin
Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin keçmiş SSRİ məkanında yaşayan, rus dilini bilən şəxslərə sadələşdirilmiş şəkildə vətəndaşlıq verilməsi qanununu imzalayıb. «Media forum» saytına danışan Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov qeyd edib ki, bu məsələ yeni deyil: «2006-cı ilin iyunun 22-də Putinin öz sərəncamı ilə Rusiya Federasiyasından kənarda yaşayan yurddaşların geriyə qaytarılmasına yardım olunması üçün dövlət proqramı qəbul olundu. Həmin proqramın və eləcə də Rusiyanın miqrasiya qanunvericiliyinin şərtlərinə görə, «1999-cu ilin may ayına qədər Rusiyanın sərhədlərindən kənarda yaşayan, SSRİ vətəndaşlığı olan və respublikalar müstəqilliyini elan etdikdən sonra onların vətəndaşlığını qəbul edən, eləcə də vətəndaşlığı olmayan şəxslərə yurddaş statusu tanınır. 2012-ci ildə müddətsiz elan olunan dövlət proqramı SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyasının sərhədləri kənarında qalan insanların Rusiyaya köçürülməsi və yerləşdirilməsini nəzərdə tuturdu.

...Rusiyanın indiki vəziyyətində bu qanundan istifadə edənlərin çox olacağı ağlabatan deyil. Qanun rus dili biliyinin səviyyəsini yoxladıqdan sonra vətəndaşlığın 3 ay ərzində verilməsini nəzərdə tutur. Belə hüquqdan istifadə etmək istəyində ola biləcək şəxslərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir və Rusiyada gəlmələrə olan münasibətdən, Moskva şəhərində hətta Rusiyanın regionlarından olan rusların miqrasiya xidmətlərində necə incidilməsindən xəbərdardırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG