Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:28

Səmayə, sən söylə Qəmər xalaya..


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Esmira Məhiqızı


Səmayə, sən söylə Qəmər xalaya..
söylə ki, ermənlər əsirlərimizi qaytarmadı.
və mən də rəhmət oxudum gözlərimə-
amma ən çətin iş imiş,
ağlayasan, gözündən yaş gəlməyə...

Səmayə,
gəlib-gəlib bir ayrılıqda dayanmışam,
bütün dərdlərlə baş-başa
Qəmər xalanın saçlarının gəncliyini
xatırlayıram.....
bilirsən necə uzun saçları vardı,
həmişə madar balası
saçlarını oynadardı.

Səmayə, mən deyə bilmirəm,
Qəmər xalaya dedinmi Şuşa qayıtmadı,
Ağdamı bu il də almadıq
və onun madar balasını
gördüm deyən olmadı.

Səmayə, niyə susursan?
-Qəmər xalanı da yola saldıq!
-hara?
-gözlərini yumanda,
dedi ki, Şuşaya gedirəm!


***

o qadın həmişə gələrdi...
quru çörək yığmağa.
lap qurularını götürmürdü,
yumşaqlarını aparırdı.
deyirdi, toyuqlarım var,
cücələrim var...

hər dəfə də Adilə xala tapşırardı,
-a gəlin, onda bizə həyət yumurtası gətir,
gətir sat da...biz də alaq.

o qadın da susardı,
susub çıxıb gedərdi.
və qızı bizim məktəbdə oxuyardı,
dəqiq bilirdim, atası da yox idi.
bir dəfə tənəffüsdə yediyim kökənin
parası əlimdə qaldı...
bilmədim hara qoyam.
uzatdım çörək yığan arvadın
üzü saralmış qızına:
-apar toyuqlarınıza.
osa başını buladı:
-biz yataqxananın 7-ci mərtəbəsində oluruq,
bizim toyuğumuz yoxdu.

o qadın həmişə gələrdi...
və elə gələrdi ki,
elə bil ürəyimə gəlir
çörək yığmağa.
və ürəyimdən yığardı
çörək qırıqlarını.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG