Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:07

Hakim Anar Məmmədlini ev dustaqlığına buraxmadı- [Video]


Hakim Anar Məmmədlini ev dustaqlığına buraxmadı
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Hakim Anar Məmmədlini ev dustaqlığına buraxmadı

-
Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İşə hakim Rauf Əliyev baxır.

Prosesi izləmək üçün AB, ABŞ, Böyük Britaniya, Niderland, Almaniya, Macarıstanın Bakıdakı səfirliklərindən nümayəndələr, həmçinin hüquq müdafiəçiləri gəlib.

ANAR MƏMMƏDLİ DƏMİR BARMAQLIQLAR ARASINDAN ÇIXARILACAQ

A. Məmmədlinin vəkili Elçin Sadıqov və Fariz Namazlı onun barmaqlıqlar arasından çıxarılması, vəkillərinin yanında oturması barədə vəsatət qaldırdılar. Hakim vəsatəti təmin etsə də, bunun növbəti məhkəmə prosesindən tətbiq ediləcəyini bildirdi.

Vəkil Elçin Sadıqov bildirdi ki, Anar Məmmədliyə qarşı irəli sürülmüş ittihamların heç birinin əsası yoxdur: “ABŞ və Azərbaycan arasında 2001-ci ildə imzalanmış sazişə görə, ABŞ-dan gələn humanitar yardımlar vergidən azaddır. Bu sazişdə qrant da humanitar yardım kimi xarakterizə olunub”.

“ORTADA MÜLKİ İDDİA, ZƏRƏRÇƏKƏN YOXDUR”

Vəkilin sözlərinə görə, Anar Məmmədliyə qarşı külli miqdarda mənimsəmə və ya israfetmə ittihamı üzrə işdə zərərçəkən yoxdur: “Anar Məmmədli qrant layihələri ilə işləyib. Bu zaman zərərçəkən bu vəsaiti ayıran təşkilatlar olmalı idi. Amma işdə heç bir şikayət ərizəsi, mülki iddia yoxdur”.

Ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamına toxunan Elçin Sadıqov dedi ki, Anar Məmmədlinin, o cümlədən digər təqsirləndirilən şəxslərin seçkinin nəticəsinə təsir edə biləcək hər hansı fəaliyyətləri yoxdur: “Bundan başqa, Anar Məmmədli sənədləri saxtalaşdırmada ittiham olunur. İstintaq materiallarında bunu sübut edəcək hər hansı bir dəlil yoxdur”.

“QHT SAHİBKARLIQ SUBYEKTİ DEYİL”

Təqsirləndirilən digər şəxs Bəşir Süleymanlının vəkili Əlibaba Rzayev bildirdi ki, qanunsuz sahibkarlıq fəaliyyəti ittihamı da əsassızdır: “Çünki həm Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, həm də Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi qeyri-hökumət təşkilatıdır. Bunlar biznes strukturu deyil. Sənəd saxtakarlığına gəlincə, rəsmi sənəd anlayışı dövlət qurumlarına, bələdiyyə orqanlarına aiddir. Məsələn, daşınmaz əmlaka verilən mülkiyyət hüququ rəsmi sənəddir. Bu iki təşkilat hazırda bu cinayət maddələrinin subyekti ola bilməzlər”.

Vəkillər vəsatət qaldırdılar ki, bu sübutlar əsas götürülərək cinayət işinə xitam verilsin.

“ANAR MƏMMƏDLİ EV DUSTAQLIĞINA VERİLSİN”

Anar Məmmədlinin digər vəkili Fariz Namazlı vəsatət qaldırdı ki, Anar Məmmədli barəsində seçilmiş həbs-qəti imkan tədbiri onun istintaq altında olması ilə əsaslandırılmışdı: “Amma artıq istintaq başa çatıb. Anar Məmmədlinin məhkəməyə təqdim edilən sübutları dəyişdirmək və ya saxtalaşdırmaq imkanı yoxdur”. Buna görə də vəkil Anar Məmmədlinin girov müqabilində ev dustaqlığına verilməsini istədi.

ZƏRƏRÇƏKƏNLƏR MÜDAFİƏ TƏRƏFİNİ DƏSTƏKLƏYİR


Digər vəsatət işdə adı keçən zərərçəkənlərlə bağlı idi. Vəkillər zərərçəkənlərlə bağlı epizodların sübuta yetirilmədiyini, ona görə də onlarla bağlı hissəyə xitam verilməsini istədilər. Məhkəmə zalında oturan və bu cinayət işində zərərçəkmiş kimi tanınan Zahid Rüstəmli, Elşən Süleymanov və Kamil Əliyev də müdafiə tərəfinin bütün vəsatətlərini qəbul etdiklərini bildirdilər.

TƏMİN EDİLƏN VƏ EDİLMƏYƏN VƏSATƏTLƏR


Vəkillər cinayət işində rəy vermiş ekspertlərin və əlavə şahidlərin prosesə çağırılmasını istədilər. Hakim bu vəsatəti qəbul etdi. Amma prosesdə jurnalistlərə çəkiliş aparılmasına şərait yaradılması, cinayət işinə, o cümlədən zərərçəkənlərin iştirakına xitam verilməsi, Anar Məmmədli barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər təmin olunmadı.

Məhkəmə prosesi aprelin 28-nə təyin edilib.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda, o cümlədən seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.

Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini “vicdan məhbusu” sayır.

Müdafiə tərəfi bildirir ki, Anar Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqini aparmasıdır.
XS
SM
MD
LG