Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:31

Yapon göz həkimi Bakıdadır


Tanınmış yapon alimi və «Fuci Optikal» özəl şirkətinin rəhbəri Doktor Akio Kanai Azərbaycana növbəti humanitar missiyasını həyata keçirmək üçün gəlib. Bu barədə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisi məlumat yayıb.

Məlumata görə, aprelin 21-də Doktor Kanai və onun 6 optometrist mütəxəssisdən ibarət heyəti İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarında məcburi köçkünlər üçün göz müayinəsi həyata keçirmək məqsədi ilə Azərbaycanın cənub-qərb rayonlarına yola düşür. Növbəti həftənin bazar ertəsi günü, 28 aprel tarixdə isə bu xidmət Bakı şəhərində qaçqınlar, məcburi köçkünlər və BMT QAK-ın aidiyyətində olan digər şəxslər üçün təşkil olunacaq. Yardım proqramı BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilir.

Doktor Akio Kanai 2006-cı il Nansen Qaçqın Mükafatının laureatıdır. O, Yaponiyanın «Fuci Optikal» özəl şirkətinin rəhbəri və 30 ildən çox müddətə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının seçilən özəl donorudur.

Bu, «Fuci Optikal»ın görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycana 10-cu missiyası olacaq. «Fuci Optikal» Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün ötən on il ərzində 1,8 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 39 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə natura şəklində ianə kimi ölkəyə gətirilib. Bu il «Fuci Optikal» 4 min eynək, eyni zamanda görmə və eşitmə ilə əlaqədar digər əşyalar gətirib və 2 minədək məcburi köçkün, qaçqın və digər kövrək insanı müayinə etməyi hədəfə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG