Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

"Xeyli adam Marquez epidemiyasına tutulub məhv oldu".

-

Azərbaycan yazarlarının Nobel mükafatlı Kolumbiya romançısı Gabriel Garcia Marquez-in ölümünə reaksiyalar və yaradıcılığına münasibət.


Əkrəm Əyisli

Deyim ki, Marquez-i Azərbaycana mən gətirmişəm. Mən ilk dəfə “Gözlənilən bir qətlin tarixçəsi”ni Azərbaycan dilinə çevirdim və əsər "Azərbaycan" jurnalında böyük tirajla çap olundu. Sonra kitab şəklində də nəşr edildi və gözlənilmədən çox yayıldı. Marquez-i müsəlman ölkələrinin heç birində Azərbaycandakı kimi tanımırlar, bu onunla bağlıdır ki, Latın Amerikası ölkələri Azərbaycana çox bənzəyir, miflərə, sehrə inanmaq Azərbaycan xalqına da xasdır.

Dünya ədəbiyyatına gəldikdə isə, onun təsiri nəhəngdir, hətta deyərdim Lev Tolstoyun təsirindən yüksəkdir. Onun yaradıcılığını ədəbiyyatın estradası adlandırardım. Etiraf etmək lazmdır ki, o gözəl filosofdur, elə də sadə dildə yazmayıb, amma bir növ kütlə üçün nəzərdə tutulan ədəbiyyat yaradıb. Marquez-in başqa bir keyfiyyəti də var ki, o, gözəl nağılçıdır. “Yüz ilin tənhalığı”, yaxud onun ən gözəl hesab etdiyim “Polkovnikə məktub gəlmir” əsəri başdan-ayağa nağıldır. Onun fantaziyasının həddi-hüdudu yoxdur. O, realist olsaydı, bu qədər çox tanınmazdı. Onun işi daha çox realizmi dolamaq idi.

Amma bayaq televizorda Kolumbiyada Marquez-ə üç gün matəm saxlanılacağını eşidəndə, dəhşətə gəldim, yadıma cəsədi üç gün yerdə qalan Mirzə Fətəli düşdü. Mirzə Cəlil yadıma düşdü ki, o öləndə 15-20 nəfər onun cəsədini basdırmağa aparıb, yolda da bir neçəsi ictimai qınaqdan qorxub qaçıb. Kaş Azərbaycanda yazıçıya Latın Amerikasındakının onda biri qədər hörmət olaydı.


Yaşar Yaşar

Yaşar



Mənim fikrimcə, XX-əsrin ikinci yarısına qədər Marquez kimi dünya ədəbiyyatına təsiri olmuş ikinci bir yazıçı tapmaq çox çətindir. O, müasir nəsrin təməlini qoyanlarındandır. Dünya ədəbiyyatı “Yüz ilin tənhalığı” istiqamətində getdi. Doğrudur, Marquez maqik realizmin yaradıcılarından deyildi.

O, Asturiasdan, Karpenterdən bir xeyli təsirlənmişdi, amma magik realizmin yekununu Marquez yaratdı. Baxmayaraq ki, onun nəsri kitabdan gələn ədəbiyyat idi, Latın Amerikasının özünə xas mifologiyadan doğan ədəbiyyat idi, amma o, ekzotik cəzbediciliyi ilə bütün Avropanı fəth etmişdi.

Bizim ədəbiyyata təsirinə gəlincə isə, Marquez qədər Azərbaycan ədəbiyyatına təsir etmiş ikinci belə dünya yazarı yoxdur. O birinci dəfə Azərbaycan dilinə 70-ci illərdə İshaq İbrahimov tərəfindən çevrilmişdi. İlk çevrilən əsəri “Polkovnikə məktub yoxdur” idi.

Azərbaycan yazıçılarının əksəriyyəti o dövrdə Marquez-i rusca oxumuşdu. “Yüz ilin tənhalığı”, “Xoş olmayan saat”, “Taun zamanı eşq” çox məşhur əsərlər idi. O mənada Marquez heç Azərbaycan dilinə tərcümə olunmamışdan ədəbiyyatımıza təsir etmişdi. Sanki suçəkən kimi oxucunu özünə çəkirdi. Onun yaratdığı dünya Azərbaycan dünyasına çox doğma gəlirdi, bizim kəndlərimiz Marquez-in Makondosundan elə də fərqlənmirdi. Yusif Səmədoğlunun “Qətl günü” romanından tutmuş Əkrəm Əylislinin “Dəhnə” povesti, Mövlud Süleymanlının “Köç” romanı, Afaq Məsudun “İzdiham” romanına qədər Marquez-in ciddi təsirini hiss etmək mümkündür.

Lakin, deyim ki, Marquez mənim yazıçım deyil. Mən onu böyük yazıçı hesab edirəm, amma mən beynin ədəbiyyatından daha çox ürəyin ədəbiyyatını özümə yaxın bilirəm. Çünki həyatdan gələn ədəbiyyat mənim üçün daha diridir.


Elnur Astanbəyli
Elnur Astanbəyli

Elnur Astanbəyli


Mən Marquez-i böyük hoqqabaz hesab edirəm. Bunu onun müsahibələrindən, hərəkətlərindən görmək olar. O özü haqqında danışdırmağı, danışmağı bacarırdı. Azərbaycan ədəbiyyatında xeyli istedadlı, istedadsız adamı Marquez yazıçı olaraq məhv edib. Bu da Marquez-in özü haqqında yaratdığı yalançı mifdən irəli gəlir. Bu, Marquez-ə dünyada ən azı yaradıcılığı qədər maraq yaradırdı. Onun Pinoçetə etiraz olaraq yazmaqdan imtina etməsindən tutmuş, Fidel Kastro ilə və eyni zamanda Bill Klintonla dostluğuna qədər, bütün addımlarında özünü göstərirdi. Onun ən böyük miflərindən biri də yazı prosesi ilə bağlı idi.

Azərbaycanda xeyli adam bu mifologiyaya uydu. Onun az yazmaq, gündə bir cümlə yazmaq, hər sözün üstündə əsmək, yazarkən ölüb-ölüb dirilmək kimi mifləri Azərbaycanda yazını tabuya çevirməyə başladı. Tez-tez görürük ki, yazıçılar deyir: Hər əlinə qələm alan niyə yazır, niyə bu qədər çox roman yazırlar, bu qədər hekayə yazmaq nəyə lazımdır-filan. Bunun təsiri ilə xeyli adamın öz potensialını ifadə etməyə mane oldular. Tezliklə yazıçıların düşüncəsində Marquez özü bir patriarxa çevrildi. Xeyli adam Marquez epidemiyasına tutulub məhv oldu, onun yalançı tabuları altında əzildilər. Xüsusən 80-90-cı illər ədəbiyyatımızda belə müəlliflər çox idi, onlar inanırdılar ki, bir hekayəylə, hətta bir cümlə ilə ədəbiyyatda qalmaq olar.

Bununla belə Marquez-in XX əsr dünya mədəniyyətinin nəhəng simalarından olduğunu hesab edirəm. Şübhəsiz ki, bu xeyli dərəcədə Latın Amerikası ədəbiyyatından asılıdır. Bu, XX əsrin öndə gedən ədəbiyyatıdır. Ordakı həyat materiallarıdı, magizm, realizm, miflər özünəməxsusluğu ilə fərqlənir.Mən şəxsən Llosanı Marquez-dən daha çox bəyənirəm.

Maraqlıdır ki, biz Azərbaycanda Marquez-dən ən çox təsirlənən yazar kimi Əkrəm Əylislini bilirik, amma mən Elçini də bu yazardan xeyli təsirlənmiş sayıram. Amma hiss olunur ki, Elçin Marquez-i rüsvayçı şəkildə təqlid edir.


Fəxri Uğurlu Fəxri Uğurlu

Fəxri Uğurlu



Mən Marquez-i bütün zamanların ən böyük yazıçılarından biri sayıram. Xüsusilə də “Yüz ilin tənhalığı” mənə görə antik dövrdən bəri, məlum olan ən dərin, ən şahanə kitablardan biridir. Bu kitab çox sirli, çox naməlum kitabdır.

Marquez özü sağlığında təhlilçilərə bircə ipucu da vermirdi ki, bu kitabı çözsünlər. O istəyirdi hərə özü üçün yozsun bu romanı. Əlbəttə, Marquez orda Makondonun və Buendia ailəsinin timsalında bəşəriyyətin taleyini yazıb. Marquez-in dahiliyi onda idi ki, o, dünya ədəbiyyatını, fəlsəfəsini yaxşı bilirdi, amma əsərlərində bunu elə incə şəkildə gizlədirdi ki, intellektual hazırlığı olmayan adamlar da onu oxuyub anlaya bilsin.

Azərbaycan ədəbiyyatında Marquez-in təsirləri hiss olunur, məsəlçün, Afaq Məsudun “Azadlıq” romanının əvvəlində bu təsiri hiss edə bilərik. Əkrəm Əylislinin təhkiyəsinə təsir etsə də, onun fəlsəfi dünyagörüşü ilə Marquez-in dünyagörüşü arasında çox fərq var. Mövlud Süleymanlının “Köç” romanında Marquez-in “Yüz ilin tənhalığı”ndakı kimi nəsillərin tarixçəsi, bir nəslin o birinə keçməsi kimi bənzərliklər var, yaxud Yusif Səmədoğluna açıq-açığa təsiri hiss olunurdu. Amma Azərbaycanda Marquez-in analoqu olacaq bir yazıçı təsəvvür etmək mümkün deyil.

Marquez-in piar istedadı da heç kimdə şübhə doğurmamalıdır, özü demişkən sanki gözbağlayıcıdır, amma piarın arxasında əsər olmasaydı indi bizim qarşımızda belə böyük bir yazar olmayacaqdı. Deyim ki, Latın Amerikasından olan, Borxes, Kortasar, Fuentes, Rulfo, Onetti, Varqas Lyosa, Paulo Koelyo və başqa yazarlardan xəbərim var, fikirləşirəm ki, bunların hamısı böyük yazıçıdır, amma Marquez onların hamısından böyük yazıçıdır. O ki qaldı siyasi mövqeyinə, Marquez-in siyasi mövqeyi, sola həddindən artıq meyl etməsi məndə heç vaxt rəğbət doğurmayıb, MarioVarqas Lyosanın mövqeyi mənim rəğbətimi daha çox qazanıb.


Günel Mövlud
Günel Mövlud

Günel Mövlud



Marquez barədə istər oxucuların, istərsə də ədəbiyyatşünasların fikirləri müxtəlifdir. Onu dahi yazıçı hesab edən də var, dahi menecer, "piarşik" sayan da.

Amma fakt budur ki, Marquez sağlığında dünyanın ən şöhrətli yazıçısına çevrildi, milyonların sevgisini qazandı.

Bu fikirlə razıyam ki, Latın Amerikasında Marquez üslubunda, o mövzuları yazan yazıçılar çoxdur

Və aralarında məsələn, Jorge Amado, Arturo Uslar Pietri kimi yazarlar var ki, bədiilik baxımından Marquez-dən geri qalmırlar.

Lakin ağlagəlməz şöhrət yalnız Marquez-ə nəsib oldu.

Bu onun öz nailiyyəti, öz zəhmətinin nəticəsi idi.

Müəyyən yaş, mütaliə mərhələsi var ki. o mərhələdə oxunan yazarlar arasında Marquez mütləq olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG