Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47

Məzahir Əfəndiyev: «Azərbaycan gətirilən narkotiklərin çeşidi artıb»


Foto: Arxiv

Foto: Arxiv

-
2013-cü ilin yekunlarına görə, Azərbaycanda qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 28 min 367 nəfərdir.

Respublika Narkoloji Mərkəzi belə məlumat yayıb.

Qeydiyyatı aparılanlardan azı 22 min nəfəri dispanser, 6 minə yaxını profilaktik qeydiyyatda olanlardır. Onların arasında 393 qadın var.

Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev AzadlıqRadiosuna müsahibəsində gerçək rəqəmlərin çox olduğunu deyir:

- Təəssüflər olsun ki, narkotikdən əziyyət çəkən insanların statistikasının həyata keçirilməsində ciddi təkmilləşməyə ehtiyac var. Bu gün o şəxslər ki, narkotik maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur, onlar həm də dərhal qeydiyyata götürülürlər. Ümumi mənzərədə isə narkotik istifadəçisi statistik rəqəmlərdən bir neçə dəfə artıqdır. Buna elementar misal da çəkmək olar. Son 5-6 ildə narkotik maddə ilə hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunanların sayı artıb. Həmçinin narkotik vasitələrin dövriyyədən çıxarılmasının miqdarı da artıb. Hər il orta hesabla 1 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılır. Bunun özü ondan xəbər verir ki, əməlli-başlı istehlakçılar, istifadəçilər var.

- Narkotik vasitələr Azərbaycana, əsasən, haradan və necə gətirilir?

- Narkotik vasitələrin daşınmasında bütün nəqliyyat növlərindən istifadə edilir. Son 3-4 ildə ən çox quru nəqliyyatında istifadə olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatlar nəticəsində aşkarladığı faktlar da bunu göstərir.

- Ən çox hansı ölkələrin adını çəkmək olar?

- Təəssüf olsun ki, cənub sərhədləri bu gün də riskli olaraq qalır. İrandan Azərbaycana narkotik daşınması halları son bir neçə ildə yenə də müşahidə olmaqdadır. İran vətəndaşlarının da cinayət məsuliyyətinə cəlb olunması praktikasına nəzər salsaq, görərik ki, bu hal ötən il də artıb.

- Narkotik gətirilməsi ilə ən çox kimlər məşğul olur?

- Narkotik maddələrin qanunsuz daşınması müəyyən maraq kəsb edən qruplar tərəfindən həyata keçirilir. Bir çox insanlar ya transmilli, ya ikitərəfli, ya da daxili səviyyədə əlbir olub cinayət törədirlər. Azərbaycanda mafiya yoxdur, ancaq müəyyən transmilli cinayətkar qruplaşmalarının əlaltıları var.
- Hansı narkotik maddələr daha çox gətirilir?

- Son dövrlər Azərbaycana gətirilən narkotiklərin çeşidi artıb. Əvvəllər məişətdə, yaxud «qara bazar»da daha çox bitki üslublu vasitələr istifadə olurdusa, hazırda ağır narkotiklərdən istifadə artıbdır. 2013-cü ildə hüquq-mühafizə orqanları 500 kiloqramdan çox heroini qanunsuz dövriyyədən çıxarıb. Kokainin istifadəsi də artıb. Narkotiklərin müxtəlifliyi təəssüf olsun ki, ayaq açıb.

- Narkotiklə daha effektli mübarizədə hansı addımlara ehtiyac var?

- Bu günə qədər hüquq-mühafizə orqanları bu məsələyə amansız hədəflənib. Bu, müsbət haldır. Digər tərəfdən, atılacaq addımlardan biri də bu maddələrə meylliliyin aradan qaldırılması üçün insanların daha düzgün maarifləndirilməsidir. Bir də xəstə insanların yenidən həyata qaytarılması təmin olunmalıdır. Bunun üçün də reabilitasiya mərkəzlərinin yaradılması vacibdir. Buna görə ilk növbədə reabilitasiya haqqında qanun qəbul olunmalıdır. Mən hesab edirəm ki, bu qanun təcili qəbul olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG