Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32

Ekspert: «Fermerin ya sürüsündən quzusu əskiləcək, ya cibindən pulu»


Vshid Məhərrəmov

Vshid Məhərrəmov

-

Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı bu günlərdə fərman imzalayıb. Sənəddə qoyulan məsələləri aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov şərh edir.
- Vahid bəy, prezident fərmanında altı ay müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan «Kənd təsərrüfatı kooperasiyası haqqında» qanun layihəsinin hazırlanmasını tapşırıb. Belə bir qanun aqrar sahənin inkişafına nə verə bilər? Kolxoz qayıdırmı?

- Aqrar sahə bu gün çox ciddi durumdadı. Görünür, hökumətin məqsədi həmin iri təsərrüfatları yenidən bərpa etməkdir. Ola bilsin ki, yeni təsərrüfatların adı kolxoz, sovxoz olmasın, məsələn, kooperativ adlandırılsın. Amma görünür, kəndli-fermer təsərrüfatlarını güclə birləşdirmək istəyirlər.

- Əslində, ekspertlər tez-tez vurğulayırdı ki, xırda fermer təsərrüfatları birləşməlidir və problemlərin öhdəsindən birgə gəlməlidir. Fikrinizcə, bu, qanunla tənzimlənməlidirmi?

- Sovxoz, kolxoz sahələrinin parçalanıb kiçik pay torpaqlarına verilməsini hökumət uğurlu islahat kimi qiymətləndirib. Bunu ona görə etmişdilər ki, artıq böyük təsərrüfatlardan böyük nəticə əldə etmək mümkün deyildi. Çünki hər kəs peşəkar bacarığa, qabiliyyətə sahib deyildi. Ona görə pay torpaqlarına bölündü ki, hər kəs müstəqil şəkildə istədiyini əkib-becərsin, istehsal etdiyi məhsulu bazara çıxarsın. Bu, bazar iqtisadiyyatına uyğun idi. Amma kiçik pay torpaqlarına bölünəndə fermerin suya, texnikaya, gübrəyə, anbara olan ehtiyacları vaxtlı-vaxtında ödənilməli idi. Bu, həyata keçirilməli idi. Özəl məsləhət xidmətlərinin yaradılmasına ehtiyac var idi, bu yaradılmadı. Nəticədə də kəndli pay torpağından səmərəli istifadə edə bilmədi. Və bizim ərzağa istehlak tələbimizin əsas hissəsi idxaldan asılı vəziyyətə düşdü. Onsuz da ölkədə adambaşına düşən torpaq sahəsi də azdır, aqrar sahədə çalışanların da sayı azdır. Əslində, bu xırda təsərrüfatlardan çox yaxşı nəticə əldə etmək olardı. Maarifləndirmə işi güclü aparılsaydı hektara görə yaxşı məhsul əldə etmək mümkün idi. İri təsərrüfatlar yaradılanda problemlərin sayı azalmayacaq ki. Yenə də həmin təsərrüfatın suya, anbara, texnikaya ehtiyacı olacaq.
- Prezident Nazirlər Kabinetinə göstəriş verib ki, Aqrolizinq texnikasına, mineral gübrələrə tətbiq olunan güzəştlərin həcminin artırılması üçün təkliflər hazırlasın. Sizcə, Azərbaycan kəndlisinin torpağından gəlir götürməsi üçün hansı güzəştlər edilməlidir?

- Bu güzəştlə bağlı həm ekspertlərdə, həm dövlət məmurlarında yanlış təsəvvür var. Avropada hər hektara görə fermer 300 avro subsidiya alır. Amma həmin fermerlər həm də iri vergi ödəyicisidirlər. Aldıqları vəsaitdən də çox vergi ödəyirlər. Nəzərə almaq lazımdı ki, bizim neftdən-qazdan gələn gəlirimiz getdikcə azalır. Yəni, gələcəkdə aqrar sektora hansı mənbədən subsidiya yönəldiləcək? Belə bir mənbə görünmür. Verilən subsidiyanın səmərəliliyini təmin etmək lazımdır. Ona görə də bizdə ilk növbədə maarifləndirməyə fikir vermək lazımdır ki, onlar aqrotexniki qaydalara əməl edərək yüksək məhsuldarlıq əldə etsinlər. Düzdür, gübrəyə olan ehtiyacı mütləq ödəmək lazımdır. Gübrəyə olan ehtiyacımız 1 milyon tondur, bunun üçün də yarım milyard dollar lazımdır. Kənd təsərrüfatını dirçəltmək üçün hər il 2 milyard manata ehtiyac var. Burda təkcə gübrə təminatından getmir, su tələbatını ödəmək, kənd təsərrüfatının sığortalanması, investisiya üçün böyük maliyyə vəsaiti lazımdır. Fərmanda xarici investorların cəlb olunmasından danışılır. Bizim daxildə kifayət qədər imkanlarımız var. Sadəcə, imkan yaratmaq lazımdır ki, banklar aqrar sektora aşağı faizlə kredit versin. İndi büdcədən bu sahəyə 500 milyon manat ayrılır. Bilirsiz, bu sahə ilə ciddi şəkildə məşğul olunmalıdır, kadrlar hazırlanmalıdır.

- Fərmanda nəzərdə tutulur ki, yerlərdə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılsın. Aqrar sektorun dəstəklənməsi üçün bu nə dərəcədə vacib addımdır?

- Ümumiyyətlə, idarəetmədə məmurların sayı nə qədər çox olur, onların məhsuldarlığı da bir o qədər az olur. Bunu hökumət başa düşməlidir. Bunun yükü fermerin üzərinə düşəcək. Hansı qanuni qəbul etsinlər, məsələn, elə o məmur kömək məqsədilə fermerin qapısını döyəcək. Nəticədə ya fermerin bir quzusu əskiləcək, ya da cibindəki pul azalacaq. Düşünmürəm ki, bu məmurların da fermerlərə bir faydası dəysin. Əlavə strukturların yaradılmasına ehtiyac yoxdur. Onsuz da aqrar sahəyə bağlı kifayət qədər dövlət strukturları, institutlar var. Əksinə, çalışmaq lazımdır ki, mövcud strukturdakı məmurların peşəkarlıq qabiliyyəti artsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG