Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45
-

Ağdam rayonunda danışırlar ki, artezianlar bir qrup adamın əlində gəlir mənbəyinə çevrilib. Bəziləri əkin sahələrini vaxtlı-vaxtında sulaya bilsə də, hamı bu imkana malik deyil.

Əfətli kəndinin sakini Behbud Məmmədov da suya həsrət qalanlardandır. O deyir ki, 2007-ci ildə kökəltmə birliyinin ərazisindən 2 hektar torpaq götürüb. Bundan əlavə özünün də 1,5 hektar pay torpağı var. Behbud Məmmədovun sözlərinə görə, dəfələrlə su probleminin həlli üçün kənd və rayon rəhbərliyinə müraciət etsələr də bunun xeyri olmayıb:

«ARTEZİANLARI DƏLƏDUZ VƏ ŞƏXSİ MƏNAFE GÜDƏNLƏRİN ƏLİNDƏN ALIN»
Behbud Məmmədov

Behbud Məmmədov

«Axı belə olmaz. Mənim də ailəm, nəvələrim var, onları dolandırmaq, yaşatmaq lazımdır. May ayında taxıl biçilir, su verilmədiyinə görə mən hələ də torpaqlarımı suvara bilməmişəm. Mən ordan nə biçəcəm, hansı məhsulu götürəcəm? Ərazidə kifayət qədər artezian var, ancaq bu artezianlar bir qrup adamın əlində gəlir mənbəyinə çevrilib. Tez-tez bizlərdən 5-10 manat pul yığırlar ki, artezianların təmirə ehtiyacı var. Bəs hanı? İldə bir dəfə də adam sayına görə 20 manat işıq pulu yığırlar. Bizə heç kim arxa-dayaq durmur ki, dolanaq. Xahiş edirik, artezianları dələduz və şəxsi mənafe güdənlərin əlindən alın. Atalar sözü var, deyir, arxalı köpək qurd basar. Əgər rayon rəhbərliyi varsa, nəzarət etsinlər. Onları niyə bu vəzifələrə təyin ediblər?».

«ARTEZİANLARI HƏMİŞƏ ÖZ VƏSAİTİMİZ HESABINA TƏMİR ELƏTDİRMİŞİK»
Sərxan Hüseynov

Sərxan Hüseynov

Üçoğlan ərazi nümayəndəliyinin Kiçikli kənd sakini Sərxan Hüseynov da əsas çətinliyin su olduğunu deyir:

«Subartezian quyularının istismarı idarəsinin müdiri Teyyub Nəzərov 6 aydır ki, camaata torpaqlarını suvarmaq üçün su vermir. Soruşanda deyir ki, dövlət enerji vermir. Dəfələrlə Teyyub müəllimin qəbulunda olmuşuq, kənd təsərrüfatı nazirliyinə teleqram vurmuşuq. Cavab gəlib ki, məktubunuzu aldıq. Ancaq heç bir nəticə yoxdur. Artezianları həmişə öz vəsaitimiz hesabına təmir elətdirmişik. Hər il bizdən subartezian idarəsi 200 manat pul alır. Lap yaxşı, pulu almısınız, bəs 6 aydır su niyə verilmir?».

Rövşən Məmmədov

Rövşən Məmmədov

Ağdam rayonu Üçoğlan kənd sakini, Rövşən Məmmədov:

«Əkdiyimiz taxıl susuzluqdan yanır. Bütün rayon bu vəziyyətdədir. Deyəsən kimlərəsə taxılın qıt olması sərf eləyir? Hazırda nə əkmişiksə toxumların hamısı quruda, torpağın üstündə qalıb. Yazmadığımız, şikayət etmədiyimiz yer qalmayıb, tədbir görən yoxdur».

«BİZ GECƏLƏR ARTEZİANLARI İŞLƏTMİRİK»

Ağdam rayon subartezian quyularının istismarı idarəsinin müdiri Teyyub Nəcəfov isə onun ünvanına səslənən iradları qəbul etmir. Teyyub Nəcəfovun sözlərinə görə, gecələr artezianları söndürürlər. O qeyd edir ki, gecələr gərginlik artır və artezianların mühərrikini sıradan çıxarır:

«Məsələn, Qaradağlı kəndindəki artezian quyusunu buna misal göstərmək olar. Gecə işlək vəziyyətdə qaldığı üçün «motor» yanıb, yararsız hala düşdü. Həmin dediyiniz ərazidə yerləşən artezian quyusunun da nasosu təxminən bir həftə bundan qabaq - gecə ikən yanıb. Əməkdaşlarımız bu məsələ ilə bağlı yerindəcə akt tərtib ediblər. Hazırda onun təmiri istiqamətində iş aparılır. Sizin gəlişinizlə üst-üstə düşdü. Yəqin ki, artıq təmir olunub. Ya da ki, günü sabah işə salınacaq».

«ALLAHA ŞÜKÜR DÖVLƏTİMİZİN PULU VAR»

Teyyub Nəzərov deyir ki, quyular bütün rayon boyu səhər saat 7-dən axşam 9-a kimi növbəli şəkildə işləyir:
«Ancaq yenə deyirəm. Biz imkan verməyəcəyik ki, quyular gecə işlək vəziyyətdə qalsın. Çünki nəzarətsiz qalır. Vətəndaş öz sahəsini suvarıb qurtardıqdan sonra məsuliyyət hiss etmədən quyunu işlək vəziyyətdə qoyub, çıxıb gedir. Fikirləşmir ki, sabah yenə ona bu quyunun suyu lazım olacaq. Axı insaf da yaxşı şeydir. Mənim o, qədər imkanım yoxdur ki, hər gün nasos təmir elətdirim. Neçə dəfə xahiş etmişəm, az qala yalvarmışam ki, ay qardaşlar, ay ağsaqqallar belə etməyin. Bu düşmən malı deyil, işinizi qurtardıqdan sonra quyunu söndürün. Axırda gördüm ki, deyilənə əməl etmirlər, sərt qayda tətbiq etdim. Hesab edirəm ki, belə lazımdır. Deyirlər ki, bizdən pul yığırlar. Yalandır. Allaha şükür dövlətimizin pulu var. Bu işlər üçün də lazımı qədər pul ayrılıb, heç kimin puluna ehtiyacımız yoxdur. Hazırda balansda 764 artezian quyusu var və onların 750-si saz vəziyyətdə işləyir».

TƏRƏQQİ MEDALI...

Teyyub Nəzərov sonda vurğulayır ki, 1993-cü ilin mayından bu idarədə işləyir və dövlət başçısı ona xidmətlərinə görə tərəqqi medalı verib:

«Cənab prezident mənə tərəqqi medalı verib, bu, mənim fəaliyyətimlə bağlıdır. Hazırda biz rayon elektrik paylayıcı şəbəkəsinin ən böyük istifadəçisiyik və bizə 79 milyon kv elektrik ayrılıb. Biz də öz növbəmizdə dövlət büdcəsinə 4 milyon 740 min manat pul ödəmişik. Kimin fəaliyyətimə şübhəsi varsa, buyurub daha geniş formada araşdıra və maraqlana bilər. Hər birimizin borcu dövlətə və dövlətçiliyimizə xidmət etməkdir. Şəxsən mən xidmət edirəm».
XS
SM
MD
LG