Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:35

"Rəsulzadəni Mircəfər Bağırovla eyni cərgəyə qoymayın!"


Azerbaijan -- statesman Mammad Amin Rasulzade

Azerbaijan -- statesman Mammad Amin Rasulzade

-

"Bağırovun böyüklüyü onda olub ki, Stalinlə münasibətdən istifadə edib bəzi adamları xilas edib. Onlardan biri isə Üzeyir Hacıbəyov idi.

Mən son dövrlər daha geniş tədqiqatlar aparıram, belə qərara gəlmişəm ki, Bağırov 28 aprelin yox, 28 may qurucularının davamçısı idi, Məmməd Əminin davamçısı idi".



Aprelin 28-də Azərbaycanda sovet-bolşevik hakimiyyətinin quruluş ildönümüdür.

Bəs bu hakimiyyətin fəal qurucu və rəhbərlərindən sayılan Mir Cəfər Bağırov kim olub?Mir Cəfər öz xalqının cəlladı, yoxsa xilaskarıdır?

Bu mövzunu «Pen Klub»da araşdırmaçı yazarlar Teyyub Qurban, Adıgözəl MəmədovMehriban Vəzir, eləcə də cümhuriyyət dövrünə aid araşdırmalar müəllifi, tarixçi Nəsiman Yaqublu müzakirə edirlər.


Səadət A.

- Mehriban xanım, siz 28 aprelə bu günkü vəziyyətdə hansı münasibəti sərgiləməyin tərəfdarısınız?

Mehriban Vəzir Mehriban Vəzir

Mehriban Vəzir



- 28 aprel XIX əsr rus işğalının donunu dəyişmiş uzantısı idi, davamı idi. Buna başqa bir yanaşmanı təsəvvür edə bilmirəm.

Bu gün bizim ictimai şüurun kəsirlərindən biri ondan ibarətdir ki, XIX əsrdə rus ekspansiyasının Qafqazda törətdiyi cinayətlər açılmadı, araşdırılmadı, cəmiyyətə çatdırılmadı.

Eləcə də XX əsrdə qırmızı don geyinib Azərbaycanı yenidən işğal edən rus ekspansiyasının cinayətləri müstəqil Azərbaycanda tədqiq edilib açılmadı, əksinə ört-basdır edilib və edilməkdədir. Dövlətimizin tariximizə milli baxışı olmadığı üçün ictimai şüurumuz boşluqlarla doludur. Azərbaycan tarixinə müxtəlif fərdi yanaşmalar ola bilər. Bizim dərdimiz odur ki, dövlətin aydın yanaşması yoxdur, təhsil sisteminə oturdulan, ictimai şüura yeridilən bir yanaşma yoxdur.

Təsəvvür edin həmin dövrün Stalin kimi, Beriya kimi böyük qatilləri sırasında dayanan bir adam da Mircəfər Bağırovdur. Məhz, həmin boşluqlara görə bu gün hansı kitab mağazasına getsəniz, Mircəfər Bağırovun həyatına, yaradıcılığına bəraət qazandıran kitablar görərsiniz. Bu da dövlətin milli tarixə milli mənafedən yanaşmasının olmamasının nəticəsidir.

Səadət A.

- Mehriban xanım, dediyiniz milli münasibət necə olmalıdır? Azərbaycanın sovet dövründəki vəziyyətinə hərtərəflimi yanaşılmalıdır, yaxud sovet dönəmi birmənalı tənqid olunmalıdır? Ya da sovet dövrünün hansısa müsbət məqamlarını qabartmaq lazımdır? Mircəfər Bağırov

Mircəfər Bağırov



Mehriban V.

- Sizin sualınızda da o milli şüur boşluğunu görürəm. Bir işğala necə müsbət yanaşmaq olar?

Ölkə işğal olundu, minlərlə, milyonlarla insan məhv olundu, nəsillər, ailələr yer üzündən silindi, xüsusi mülkiyyət hüququ ləğv edildi və sizin qeyd etdiyiniz təhsil sisteminə gəlincə, onu deyim ki, yer üzündə mənim bildiyim təhsil sistemləri arasında sovet təhsil sistemindən yaramaz bir sistem yoxdur.

Təsəvvür edin, sovetlər gələndə bütün ziyalılarımızı, alimlərimizi, Avropa təhsili alanlarımızı qətl edirlər, sonra gedib kəndlərdə savadsız adamları gətirib əlifba öyrədirlər ki, biz savadsızlığı ləğv edirik. Sovet dönəmində minlərlə kitab yandırılıb, kitabxanalar yandırılıb, ziyalılarımız sürgünlərə göndərilib, Azərbaycanın intellektual çevrəsi kütləvi olaraq məhv olunub, bu, savadsızlığın ləğvi idimi, maarifçilik idimi?

Buna görə də deyirəm ki, Azərbaycan dövlətinin işğalçının deyil, xalqın mənafeyini müdafiə etdiyini göstərən bir rakursla yanaşmasını istərdim. Həmin rakurs bu iyirmi ildə ortaya qoyulsaydı, bu işğal təhsil sisteminə oturdulsaydı, aradan keçən bu iki onillikdən şüurlara yerləşən həqiqətlərin hesabına, Azərbaycan vətəndaşları tamam başqa cür olacaqdı. Düşüncələr, suallar tamam başqa cür olacaqdı. Azərbaycan vətəndaşı birmənalı olaraq biləcəkdi ki, Şimaldan təhlükə var. Bolşevizm Azərbaycanda boş-boşuna qələbə çalmadı, onun tərəfdarları vardı burda, ona görə qələbə çaldı. Ona görə qələbə çaldı ki, bu, o dövrün neft xudalarının, harınlarının pozğunluğunun, haqsızlığının insanlara yaşatdıqları əziyyətlərin nəticəsində oldu. Bu gün də Azərbaycanda həmin neftxudalar var, bu gün də insanlara həmin əziyyəti yaşadırlar, bu gün də həmin təhlükələr gözlənilir. Artıq insanlar kütləvi şəkildə dini təriqətlərə üz tutur.

Səadət A.

- Adıgözəl bəy, Mehriban xanım bu məsələləri birmənalı olaraq işğal adlandırdı və sovet dövründən gələn, bəzilərinin müsbət hesab etdiyi məsələləri də rədd etdi. Siz necə yanaşırsınız buna?
Adıgözəl Məmmədov

Adıgözəl Məmmədov


Adıgözəl Məmmədov


- Mehriban xanımın fikirlərində müəyyən həqiqətlər var. Amma bizim sovet dövrünə yanaşmamızda yeknəsəqlik var.

Bu dövrü araşdırmaq istəyənlər üçün yetərincə materiallar var. Mehriban xanım Mircəfər Bağırovun adını çəkdi. O dövrün əzazilliyini, rəhmsizliyini nəzərə alsaq, doğrudan da xalqımıza çox böyük zərbələr dəymişdir. Amma gəlin bir məsələni də etiraf edək, Mircəfər Bağırova bir çox insanlar dar bir çərçivədə yanaşırlar.

Bu gün keçmiş sovet dövlətlərinin yerində yaranan dövlətlərin müstəqil, yaxud da tam müstəqil siyasət yeritmələri qeyri-mümkündür. Sovet dönəmində hər şey Moskvadan idarə olunurdu, ancaq o dövrdə elə insanlar da vardı ki, Azərbaycanın müəyyən qrup elitasını müdafiə etməyə çalışmışdı. Bunu deməyə arxiv sənədləri imkan verir. Bir çox insanlar arxivlərdən xəbərsiz, tələm-tələsik fikir yürüdürlər. Madam belədirsə, gəlin kartları açaq. Mehriban xanım deyir ki, kitab dükanlarında Bağırovla bağlı müsbət mövzulu kitablar var. Bəli, ilk dəfə bu haqda mənim kitabım çıxdı, məndən sonra da Teyyub Qurbanın kitabı çıxıb. Bu iki kitabdan başqa ciddi tədqiqatlar yoxdur. O dövrə siyasi vəziyyət və şəxsiyyətlərin münasibəti kontekstindən baxmasaq, heç nəyi doğru anlaya bilmərik.

Mən sizi tam inandırıram ki, o dövrdə Beriya Moskvada olmasaydı, Mircəfər Bağırov özü də repressiya olunacaqdı. Zatən o istiqamətdə iş aparılırdı. Səbəb o idi ki, Mircəfər Bağırov Azərbaycan ziyalılarının, elitar qaymaqlarının müdafiəsi istiqamətində müraciətlər edirdi. Məsəlçün, Hüseyn Rəhmanovun müdafiəsinə qalxanda Bağırov deyir ki, o, xəstədir, yaşlı insandır, onunla insani davranmaq lazımdır. Bu sənədləri toplayıb Moskvaya Yejova (NKVD sədri) göndərirlər ki, biz kimi həbs ediriksə o həmin adamı müdafiə edir.

Mehriban Vəzir


- Stalin rejimi qeydsiz-şərtsiz cinayətkar rejim idi. Mircəfər Bağırov qeydsiz-şərtsiz həmin rejimin üzvü idi. Əgər həmin repressiya dövründə Ermənistan və Gürcüstandan 12-13 min insan repressiya olunmuşdusa, Azərbaycandan 14 min insan azərbaycanlı adıyla, 14 min insan isə iranlı adıyla qətlə yetirilmişdi və bu qətllərin müəllifi Mircəfər Bağırov idi. Təəssüf edirəm ki, Azərbaycan ziyalıları, tədqiqatçıları Bağırova bəraət qazandırmağa çalışırlar. Onlardan biri mənim dostum Teyyub Qurbandır, həm Bağırovdan yazır, həm Rəsulzadədən. İki sevda çəkənlərin cəzası var. Azərbaycan ziyalısı belə hərəkət etməməlidir. Bu, Azərbaycan ziyalısı üçün bir utancdır. Bizim qatilimizə, mədəniyyətimizi kökündən baltalayan birinə bu cür münasibət yolverilməzdir. Ancaq təəccübümü ifadə edirəm.

Adıgözəl M.

- Yalandır. Tədqiqat arxiv sənədlərinə söykənməlidir. Bu gün biz Cənubi Azərbaycandan danışırıq. Bu layihənin yaradıcısı, həyata keçirəni birbaşa Mircəfər Bağırovdur.

Mehriban Vəzir

- Mircəfər Bağırov kimi bir quldur Cənubi Azərbaycanın banisi ola bilməz, əfəndilər. Etməyin, eləməyin. Kimə bəraət verirsiniz, 28 min insanın qatilinə, on minlərlə adamı sürgün edən birinəmi?

Adıgözəl M.

- Birincisi, bu proseslər şəxsən Mircəfər Bağırovun iradəsi ilə baş vermirdi, bu, Daxili İşlər Kommissarlığının 0047 saylı əmri ilə yerinə yetirilirdi. Əgər siz sayı bilmək istəyirsinizsə “Arqumentı i faktı” qəzetinin 1988-ci ilki sayına baxın, orda hər respublikadan nə qədər repressiyaya uğramış adam olduğu dəqiq göstərilib. Nəsiman Yaqublu

Nəsiman Yaqublu



Nəsiman Yaqublu

- Hər kəsin fikrinə hörmət edirəm, amma onu qeyd edim ki, SSRİ heç vaxt bizim vətənimiz olmayıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Azərbaycan həmin işğalçı dövlətin qanunları ilə idarə olunan bir ölkə olub, azad, demokratik ölkə olmayıb. Biz o azad dövləti bərpa etmək üçün mübarizə aparmışıq və bizim konstitusiyada da bu cümlələr yazılıb ki, Azərbaycan dövləti 1918-ci ildə mövcud olmuş dövlətin siyasi, hüquqi, mənəvi varisidir. Ona görə də biz SSRİ-nı işğalçı adlandırırıq. Azərbaycanın konstitusiyası rəsmi sənəddir. İkincisi, işğalçı rejimdə yaşamış hansı ölkə rəhbərinin hansı müstəqil addımından danışmaq olar.

Səadət A.

- Amma, Adıgözəl bəy deyir ki, o rəhbərin şəxsiyyətindən də çox şey asılıdır.

Nəsiman Y.

- Şəxsiyyətdən necə çox şey asılıdır ki, Bağırovun zamanında Hüseyn Cavidi həbs etdilər, Muşfiqi güllələdilər, Salman Mümtazı güllələdilər, Abbas Mirzə Şərifzadəni həbsxanada elə günə saldılar ki, axırda özü intihar etdi. Hanı Mircəfər Bağırovun humanistliyi. Belə insanları çox da təbliğ etmək lazım deyil.

Səadət A.

- İndi Teyyub bəy telefon xəttindədir. Teyyub bəy, siz Bağırov dövrünü araşdırıbsınız, Bağırovun müdaxilə etmək imkanı vardımı bu proseslərə?

Teyyub Qurban Teyyub Qurban

Teyyub Qurban



- Bilirsiniz, vaxtilə Nəsiman bəy tədqiqatlar aparanda Bağırov haqqında həqiqi məhkəmə materialları ilə tanış deyildi. İndi də tanış deyil. Çoxu bilmir ki, Bağırov şəxsiyyətcə bolşevik olmayıb. Məmməd Əmin Rəsulzadənin yaxşı bir sözü var. Siyasəti elmə tabe etdirmək lazımdır, elmi siyasətə yox.

Bu gün biz o dövrün həqiqətlərini bilsək, anlayarıq ki, Məmməd Əmin Rəsulzadəni Stalin xilas etdiyi kimi, Bağırovu da Azərbaycana Stalin rəhbər gətirib. Mən Bağırovu 1996-cı ildən öyrənirəm. Bağırova qarşı yalançı məhkəmə quraşdırıblar. Bağırov məktubunda yazırdı ki, mənim heç bir günahım yoxdur, hansı günahımı etiraf etməliyəm. Məsəlçün, Hüseyn Cavidi Bağırov göz bəbəyi kimi qoruyub, xilas edib. Ruhulla Axundov niyə 37-ci ildə güllələnib. O ilə qədər Bağırov onu akademiyanın fondunun rəhbəri qoymuşdu, Lenin ordeni almışdı. Bağırovun böyüklüyü onda olub ki, Stalinlə münasibətdən istifadə edib bəzi adamları xilas edib. Onlardan biri isə Üzeyir Hacıbəyov idi. Mən son dövrlər daha geniş tədqiqatlar aparıram, belə qərara gəlmişəm ki, Bağırov 28 aprelin yox, 28 may qurucularının davamçısı idi, Məmməd Əminin davamçısı idi.

Nəsiman Y.

- Bayaq Mehriban xanım Teyyub bəy haqqında düz dedi ki, iki sevda ilə yol getmək olmaz. Teyyub bəy vaxtilə Rəsulzadə haqda yazdıqlarını Mircəfər Bağırov haqqında yazır. Bunlar başqa-başqa şəxsiyyətlərdir. Bunu Teyyub bəy vaxtilə özü də deyib. Rəsulzadə kimi şəxsiyyətlə Bağırovu gətirib bir cərgəyə qoymaq olmaz, ən azı ideoloji baxışlarına görə onlar çox fərqli idilər. Rəsulzadə, Tobçubaşov, Nəsib bəy Yusifli milli dövlətin qurucuları idi, bəs Bağırov kim idi. İndi götürüb Bağırovu tərifləyirik, dövlətin qurucuları ilə bir yerə qoyuruq. Açıqcası bunu Teyyub bəyə yaraşdıra bilmirəm.

Teyyub Qurban

- Nəsiman bəy məni düzgün başa düşməyib. Xalq Cümhuriyyətinin Maarif naziri Şahsuvarov Bağırovun dövründə Tibb Univerisitetində dərs deyib, indiki dövrdə Müsavat dövrünün adamını qoyarlar dərs desin? Yaxud, Cümhuriyyət hökümətinin başçısı Yusifbəylini 20-ci ildə qonaq qaldığı yerdə boğub külə atıblar, amma Yusifbəylinin yarımçıq qoyduğu işləri sovet höküməti davam etdirdi. Məsəlçün, Mingəçevir su-elektrik anbarının qurulması Azərbaycan Xalq Cümhuriyyətinin planında vardı, onu Bağırov sonradan həyata keçirdi. Nəsiman bəy, yeni arxiv materialları ilə tanış olsaydı, indi başqa cür düşünərdi. Bağırov Cümhuriyyətin davamçısı olur, Üzeyir bəyi qoruyur, Mikayıl Rəfilini qoruyur...

Debatı tam izlə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG