Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:52

Kral bağı (Günel Mövludun tərcüməsi)


Virginia Woolf
Virginia Woolf
-

Nədənsə mənə elə gəlirdi ki, əgər çəyirtkə orda, ortasında dördkünc şəkilli qırmızı gül olan yarpağın üstünə qonsa, əgər çəyirtkə o yarpağın üstündə otursa, Lili o dəqiqə mənə: "Hə" deyəcək...


Virginia Woolf


KRAL BAĞI


(Günel Mövludun tərcüməsi)


Çoxillik çiçək ləkindən qalxan yüzlərlə çiçək saplağı torpağın üstündə ucalaraq, yaşıl yarpaqları ilə, qatlanmış dil, ürək şəkilləri əmələ gətirir, daha yuxarıda isə rəngli ləklərlə dolu, qırmızı, göy, sarı ləçəklərdən ibarət qönçələrini pardaxlandırırdılar.

Qönçələrin tam ortasından isə qızılı toza batmış, ucu azacıq düyülmüş sərt çıxıntı qalxırdı.

Ləçəklər yay küləyini hiss eləmək üçün kifayət qədər iri idilər və onlar yırğalananda, qırmızı, mavi, sarı alovlar bir-birinə qarışaraq, torpağa görünməmiş ahənglər verirdilər.

Rənglər gah çınqılların boz və hamar üzünə, gah ilbizin çanağına yayılır, ya da qəfildən bir yağış damcısına düşüb, onda elə qırmızılı-mavili-sarılı bir atəşfəşanlıq əmələ gətirirdilər ki, adama elə gəlirdi, bu nazik su divarları indicə rənglərə davam gətirməyib çilik-çilik olaraq ətrafa səpələnəcəklər.

Amma bir an içində yağış damlası yenə gümüşü-boz rəngə çalmağa başlayırdı, bayaqkı rənglər isə hansısa qalın yarpağın üstündə oynaşır, yarpağın dərində gizlənmiş dolaşıq damarlarına şəffaflıq gətirirdilər.

Sonra onlar yenə uçub gedir, öz rənglərini ürək və qatlanmış dil şəkilli yarpaq tutamlarının üstünə salırdılar.

Sonra külək daha sərt əsirdi, rəngli alovlar iyul ayında Kral Botanika Bağında gəzişən kişilərin və qadınların gözlərinə yayılırdı.

Bu kişi və qadınların fiqurları çiçək ləkinin yanında nəsə xaotik bir dövrə vururmuş kimi, demək olar ki, pərvazlana-pərvazlana çəməndən çəmənə qonan mavili-ağlı kəpənəklər kimi ötürdülər.

Kişi azacıq irəlidə, sərbəst, arxayın addımlarla yeriyir, qadın isə addımlarını daha məqsədyönlü şəkildə atır və arada qanrılıb, uşaqların çox geridə qalıb-qalmadığına baxırdı. Kişi qəsdən (həm də, bəlkə də özündən asılı olmadan) bir neçə addım irəlidə gedirdi ki, arxayın-arxayın düşünə bilsin.

"On beş il əvvəl Lilini bura gətirmişdim, - o düşünürdü. - Biz gölün yanında oturmuşduq, mən ona xeyli yalvardım ki, mənə ərə gəlsin, o gün hava da yaman isti idi. başımızın üstündə elə hey bir çəyirtkə dolaşırdı, o çəyirtkə mənim dəqiq yadımdadı, hə, bir də Lilinin dördkünc, gümüşü bəzəkli tuflilərini xatırlayıram. Mən danışdığım müddətdə o tuflilərə baxırdım, onun ayağı titrəyəndə, mən gözlərimi qaldırmadan Lilinin indi mənə nə cavab verəcəyini bilirdim: o elə bil, büsbütün bu tuflidən ibarət idi. Mənim sevgim, mənim ehtirasım isə yəqin ki, çəyirtkədə idi; nədənsə mənə elə gəlirdi ki, əgər çəyirtkə orda, ortasında dördkünc şəkilli qırmızı gül olan yarpağın üstünə qonsa, əgər çəyirtkə o yarpağın üstündə otursa, Lili o dəqiqə mənə: "Hə" deyəcək. Amma çəyirtkə uçur, dolaşır, qonmaq bilmirdi, axır ki, o heç bir yarpağın-zadın üstünə qonmadı. Lap yaxşı da oldu, yoxsa, indi mən Elinor və uşaqlarımla burada gəzməyəcəkdim."

- Elinor, səndən bir şey soruşum. Sən heç keçmişi fikirləşirsən?

- Niyə soruşursan ki, Saymon?

- Ona görə ki, indi mən keçmişi fikirləşirdim. Lilini, evlənə biləcəyim qadını düşünürdüm... Nədi, niyə susursan? Keçmişi düşünməyim sənin xoşuna gəlmir?

- Niyə xoşuma gəlməməlidi ki, Saymon? Məgər ağacların altında qadınlar və kişilər uzanan bağları gəzəndə hamı keçmiş barədə düşünmür? O qadınlar və kişilər, ağacların altındakı bu xəyalətlər bizim keçmişimiz, həyatımız, xoşbəxtliyimiz deyilmi?

- Mənim üçün gümüşü bəzəkli tuflilər və çəyirtkə...

- Mənə görə isə, öpüş. Təsəvvür edin, iyirmi il əvvəl, altı balaca qız, göl qırağında, molbertlərin yanında dayanıb, su zanbaqlarının şəklini çəkirlər – o vaxt mən ilk dəfə idi ki, su zanbağı görürdüm. Qəfildən buramda, boynumun arxasından kiminsə öpdüyünü hiss elədim. Sonra bütün günü əlim əsirdi, çəkə bilmirdim. Saatı çıxarıb baxır və öz-özümə müəyyən edirdim ki, hansı dəqiqələrdə mən o öpüş barədə fikirləşə bilərəm – o beş dəqiqə, bax, belə qiymətli beş dəqiqə idi. burnu ziyilli, ağsaçlı o qarının öpüşü həyatımdakı öpüşlərin ən vacibi idi. Tez ol, Kerolayn, Xyubert, tez ol.

Onlar çiçək ləkinin yanından keçib, irəlilədilər. İndi dördü də yanaşı gedirdi. Tezliklə, onlar ağacların kölgələrlə növbələşərək, tələsmədən onların kürəklərində oynaşan iri və titrək günəş ləkələrinin arasında yoxa çıxdılar.

Çoxillik çiçək ləkində iki dəqiqə əvvəl çanağı qırmızılı-sarılı-mavili rənglərə boyanan ilbiz indi öz çanağında aram-aram tərpəndi və qazılmış, bir ucdan üzüaşağı diyirlənən torpaq topalarının arası ilə zorla süründü.

Görünür, onun qarşısında qəti bir məqsəd vardı ki, bu məqsəd onu irəliyə getməyə çalışan, amma bircə an sonra yerində donub, bığlarını titrədə-titrədə nəsə düşünüb, geri qayıdan qəribə, yekə və yaşıl həşəratdan fərqləndirirdi.

Yaşıl göllərin dərin çökəklərinin üzərində ucalan qayalar, kökündən ucuna qədər yırğalanan hamar ağaclar, yumru boz daşlar, nazik, xışıltılı parçanın iri, əzik halqaları – məqsədinə doğru irəliləyən ilbizin bir çiçək saplağından o biri saplağa qədər uzanan yolunun üstündə bunlar var idi. O, qarşısına çıxan əyilmiş, quru yarpağın yanındanmı, yoxsa üstündənmi keçəcəyinə qərar vermək istəyirdi ki, ləkin yanında yenə insanların addım səsləri gəldi.

Bu dəfə ikisi də kişi idi. Daha cavan olanın üzündə bir rahatlıq, özü də həddindən bir az artıq rahatlıq ifadəsi vardı; yol yoldaşı danışanda, o, başını yuxarı qaldırıb, qarşısına inamla baxırdı. Amma yanındakı susan kimi, o yenə gözlərini aşağı dikir, uzun sürən susqunluqdan sonra, arabir cavab verir, bəzən isə heç cavab vermirdi.

Daha yaşlı olanın iti, amma naqolay yerişi vardı: o, əlini qabağa uzadıb, başını alaqapının yanında faytona qoşulmuş və gözləməyə səbri çatmayan hövsələsiz at kimi bərk-bərk silkələyirdi. Amma kişinin hərəkətləri daha qətiyyətsiz və mənasız görünürdü.

O, demək olar ki, ara vermədən danışırdı. Özü öz sözlərinə gülümsəyir, sanki gülüşü ilə öz sözlərinə cavab vermiş olurdu. O, ruhlar, ölmüş adamların indi ona cənnətdəki sirli həyatlarından xeyli şeylər nağıl edən ruhlarından danışırdı.

- Uilyam, qədimdə Fessaliyanı cənnət hesab edirmişlər, amma müharibədən sonra mənəvi amil dağlarda ildırım kimi dolanır. – O dayandı, nəyəsə qulaq verdi, gülümsəyib, başını yenə silkələyərək, sözünə davam elədi: - Deməli, balaca bir elektrik batareyasını, bir də elektrik keçirməsin deyə, dolamaq, yox, bürümək, bəlkə dolamaq, nəsə, xırdalıqlara getməyək, bunları götürürsən. Bütün mexanizmi çarpayının baş tərəfinə, məsələn, gözəl, laklı bir dolabın üstünə qoyursan. Fəhlələr hər şeyi mənim göstərişlərimə uyğun şəkildə quraşdırırlar və dul qadın qulağını yaxınlaşıdırıb, daqışdığımız şəkildə, ruhu çağırır. Ah, qadınlar! Dul qadınlar! Qara paltarlı qadınlar...

Bu yerdə o, deyəsən uzaqda kölgələrin ucbatından qaraya çalan qadın donu gördü. Şlyapasını çıxarıb, əlini sinəsinə qoydu, sonra nəsə donquldana-donquldana, əllərini havada oynada-oynada onun dalınca götürülmək istədi. Amma Uilyam onun biləyindən tutub, saxladı və diqqətini yayındırmaq üçün əsasının ucu ilə ləkdəki güllərdən birini göstərdi.

Qoca bir müddət çaşqınlıqla gülə baxandan sonra əyilərək, qulağını ona söykədi, sonra sanki güldən eşitdiyi söhbətə cavab olaraq, özünün yüz illər əvvəl Avropanın ən gözəl qadını ilə birlikdə gəzdiyi Uruqvay dağlarından danışmağa başladı.

Onun tropik qızılgüllərin mum kimi hamar ləçəklərinə bürünmüş Uruqvay meşələri, bülbüllər, su pəriləri və boğulan qadınlar barədə çərənləməsi hələ uzun çəkdi. Uilyam isə onu daha da irəlilərə aparır və onun gözlərindəki səbirli kədər ifadəsi get-gedə daha çox parlayırdı.

Demək olar ki, elə onların ardınca iki qadın addımlayırdı, onlar elə yaxında idilər ki, qocanın hərəkətləri onlara qəribə görünə bilərdi.

Qadınlar görkəmlərindən çox da varlı adamlara oxşamırdılar, biri dolğun və ləng idi, o birisi isə qırmızıyanaq və çevik. Pozulmağa başlayan ağıldan xəbər verən qəribə hərəkətlər, bir çoxlarına olduğu kimi, bu qadınlara da nəsə maraqlı və əyləncəli bir şey kimi görünürdü; buna baxmayaraq, onlar qocanın qəribə biri, yoxsa dəli olduğunu müəyyən edə bilməyəcək qədər aralıda yeriyirdilər.

Onlar dinməzcə, uzun müddət, diqqətlə qocanın kürəyinə baxıb, sonra qəribə və hiyləgər şəkildə bir-birinə baxaraq, anlaşılmaz sözlərdən ibarət çox çətin bir söhbətə başladılar:

- Nell, Bert, Lot, Sess, Fil, atam, o deyir, mən deyirəm, mən deyirəm, o qız deyir, gah o, gah mən…

- Bəs mənim Bertimi demirsən, bacısı, Bill, baba, qoca, şəkər, qənd, un, balıq, göyərti, qənd, qənd, qənd…

Qadınlardan kök olanı bu qədər bol söz axınının arasında vaxt tapıb, güllərin torpağın üzərindən necə soyuq, necə təkəbbürlə qalxmasına baxdı – üzündə bir anlaşılmazlıq ifadəsi peyda oldu. Bu gülləri o, uzun sürən yuxudan təzəcə ayılmış adamlar kimi görürdü: adam gözlərini yumur, açır, hər dəfə nədənsə işığı qeyri-adi şəkildə əks elətdirən mis şamdan görür, sonra tamam oyanır və var gücü ilə gözlərini qırpmamağa çalışaraq, şamdana baxır. Kök qadın da, çiçək ləkinin yanında dayanaraq, özünü elə göstərirdi ki, guya həmsöhbətinə qulaq asır. Sözlər onun qulağından yan ötür, o isə dayanıb, aramla qabağa-dala yırğalanaraq, güllərə baxırdı. Sonra o dedi ki, uyğun bir yer tapıb, çay içəsələr, yaxşı olardı.

İlbiz məqsədinə apara biləcək bütün yolları artıq götür-qoy eləmişdi, amma hələ ki, quru yarpağın nə yanından, nə də üstündən keçməmişdi. Yarpağın üstünə dırmaşmağın çətinliyi bir yana, yarpağın onun nazik buynuzlarının yüngülcə toxunuşundan belə qorxunc şəkildə xırıldamağı ilbizin çəkisinə davam gətirməyəcəyindən xəbər verirdi. Belə olanda, ilbiz yarpağın altı ilə sürüşüb, keçməyi üstün tutdu, çünki yarpağın əyilmiş yerində balaca və rahat bir keçid əmələ gəlmişdi.

O, başını həmin keçidə soxaraq, yündür, qəhvəyi tavanı öyrənməyə, sərin qəhvəyi qaranlığa öyrəşməyə başladı – bu vaxt çəmənlərin üstü ilə daha iki nəfər yeriyirdi.

Bu dəfə adamların ikisi də gənc idi – gənc oğlan və qız. Onlar erkən cavanlığın çiçəklədiyi xoşbəxt çağlarını, hətta demək olar ki, bu çağdan da əvvəlki dövrlərini yaşayırdılar – elə bil, incə gül qöncəsi yaşıl kasa yarpaqlarının arasından boylanmağa çalışır, elə bil, kəpənəyin qanadları çıxıb, amma hələ uçmayıb, sadəcə günəşdə par-par yanır.

- Yaxşı ki, bu gün cümə günüdü, - oğlan dedi.
- Niyə ki? Bəyəm sən, mövhumatçısan?
- Cümə günləri girişin qiyməti yarım şillinq olur.
- Nə olsun? Bəyəm həmişə yarım şillinq olmur ki?
- Necə yəni, «nə olsun»?
- Nə deyim... bir sözlə, sən başa düşürsən də.

Bu ifadələrin hər birinin ardınca uzun bir sükut başlayırdı; sözlər isə sanki uzaqdan, ifadəsizcə deyilirdi. Onlar birlikdə, çəçək ləkinin yanında dayanıb, onun dirəyi yumşaq torpağa sancılan çətirinə yaslanmışdılar.

Onların belə dayanmağı, əllərini bir-birinin əlinin üstünə qoymaları qəribə bir şəkildə gənclərin hisslərini ifadə edirdi, bu qısa, əhəmiyyətsiz sözlər də nəsə ifadə edirdi; o sözlərin gödək qanadları vardı – onlar ifadələrin ağır yükünü uzağa apara bilməzdilər. Buna görə də, əllər ətrafdakı adi əşyaların üstünə belə naqolaylıqla qoyulur, amma ilk, təcrübəsiz toxunuşlar zamanı bu əllər necə də vacibdir! Və kim bilir (onlar ağırlıqlarını çətirin üstünə salaraq, ikisi də bunu düşünürdülər), arxamızda, o biri tərəfdə hansı üfüqlər açlıır, günəşin üstündə hansı parlaq buz layları qalaqlanır? Kim bilir? Bunu kim görüb?

Hətta qız soruşanda ki, Kral bağında harda çay içmək olar, oğlan hiss elədi ki, qızın sözlərinin arxasında dumanlı, nəhəng və sirli cizgilər var. Amma çox yavaş-yavaş da olsa, duman dağıldı və ilahi, oğlanın gözləri qarşısında hansı mənzərələr açıldı. Ağappaq örtüklü masalar, ofisiant qızlar əvvəl qıza, sonra ona baxır. Sonra onun ödəməli olduğu hesab, çox güman ki, iki şillinq, bunların hamısı doğrudur. O, ciblərini əlləşdirib, orda bu ayin üçün nəzərdə tutulmuş pulları axtardı. Bunlar hamısı onun özünə belə gerçək kimi gəlirdi. Sonra… amma yox, daha dayanıb, düşünmək mümkün deyil, o qəfildən çətiri dartıb, torpaqdan çıxartdı. Oğlan hamının çay içdiyi yeri tez tapmaq istəyirdi.

- Gedək, Trissi, gedək, çay içək.

- Axı, burda çayı harda içirlər? – qız həyəcandan titrəyən səsi ilə soruşdu. Sonra sanki görmürmüş kimi, oğlanın ardınca addımlayaraq, çətirinin ucunu torpaqda sürüyə-sürüyə, başını gah sağa, gah sola çevirə-çevirə, çayı yaddan çıxarıb, orxideyaları, çiçəkli çəməndəki durnaları, Çin havasını, kəkilli qırmızı quşu düşünərək, yaşıl çəmən boyu addımladı – oğlan onu arxasınca dartıb, irəli aparırdı.

Beləcə, məqsədsiz və naqolay hərəkətə tabe olaraq, cütlüklər bir-birinin ardınca çiçək ləkinin yanından ötüb, yışılı-mavili uzaqda yavaş-yavaş yoxa çıxırdılar. Əvvəl onların bədənləri cismani və parlaq olur, sonra şəffaf və rəngli olur və yaşılı-mavili dumanda əriyirdi.

Çox isti idi! Elə isti idi ki, hətta sığırçın güllərin kölgəsində oyuncaq quş kimi atlanıb-düşür, hər atlanıb-düşəndən sonra uzun-uzadı donub-qalırdı. Ağ kəpənəklər ləkin üstündə uçuşmur, yerlərində, daha doğrusu, bir-birinin üstündə qımıldanırdılar. Odur ki, iri güllərin üstündən üzüyuxarı, dağılmış ağ mərmər sütunlara oxşayan balaca dirəklər ucalırdı. Güllükxananın şüşə damı elə parıldayırdı ki, elə bil, günəş düşən meydanda yüzlərlə göz qamaşdıracaq qədər yaşıl çətir açılmışdı. Başı üzərindəki təyyarə uğultusu isə elə bil, qızmar yay səmasının düz ürəyindən gəlirdi.

Qadınların, kişilərin və uşaqların qara, çəhrayı, ağamtıl fiqurları isə üfüqdə bir anlıq parlayır, sonra gözlər torpağın üzərinə yayılan sarı işıqdan tutulur, adamlar səksənib, ağacların kölgəsində gizlənirdilər. Adama elə gəlirdi ki, ağır və tutumlu nə varsa, hamısı yerə yapışıb və istidən hərəkətsiz qalıb. Amma səslər bu hərəkətsiz bədənlərə elə qeyri-səlist şəkildə gəlib çatırdı ki, elə bil qalın mum şamların üzərində alov dilimləri oynaşırdı.

Səslər. Hə, səslər. Sözsüz səslər arada qəfil, şirin həzz hissi ilə, elə odlu ehtirasla, ya da əgər uşaq səsləridisə, elə cingiltili təəccüblə sakitliyin ortasında partlayır ki…

Amma yoxdu, yoxdu bu sakitlik. Bütün bu vaxt ərzində təkərlər elə hey fırlanır, qırmızı avtobusların sürəti dəyişir; nəhəng Çin oyuncağıtək polad şarlar bir-birinin içində fırlanır, böyük şəhər uğuldayır, donquldanır; bu uğultunun üzərində isə səslər bərkdən çığırır və saysız çiçəklərin ləçəkləri havaya rəngli alovlar səpələyir.
XS
SM
MD
LG