Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:43

«Türk kültürünün səssiz işığı»nın 150 illiyi İstanbulda qeyd edildi


Əli Bəy Hüseynzadənin anım mərasimi

Əli Bəy Hüseynzadənin anım mərasimi

--
Aprelin 16-da İstanbul universitetində böyük turançı, türk dünyasının yazarı, şairi, rəssamı, tibb professoru və siyasətçisi Əli Bəy Hüseynzadənin anım mərasimi keçirildi.

Tədbir Əli Bəy Hüseynzadənin həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə açıldı.
Sərgidə tanınmış ziyalının arxivindən alınmış fotolar və əl işləri olan rəsm əsərləri nümayiş olundu.

TÜRKSOY-un baş katibi Düsen Kasainov çıxışında Əli Bəy Hüseynzadənin türk dünyası üçün önəmli şəxsiyyət olduğunu bildirdi.

Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək tanınmış şəxsiyyətin siyasi fəaliyyətindəki əhəmiyyətindən söhbət açdı.

Tədbirdə Əli Bəy Hüseynzadənin həyat və fəaliyyətini nümayiş etdirən film təqdim edildi.

Film təqdimatından sonra professor İbrahim Yıldırım «Türk kültürünün səssiz işığı; Böyük mütəfəkkir Əli Bəy Hüseynzadə» adlı araşdırmasından bəhs etdi.
Professor İbrahim Yıldırım Əli bəy Hüseynzadənin siyasi fəaliyyəti ilə yanaşı, zəngin yaradıcılığa malik olduğunu vurğuladı.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazar Azər Turan Əli Bəy Hüseynzadənin həyatı, yaradıcılığı və ideallarından söz açdı.

Tədbirdə Əli bəy Hüseynzadənin yazdığı şeirlər səsləndirildi.

Əli Bəy Hüseynzadə 1864-cü ildə Azərbaycanın Salyan rayonunda doğulub.
Kiçik yaşlarında ailəsi ilə birgə Tiflisə köçüb.

Məktəb illərində rus, alman, fars, ərəb dillərinə yiyələnib.

Peterburq universitetində təbiət elmləri, İslam tarixi üzrə bilik aldıqdan sonra Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi vəziyyətdən dolayı Türkiyəyə, İstanbula gəlib və burada darülfununda əsgəri-tibbiyə fakültəsində oxuyub, dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb.

XX əsrin əvvəllərində Ə. Hüseynzadə Bakıya qayıdıb «Kaspi», «Həyat» qəzetində, daha sonra «Füyuzat» dərgisində çalışıb.

O bütün fəaliyyətində «Türkləşmək, İslamlaşmaq, Müasirləşmək» şüarını əsas sayıb, Azərbaycan Türkcəsi və Ədəbiyyatının inkişafı üçün yollar arayıb.

Azərbaycan Cümhuriyyəti bayrağının rəngləri (mavi, qırmızı və yaşıl) Əli Bəy Hüseynzadənin bu şüarı ilə bağlıdır.

Peterburqda o, İmperator Rəssamlıq Akademiyasında da təhsil alıb.

«Bibiheybət tablosu», «Şeyxülislam» portreti, «Azərbaycan ailəsi», «Atatürk portreti» onun qiymətli rəsm əsərlərindəndir.

Rəsm əsərləri Bakıdakı muzeydə, İstanbul və Parisdəki şəxsi kolleksiyalarda saxlanır.

Əli bəy 1940-cı ildə İstanbulda dünyadan köçüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG