Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:01

Ağsuda məcburi köçkün icra başçısını məhkəməyə verib


Arxiv fotosu
Arxiv fotosu
-
“Atam Kəlbəcər uğrunda döyüşlərdə şəhid olub. 1992-ci ildən Ağsudakı “Qərənfil” uşaq bağçasında məskunlaşmışıq. Şəhid ailələrinin evlə təmin olunması prezidentin şəhid ailələri üçün verdiyi sərəncamda da göstərilir. Amma görünən odur ki, hər şey kağız üzərində qalıb”.

"SİYASİ BAXIŞLARIMA GÖRƏ AİLƏMİZƏ MƏNZİL VERMİRLƏR"

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Ağsu rayonunda məskunlaşmış, Kəlbəcərdən məcburi köçkün olan Elşən Məmmədov yazır. Deyir, 1993-cü ildən şəhid ailəsi kimi mənzil növbəsində olsalar da, onun siyasi baxışlarına görə ailəyə mənzil verilmir:

“Mən özüm Klassik Xalq Cəbhəsi Partiyasının üzvüyəm. Keçən il Kəlbəcərin keçmiş icra başçısı Vidadi müəllim məni yanına çağırtdırdı. Qarşımda tələb qoydu ki, siyasi əqidəndən əl çək, ağıllı ol, ev də verək, başqa şərait də yaradaq. Mən də bildirdim ki, evi mən yox, şəhidin həyat yoldaşı hesab olunan anam tələb edir. İndiki icra başçısı isə məskunlaşdığımız yeri uşaq bağçası və musiqi məktəbinə çevirib. Anam yaşlı qadındır, səsli-küylü yerdə yaşaya bilmir. Evdə yaşamaq mümkün deyil. 2-ci mərtəbədə uşaq bağçası və musiqi məktəbi yerləşir. Əgər uşaq bağçası istifadəyə verilibsə, mənə də şəhid ailəsi kimi ev verilməlidir”.

"EVİ BİZDƏN YOX, KƏLBƏCƏRİN İCRA HAKİMİYYƏTİNDƏN TƏLƏB ETSİN"

Ağsu rayon icra hakimiyyəti başçısının müavini İqbal Mikayılov isə köçkünün dedikləri ilə razılaşmır:

“Biz bu ailənin problemlərini Kəlbəcər rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dəfələrlə müzakirə etmişik. Özünə də dəfələrlə başa salmışıq ki, köçkün və şəhid ailəsi kimi mənzil üçün bizə yox, Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət etməlidir”.

Başçının müavini deyir, Məmmədovlar ailəsinin məskunlaşdığı evə baxış keçiriblər:

“Normal şəraiti var. Nədən narazılıq edirlər, bilmirəm. Bağçanın ərazisində məskunlaşıblar deyə, bu, o demək deyil ki, biz bağçada təmir işləri aparmamalıyıq, bağçanı istifadəyə verməməliyik. O uşaq bağçasına əhalinin ehtiyacı var”.

Başçının müavini onu da bildirib ki, Elşən Məmmədov Ağsu rayon icra hakimiyyətini məhkəməyə verib. Aprelin 14-də ilk məhkəmə iclası da keçirilib. Məhkəmə nə qərar verəcəksə, icra hakimiyyəti də onu icra edəcək.
XS
SM
MD
LG