Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:28

Milli Tarix Muzeyində «1-ci Dünya müharibəsi» başlayıb


Yenilənmiş daimi ekspozisiya seyrçilərin yolunu gözləyir.
Yenilənmiş daimi ekspozisiya seyrçilərin yolunu gözləyir.
-
Bu il I Dünya Müharibəsinin başlanmasının 100 illiyi qeyd edilir.

Azərbaycanın bu savaşda iştirakı və müharibənin Azərbaycana təsiri ilə bağlı yeni tarixi araşdırmalar, eksponat və fotoşəkillər Milli Tarix Muzeyinin daimi ekspozisiyasında «Azərbaycan I Dünya müharibəsi illərində» bölməsinin yenidən qurulması ehtiyacını doğurub.

Muzeydən AzadlıqRadiosuna verilən xəbərə görə, bölmənin yeni görünüşü 13 divar informasiya paneli, 2 vitrin daxili informasiya paneli, 4 vitrin, 1 sensorlu kompüterdən ibarətdir.

Burada ümumilikdə 197 eksponat və fotoşəkil, 1 tam ölçülü fiqur, 1 rəsm əsəri nümayiş olunur.

DAİMİ EKSPOZİSİYADA NƏLƏR VAR?

Daimi ekspozisiyada «Azərbaycan I Dünya müharibəsi illərində» bölməsinin «I Dünya müharibəsinin başlanması və Azərbaycan» informasiya panelində «Üçlər ittifaqı» və «Antanta» hərbi-siyasi blokları iştirakçılarının Azərbaycanla bağlı planları, cəmiyyətin müxtəlif təbəqələrinin müharibənin başlanmasına reaksiyası, Azərbaycanda yaradılmış hərbi-sənaye komitələrinin fəaliyyəti, Azərbaycan neft sənayesinin fəaliyyəti (Rusiyada çıxarılan neftin 80%-i Azərbaycanın payına düşürdü), müharibənin sosial-iqtisadi vəziyyətə təsiri, Qafqaz cəbhəsinin yaranması ilə İran Azərbaycanında döyüşlərin başlanması, Bakı Dəniz Aviasiyası zabit məktəbinin yaradılması, azərbaycanlılardan ibarət yeganə hərbi hissə - Tatar (Azərbaycan) atlı alayının yaradılması, 1914-1917-ci illərdə Rusiya ordusunda 200-ə yaxın azərbaycanlı zabitin xidmət etməsi, Bakıda çoxsaylı hərbi hissələr və hərbi hospitalların yerləşdirilməsi hesabına əhalinin sayının kəskin artması barədə bilgilər verilir.

İLK HƏRBİ MƏKTƏB-- BAKI DƏNİZ AVİASİYASI MƏKTƏBİ

1915-ci il noyabrın 22-də Azərbaycanda ilk hərbi məktəb – Dəniz aviasiyası zabit məktəbinin Bakı filialının təntənəli açılışı olub.

1916-cı il fevralın 25-də məktəb müstəqil statuslu «Bakı dəniz aviasiyası məktəbi» adını alıb.

Sahil qurğuları, hidroplanların suya buraxılması üçün aşırımların, anqarların və s. binaların tikinti xərcləri Bakı şəhər Upravası tərəfindən ödənilib.

UPRAVA RƏHBƏRİ--MƏMMƏD HƏSƏN HACINSKİ

Məktəbin açılışında Peterburq Texnologiya İnstitutunun məzunu, Uprava rəhbəri Məmməd Həsən Hacınski böyük rol oynayıb.

1915-ci ilin noyabrından 1917-ci ilin noyabrınadək məktəbdə 40 zabit və 17 aşağı çin, o cümlədən 20 dəniz təyyarəçisi hazırlanıb.

Təyyarələrin orta sayı – 20-25 ədəd olub.

Kadrlarının hazırlığından başqa məktəbdə ilk dəfə D.Qriqoroviçin M-9, M-7 hidroplanları, İ.Qolenişev-Kutuzovun aeroqlisseri, A.Sedelnikovun M-10, M-15 hidroplanları, E.Engelsin qayıq-qırıcı təyyarəsi sınaqdan keçirilib.

1918-ci ilin iyulunda Bakı dəniz aviasiyası məktəbi Bakı Soveti bolşevikləri tərəfindən bağlanıb.

Bölmədə həm yazılı məlumatlar, həm də, fotoşəkillər yer alıb.

Yenilənmiş daimi ekspozisiya seyrçilərin yolunu gözləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG