Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20

Antikorrupsiya qurumları nə dərəcədə müstəqildir? [Video]


-
Azərbaycanda 10 ildir korrupsiyaya qarşı mübarizə komissiyası və idarəsi yaradılıb.

Ötən 10 ildə bu qurumlar nəyi dəyişə bilib?

Bu qurumların özləri, beynəlxalq təşkilatlar və vətəndaşlar nə deyir?

AzadlıqRadiosunun «Şəffaflıq» verilişində Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev, Korrupsiya ilə Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və «Şəffaflıq Azərbaycan» təşkilatının nümayəndəsi Kənan Qasımovun iştirakı ilə Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan qurumların işi müzakirə olunub.


Kənan Qasımov: «Azərbaycanda maraqların toqquşması haqqında qanun qəbul olunmayıb deyə, bu sahədə xeyli problemlər var. Başqa bir məsələ dövlət qulluqçularının gəlir deklarasiyasının tələb olunmamasıdır. İctimaiyyət nümayəndələri də dəfələrlə bu məsələni qaldırıblar. Amma məsələ həll olunmayıb. Bu onu göstərir ki, Korrupsiya ilə Mübarizə Komissiyasının katibliyi öz işini düzgün qura bilmir».

Əliməmməd Nuriyev: «Azərbaycanda «ASAN xidmət»in yaradılması məişət korrupsiyasını zərbə altına qoyub. Korrupsiya ilə mübarizədə müəyyən dəyişikliklər var. Mən bunu peşəkar səviyyədə izləyirəm. Ölkədə korrupsiya ilə mübarizə gedir. O ki, qaldı KİV-də gedən müxtəlif araşdırmalara, burada bir məsələni unutmamaq gərəkir. Bizim media tərəfsiz deyil. Bəzən KİV-də bir-birini sıradan çıxarmaq üçün yazılar gedir. Amma xatırlatmaq yerinə düşər ki, Baş Prokurorluğun işindən biri də mediada gedən yazılara arayış hazırlanmasıdır».

Vasif Mövsümov: «Təkcə diqqət Bakıya və ya iri şəhərlərə ayrılmamalıdır. Azərbaycan regionlarda dövlət büdcələrindən vəsaitlərin xərclənməsində şəffaflıq yoxdur. İyun ayından qüvvəyə minəcək «İctimai iştirakçılıq haqqında» Qanunun qüvvəyə minməsindən sonra bu məsələ bəlkə də həll olunacaq. Burada bir məsələ var: 3-5 il korrupsiyaya dirəniş göstərən vətəndaşlar məğlub olurdular, amma hazırda dirəniş göstərənlər qalib ola bilərlər».

Kənan Qasımov: «Komissiyanın səlahiyyətləri və nəzarət imkanları artırılmalıdır. Mediada korrupsiya ilə bağlı yazıların araşdırılması və ictimaiyyətin məlumatlandırılması zəruridir».

Əliməmməd Nuriyev: «İdarənin bank hesablarına çıxış imkanı yoxdur. Hüquqları genişləndirilməlidir. Komissiyanın tərkibinə baxılmalıdır. Kimə subsidiya verilib, hansı fermerin subsidiya aldığı açıqlansın. İctimai nəzarət gücləndirilməlidir. Cəmiyyətin bu məsələyə dəstəyi, müqaviməti gərəkir».

Vasif Mövsümov: «Həm Korrupsiya ilə Mübarizə İdarəsinin, həm də Korrupsiyaya qarşı mübarizə komissiyasının tərkibi elə dövlət nümayəndələrindən formalaşıb. Buna görə də hesab edirəm ki, həm komissiyanın, həm də idarənin təkmilləşdirilməsinə ehtiyac var. Hər iki qurumda vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də KİV təmsil olunmalıdır».

Şərhləri göstər

XS
SM
MD
LG