Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:55

Böyrək çatışmazlığından əziyyət çəkən Vüqar Feyzulla İranda vəfat edib


Vüqar Feyzulla

Vüqar Feyzulla

-

Uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən 28 yaşlı Vüqar Feyzulla aprelin 15-də İranda, müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə AzadlıqRadiosuna onun yaxın dostlarından biri Məhəmməd Muradov məlumat verib:

«Bir-iki saat əvvəl atası İrandan zəng edib bizə xəbər verdi. Vüqarı aprelin 7-də yola salmışdıq. O, «Rəsul Əkrəm» xəstəxanasında müalicə olunurdu. İki ay əvvəl isə o komaya düşmüşdü və Neftçilər xəstəxanasında müalicə olunmuşdu. İki aylıq müalicədən sonra komadan çıxdı, sonra onu İrana yola saldıq. O, vaskulit (damarların sıxılması) xəstəliyindən əziyyət çəkirdi».

Məhəmməd Muradovun dediyinə görə, Vüqarın səhhətində ilk narahatlıq 2008-ci ildən başlayıb. Həmin dövrdən onun müalicəsi ianələr hesabına aparılıb:

85 MİN MANATA YAXIN İANƏ TOPLANIB

«Vüqar özü də bir dəfə prezidentə müraciət etmişdi. Amma ona hər hansı yardım olunmadı. Biz də onun müalicəsi üçün prezidentə, Heydər Əliyev Fonduna, deputatlara müraciətlər etdik. Bir neçə deputat bizim müraciətimizə cavab verdi. Onlardan yalnız biri Neftçilər xəstəxanasında dializin aparılmasına yardım etmişdi. Kampaniya çərçivəsində 40 min manat pul yığılmışdı. Onun 25 min manata qədəri iki ay ərzində xəstəxananın hesabına köçürülmüşdü. Yerdə qalan məbləğlə onu İrana göndərdik. Hətta hazırlaşırdıq ki, yenidən xeyriyyə kampaniyası başlayıb, onun müalicəsini davam etdirək».

Məhəmməd Muradovun dediyinə görə, Vüqar Feyzulla iki il əvvəl də müalicə üçün İrana aparılıbmış:

DAİM NƏZARƏT ALTINDA OLMALI İDİ

«Onda Vüqarın böyrəkləri sıradan çıxmışdı. O vaxt da 45 min manata qədər ianə yığdıq, apardıq İrana. Müalicənin xeyri oldu, amma həkimlər dedilər onun səhhəti böyrək köçürülməsinə imkan vermir. Son vaxtlar Vüqarın ayaqları qanqrena vəziyyətində idi. İrandan əvvəl Vüqar Almaniyada da bir dəfə müalicə almışdı. O, xaricdə müalicə alıb gələndən bir müddət sonra vəziyyəti pisləşirdi. Həkimlər deyirdi ki, bu, elə bir xəstəlikdir ki, daim nəzarət altında olmalıdır. Vüqar azı 10-15 dəfə İranda olub».

Vüqar Feyzullanın cənazəsinin aprelin 16-da Tehran-Bakı təyyarə reysi ilə Azərbaycana gətiriləcəyi gözlənilir.

Dövlət İdarəçilik Akademiyasının məzunu olan Vüqar Feyzulla xəstələnməzdən əvvəl Milli Ön şirkətində mühasib kimi çalışıb.

V. Feyzullaya qədər sosial şəbəkədə xərçəng xəstəliyindən əziyyət çəkən 17 yaşlı Nərmin Hüseynli üçün ianə kampaniyası keçirilib. Müalicə üçün Türkiyəyə göndərilən N. Hüseynli martın 10-da xəstəxanada vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG