Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25
-
Aprelin 15-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

NİYƏ BİTƏRƏF OLDUQ?


Azərbaycanın AŞPA-da nümayəndə heyəti 12 deputatdan ibarətdir. Onların yarısı bu qurumda səsvermə hüququna malikdir. Nümayəndə heyəti üzvlərindən biri də Qənirə Paşayevadır. Aprelin 9-da AŞPA-da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub və Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququ olan 6 üzvünün hamısı bu qətnamənin lehinə səs verib. AŞPA-nın 10 aprel iclasında isə Rusiyanın ilin sonuna kimi bu təşkilatda səsvermə hüququndan məhrum edilməsi haqda qərar çıxarılıb. Azərbaycanın səsvermə hüquqlu 6 deputatı bu məsələdə bitərəf qalıb.
Qənirə Paşayeva

Qənirə Paşayeva

Aprelin 14-də “Media forum” saytına açıqlamasında Qənirə Paşayeva deyib ki, bu iki səsverməni bir-biri ilə qarışdırmaq olmaz, çünki bunlar ayrı-ayrı məsələlərdir: “Rusiyanın ilin sonunadək səsvermə hüququndan məhrum edilməsi məsələsində Azərbaycan nümayəndə heyətinin tutduğu mövqenin Ukraynanın ərazi bütövlüyünə aidiyyəti yoxdur. Ona görə də həmin məsələdə Azərbaycan nümayəndə heyəti üzvlərinin bitərəf qalması Azərbaycanın Ukraynanın ərazi bütövlüyü məsələsində neytral mövqe tutması kimi yozula bilməz. Ancaq çox təəssüf ki, Azərbaycanın bəzi KİV-ləri guya Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstək vermədiyi barədə məlumatlar yayır. Bunların hamısı çox yanlışdır, üzücüdür”.

“NURÇU ƏMƏLİYYATI” BU EVDƏ OLUB

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. ANSPRESS-in məlumatına görə, polisin xüsusi əməliyyat keçirdiyi Yasamal Rayonu, Xıdır Mustafayev 216 saylı evdə 17 nəfər qeydiyyatdadır. Evin sahibinin Hacı ləqəbli şəxs olduğu deyilir. Onların əksəriyyəti dövlət orqanlarında çalışırlar. Lakin 2 mərtəbəli bina yaşayış evindən çox dini ocaq kimi fəaliyyət göstərirmiş. Polis binada xidmət aparıb və binaya daxil olmağa imkan vermirlər.

Şahidlərin sözlərinə görə, iki mərtəbəli bina mədrəsə kimi fəaliyyət göstərirmiş. Polisin ötən günkü əməliyyatından sonra bina polis tərəfindən mühafizə olunur. Ərazidə yaşayan sakinlər qeyd edirlər ki, evdə ibadətlə məşğul olanlar hansı təriqətə mənsub olduqlarını gizlətməyiblər.

BAKIDA EVLƏRİN QİYMƏTİ AVROPADAN BAHADIR

“Yeni Müsavat” qəzeti Bakıda evlərin qiymətini Avropa ölkələri ilə müqayisə edir və Bakıdakı evlərin iki-üç dəfə baha olduğunu vurğulayır. İqtisadçı ekspert Qadir İbrahimli Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlərin məqsədli şəkildə şişirdilmiş qiymətlər olduğunu deyir: “Daşınmaz əmlak bazarında qiymətlərin şişirdilməsində bir neçə amil rol oynayır. Birincisi, yeni tikili bazarında karter razılaşmalarıdır. Karter razılaşmalarının mahiyyəti ondan ibarətdir ki, tikinti şirkətləri razılıq əldə edirlər ki, tutaq ki, bazarda yeni tikilinin bir kvadrat metri 1000, yaxud 1500 manatdan ucuz satılmasın. Yəni belə bir razılaşma olur. Bu razılaşmaya əməl etməyən həmin karter qruplaşması bazardan çıxardılır. Bu, ciddi faktordur. İkinci faktor Azərbaycanın tikinti sektorunda müəyyən qədər qeyri-rəsmi ödənişlərlə bağlıdır. Yəni dövlət orqanları hər kvadrat metrə görə həmin tikinti şirkətlərindən rüşvət alır. Həmin qeyri-rəsmi ödəniş isə yeni tikilinin maya dəyərinə daxil olur. Üçüncü faktor isə odur ki, Azərbaycanda təxmini beş minə yaxın məmur qrupu var ki, onlar pullarını daşınmaz əmlaka yatırırlar. Yəni bazarda süni tələbat yaradırlar. Elə məmur var ki, onun Bakıda 20 və daha çox mənzili var.

İQTİDARIN “İLHAM MİRZƏYEV” ETİRAFI

“Azadlıq” qəzetində oxuyuruq:
İlham Mirzəyev

İlham Mirzəyev

“Hakimiyyətin geniş meydan verdiyi, səxavətlə efir vaxtı ayırdığı “falçı” və “cadugər” zümrəsi bu gün təlaş içərisindədir. Bu kəsimin ən uğurlu, eyni zamanda ən sanballı nümayəndələrindən birinin əsrarəngiz şəkildə həbs edilməsi onları sözün əsl mənasanda çaş-baş salıb. Çünki ölkədəki bütün cadugər və ekstrasensləri, falçı və cinqovanları (yeni və gəlirli sahədir - X.Ə.) çox sadə motivlərlə həbs və ardınca müflis etmək mümkündür. Bu kəsimin hər bir nümayəndəsinin arxasında yüzlərlə aldadılmış avam insanlar olduğundan yuxarıdan gələn bir işarə kifayətdir ki, ölkədə şarlatan qıtlığı yaransın. Lakin hər şeydən pul çıxarmağı bacaran rejimin buna getməsi inandırıcı görünmür. Şəxsən mənim fikrim belədir ki, rejim onların ən imkanlı və “bərkgedənlərini”, yəni öz bazarına girənləri müflis edəcək. Bir sözlə, bu sahədə monopoliyaya son qoyacaq və falçılıqda “azad rəqabət” dövrü başlayacaq. Bəlkə də bu əməliyyat regionlarda xırda cadugərliyin inkişafına böyük təkan verəcək, kim bilir?.. İlham Mirzəyev, obrazlı desək, bu sahənin Kamaləddin Heydərovu, Ziya Məmmədovu idi. Digər falçıların əl-qolunu bağlamışdı, imkanlı-imkansız ona üz tuturdu. Gəlin qısaca olaraq, onun kimliyinə nəzər salaq...

MƏDƏNİYYƏTLƏRARASI DİALOQ MƏKANI

“Azərbaycan” qəzeti yazır ki, hər il aprel ayının 15-də bütün dünyada Beynəlxalq Mədəniyyət Günü geniş şəkildə qeyd edilir. Həmin günün tarixə düşməsinə hələ 1935-ci ilin 15 aprelində imzalanmış “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması (Rerix paktı) səbəb olub. 1998-ci ildə isə “Mədəniyyətin müdafiəsi beynəlxalq liqası” adlı ictimai təşkilat həmin tarixin “Beynəlxalq Mədəniyyət Günü” kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. O vaxtdan başlayaraq 15 aprel əksər ölkələrdə Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur, mədəniyyətin müxtəlif sahələrinə dair fəal müzakirələr, diskussiyalar aparılır.
“Hazırda dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsi bu sahədə qəbul edilmiş proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. 2003-cü ildən ölkədə teatr, kino, muzey, kitabxana və turizmin inkişafını təmin edən 5 dövlət proqramı qəbul edilmiş, mədəniyyətin müxtəlif sahələri ilə bağlı xeyli sərəncam və fərmanlar imzalanıb”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG