Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06

ABŞ-da yazarlar üçün ən nüfuzlu mükafatın qalibləri açıqlandı


Donna Tartt

Donna Tartt

-

Amerikada yazarlar üçün ən nüfuzlu mükafatın - Pulitzer-in qalibləri açıqlanıb.

"Washington Post" "Guardian" qəzetləri ABŞ hökumətinin telefon və İnterneti total izləmə proqramlarını faş edib "cəmiyyətə xidmət göstərdikləri üçün" Pulitzer-ə layiq görülüblər.

Sözügdən qəzetlər keçmiş ABŞ kəşfiyyatçısı Edward Snowden-in açıqladığı məlumatları, sənədləri dərc edirdilər.

Bu yazılar ölkədə, eləcə də dünyada ictimai debatlara səbəb olmuş və nəticədə ABŞ rəhbərliyi proqramın böyük bir hissəsindən imtina edəcəyini bildirmişdi.

Nəsr nominasiyasında mükafatı Amerika yazıçısı Donna Tartt qazanıb - “The Goldfinch” romanı ilə.

Romanın baş qəhrəmanı Nyu-Yorkda yaşayan yeniyetmə oğlandlr. Muzeydə törədilən terror aktı zamanı anasını itirsə də, Theo Decker-in özü sağ qalır. Küçələrdə, dostlarının evində gecələyə-gecələyə yaşamağa başlayır ki, polis onu uşaq evinə verməsin. Onun ruhuna qida verənsə, anasını xatırladan bir rəsmidir. Bir müddət sonra bu rəsm onu sənət aləminə çəkir.

Bu roman müasir Amerika həyatının içindən gəlir, itki, qurtuluş, özünü yenidən kəşf etmə və incəsənətin böyük gücü haqdadır.

Roman Britaniyanın "Economist" dərgisi də "2013-cü ilin ən yaxşı romanları" siyahısına salmışdı.

Poeziya nominasiyasında isə hind əsilli Amerika şairi Vijay Seshadri qalib gəlib - "3 sections" kitabı ilə.

Seshadri-nin poeziyası pafosdan tamam uzaqdır. Onun fəlsəfi düşüncələrinin "ayağı yerdən üzülmür". Şairin güclü yumor hissi var:

"Bir zaman dünyaya üç
apokaliptik baxışım vardı, biri o birindən müdhiş.
Qəbirlər açılır və dənizin səviyyəsi bizləri məhv etmək üçün qalxmağa başlayır.
Sonra qapının zəngi çalındı və mən pilləkənləri enib "This morning"in iki paketinə abunə yazıldım*.

__________
"televiziya proqramları

Həm də esseist, tənqidçi olan Seshadri şeir janrının çərçivələrinə üsyan edir, bəzən onun yazdığının şeir, yaxud esse olduğunu müəyyənləşdirmək də çətin olur. Məsələn:

"Orwell hardasa deyib ki, heç kəs öz həyatının gerçək hekayətini yazmır.
Həyatın gerçək hekayəti - həyatdakı alçaldılmaların hekayətidir.
Əgər mən indi o hekayəti yazsam -
Dünyanın axırınacan radioaktiv qalacaq həmin hekayəti -
ey insanlar, and içərəm ki, gözləriniz oyuğundan çıxar, əlcəklərinizi çıxarmağa macal tapmazsınız utanc hissinin şimşəyindən od tutub yanan əllərinizdən".


("Memuar" şeirindən parça)

Mükafatın dəyəri 10 min dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG