Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:28
-

"Öyrənmək istəyirdim ki, başqa insanlar da həyatda mənim yaşadıqlarımı yaşayıblarmı?

Mənim başıma gələnlər anormal idi, yoxsa gerçəklik həqiqətən də mənim düşündüyüm kimi qəribə və anlaşılmaz idi?"


"Kim nə deyir desin, roman heç vaxt ölməyəcək."


Tanınmış Amerika yazıçısı Paul Auster-in "Paris Review" jurnalına müsahibəsindən (2003)


əvvəli burda


MÜXBİR

İctimai radio ilə birgə həyata keçirdiyiniz Milli Hekayə Layihəsi haqqında da danışın. Bildiyimə görə, onlar səsinizi bəyəndikləri üçün sizi efirə çıxarmağın yollarını axtarırmışlar.

AUSTER


Yəqin mənim bütün bu illər ərzində çəkdiyim siqarların təsirindəndir. Bu xırıltılı nərilti də, tutulmuş bronxlarım da, ağciyərlərimin bu zəifləyən gücü də... Həmin səsyazılarını sonradan dinləmişəm. Səsim lap kirəmitə sürtülən sumbata kağızının səsi kimi çıxır.

MÜXBİR

Bilirik ki, dinləyicilərin öz hekayələrini sizə göndərməyini və sizin də o hekayələrdən seçib oxumağınızı həyat yoldaşınız Siri Hustvedt təklif etmişdi. Yəni dinləyicilərin öz həyat hekayələrini.

AUSTER

Anladım ki, bu, əla ideyadır. İctimai radionun bütün ölkə üzrə milyonlarla dinləyicisi var. Kifayət qədər hekayə gəlsəydi, məncə, Amerikan gerçəkliyinin kiçik muzeyini yarada bilərdik. İnsanlara istədikləri mövzuda yazmaq sərbəstliyi verilmişdi. Fərqi yoxdu, mövzu dərin də ola bilərdi, xırda da, gülməli də ola bilərdi, ağlamalı da. Yeganə qayda o idi ki, mətnlər kiçik olmalıydı (ən çoxu iki-üç səhifə), bir də həqiqi əhvalatlar olmalıydı. Paul Auster

Paul Auster



MÜXBİR

Bəs niyə belə böyük yükün altına girdiniz? Bir il ərzində dörd mindən çox hekayə oxudunuz.

AUSTER

Məncə, bir neçə motivim var idi. Ən əsası şəxsi marağım idi. Öyrənmək istəyirdim ki, başqa insanlar da həyatda mənim yaşadıqlarımı yaşayıblarmı? Mənim başıma gələnlər anormal idi, yoxsa gerçəklik həqiqətən də mənim düşündüyüm kimi qəribə və anlaşılmaz idi? Yararlanmaq üçün bu qədər imkanlar bolluğu ilə layihə əsl fəlsəfi təcrübə formasını alacaqdı.

MÜXBİR

Nəticələr necə oldu?

AUSTER

Sizə məlumat verməyə şadam ki, mən tək deyiləm. Dünya dəlixanadır.

MÜXBİR

Bəs digər motivləriniz nə idi?

AUSTER

Mən öz yetkin ömrümün böyük bir hissəsini otağımda tək oturub kitab yazmaqla keçirmişəm. Mən bu otaqda xoşbəxtəm, amma 90-cı illərin ortalarında kino çəkilişlərində iştirak etməyə başlayanda digər insanlarla işləməyin gətirdiyi zövqü yenidən kəşf etdim. Bunun kökü yəqin həm də uşaq vaxtı ən müxtəlif idman komandalarının üzvü olmağıma gedib çıxır. Mən kiçik qrupun üzvü olmağı xoşlayıram, xüsusən də o zaman ki həmin qrupun bir məqsədi olur, onun hər bir üzvü ümumi məqsədə çatmaq üçün öz töhfəsini verir. Basketbol oyununda qalib gəlmək, ya da kino çəkmək – bunların arasında fərq həqiqətən çox azdır. Kino çəkilişlərində iştirakımın ən yaxşı tərəfi məncə bu idi. Həmrəylik hissi, bir-birimizə danışdığımız lətifələr, qazandığım dostlar... 1999-cu il üçün mənim kino macəralarım, demək olar ki, bitmişdi. Mən yenə öz yuvama çəkilib kitab yazmaqla məşğul idim, həftələrlə heç kəsi görmürdüm. Məncə, Siri həmin təklifi elə buna görə vermişdi. Yalnız ona görə yox ki yaxşı ideya idi. Həm də mənim digər insanlarla işləməkdən zövq alacağımı düşündüyü üçün. O yanılmamışdı. Həqiqətən də zövq aldım.

MÜXBİR

Vaxtınızı çox almadı ki?

AUSTER

Digər işlərimə mane olmayacaq qədər. Hekayələri az-az, ancaq davamlı olaraq göndərirdilər və əgər mən vaxtımı düzgün bölürdümsə, işlər pis getmirdi. Podkastların hazırlanması adətən bir-iki gün çəkirdi, bu da ayda bir dəfə olurdu.

MÜXBİR

Sizdə belə bir hiss varıydımı ki, həm də ictimai işlə məşğulsunuz? Paul Auster ailəsi ilə

Paul Auster ailəsi ilə



AUSTER

Müəyyən mənada, bəli. Bu, əjdahaya qarşı partizan müharibəsi aparmaq kimi idi.

MÜXBİR

Əjdahaya?

AUSTER

Sənət tənqidçisi Robert Hughes-un sözləri ilə desək, “Əyləncə-Sənaye Kompleksi”nə qarşı. Media bizə şou-biznes ulduzları, qeybət və qalmaqaldan əlavə çox az şey təklif edir. Televiziyada və kinoda təsvirimiz o qədər təhrif edilib və dəyərsizləşib ki, gerçək həyat tamamilə yaddan çıxıb. Bizə ancaq dəhşətli şok və gerçəklikdən uzaq kəmağıl fantaziyalar təklif edilir. Bütün bunların arxasında da pul dayanır. İnsanları axmaq yerinə qoyurlar. Biz artıq insan deyilik, biz istehlakçılarıq, ehtiyacımız olmayan əşyaları almaq üçün aldadılmalı avamlarıq. İstəyirsiniz, buna kapitalizmin qələbəsi deyin. Yaxud azad bazar iqtisadiyyatı deyin. Nə deyirsiniz, deyin. Amma bu, hər nədirsə, onda əsl Amerika həyatı üçün çox az yer var.

MÜXBİR

Və siz də düşündünüz ki, Milli Hekayə Layihəsi bütün bunlara qarşı bir vasitə ola bilər?

AUSTER


Əlbəttə ki, yox. Amma ən azından mən sistemdə kiçik bir oyuq açmağa cəhd etdim. Adi adam hesab olunan şəxslərə öz hekayələrini insanlarla bölüşmək imkanı yaratmaqla mən əslində adi adam anlayışının olmadığını sübut etmək istəyirdim. Bizim hər birimizin öz dərin daxili dünyamız var, hər birimiz çılğın duyğularla alışıb-yanırıq, müxtəlif yadda qalan sərgüzəştlər yaşamışıq...

MÜXBİR

Leviatan adlı əsərinizdə təhkiyyəçi Piter Aaron yazır ki, "hansısa kitabın ideyasının haradan gəldiyini heç kəs deyə bilməz, xüsusən də onu yazan şəxs. Kitablar dərk olunmazlıqdan yaranırlar və əgər yazılandan sonra yaşamağa davam edirlərsə, deməli hələ də anlaşılmayıblar.” Bu yazılanlar sizin şəxsi baxışlarınıza nə qədər yaxındır?

AUSTER

Mən öz obrazlarım vasitəsilə nadir hallarda öz sözümü deyirəm. Bu obrazlar mənə bənzəyə, yaxud mənim həyat tərzimdəm nəyisə əxz edə bilər, ancaq mən onları öz şəxsi fikirləri və öz ifadə tərzləri olan müstəqil varlıqlar kimi yaradıram. Ancaq yuxarıdakı konkret halda Aaronun fikri mənimkiylə uyğun gəlir. Don DeLillo

Don DeLillo



MÜXBİR

Siz roman yazmağa hazırlaşanda, bu iş barədə nə dərəcədə anlayışlı olursunuz? Plan əsasında işləyirsiniz? Süjeti əvvəldən müəyyən edirsiniz?

AUSTER

Mənim yazdığım hər kitab beynimdə kiçik bir küydən başlayır. Kiçik musiqi parçası, ya da ritmdən. Roman yazarkən göstərdiyim səylərin ən başlıcası da bu küyə, bu ritmə sadiq qalmaq cəhdimdir. Bu, çox intuitiv işdir. Siz ona nə rasional olaraq bəraət qazandıra, nə də izah verə bilərsiniz. Eyni zamanda, siz həm nə vaxt xaric not vurduğunuzu, həm də notun nə vaxt düzgün olduğunu əminliklə bilirsiniz.

MÜXBİR

Siz yazarkən əhvalatın bir yerini qoyub, başqa yerinə adlayırsınız?

AUSTER

Xeyr. Kitaba ilk cümləni yazmaqla başlayıram və və son cümləyə nöqtə qoyana kimi davam edirəm. Ardıcıllıqla, abxas-abzas. Mən əhvalatın trayektoriyasını duyuram. Adətən yazıya başlayanda ilk cümlə kimi son cümləni də bilirəm, amma mən yazdıqca hər şey dəyişir. Dərc etdiyim kitabların heç biri öncədən düşündüyüm kimi olmayıb. Mən yazdıqca obrazlar və epizodlar yoxa çıxıb, onların yerini digər obrazlar və epizodlar tutub. Sən kitabı onun yazılma prosesində kəşf edirsən. Peşənin maraqlı tərəfi də məhz budur. Əgər hər şeyi öncədən planlaşdırmaq mümkün olsaydı, bu o qədər də maraqlı olmazdı.

MÜXBİR

Sizin kitablarınızın quruluşu həmişə çox sadə olur. Oxucular sizə ən çox həm də buna görə vurğundurlar.

AUSTER

“Yanılmalar kitabı” yazı prosesində bir neçə köklü dəyişiklikdən keçib və mən ta son səhifələrə kimi süjetlə bağlı ideyalarmı götür-qoy edirdim. “Timbuktu” başlanğıcda daha uzun kitab kimi düşünülmüşdü. Willy və cənab Bones kitabda kiçik və ötəri rollar almalı idilər, ancaq mən ilk fəsli yazmağa başlayan kimi onlara vuruldum. Planımı dəyişməyi qərara aldım. Nəticədə, layihə bu iki obraz haqqında kiçik və az qala süjetsiz lirik kitaba çevrildi. “Cənab Vertigo”nu yazarkən otuz, ya qırx səhifəlik kiçik hekayə yazdığımı düşünürdüm, ancaq əhvalat öz yolu ilə getdi və sonda öz istədiyi həyatı yaşamaq hüququ qazandı. Yazmaq mənim üçün hər zaman belə olub: sonda dərk edilən nəticəyə doğru aramla, qarasına yol getmək.

MÜXBİR

“Hər dəfə bir abzas” ifadəsi haqqında ətraflı danışa bilərik?

AUSTER

Abzas sanki mənim təbii yazı vahidimdir. Necə ki sətir şeirin vahididir, abzas da nəsrdə eyni funksiyanı daşıyır - ən azından, mənim üçün. Mən bir abzas üzərində ondan razı qalana qədər işləyirəm. Abzas düzgün forma və tarazlıq, düzgün ritm alana qədər, şəffaf və yüngül olana qədər onun üzərində işləyirəm. Bir abzası yarım saata da tamamlaya bilərəm, üç günə də. Abzası bitirən kimi onu daha yaxşı nəzərdən keçirmək üçün makinada çap edirəm. Ona görə də iş prosesində hər kitabın həm əlyazması, həm də makinada çap olunmuş paralel variantı olur. Əlbəttə, daha sonra makina variantı üzərində yenidən dəyişikliklər edirəm.

MÜXBİR

Asta-asta vərəqlər üst-üstə qalanır.

AUSTER

Bəli, amma çox ləng.

MÜXBİR

Bitirməmişdən öncə əsərinizi kiməsə göstərirsiniz?

AUSTER ABŞ - Paul Auster (solda) Amerika şairi John Ashbery ilə, Brooklyn Kitab Festivalı, 2010

ABŞ - Paul Auster (solda) Amerika şairi John Ashbery ilə, Brooklyn Kitab Festivalı, 2010



Siriyə. Siri mənim ilk oxucumdur, mən onun mühakiməsinə tam etibar edirəm. Hər dəfə yeni roman yazanda, mən əsərdən onun üçün parçalar oxuyuram - ya ayda bir dəfə, ya da hər dəfə iyirmi-otuz səhifə hazır olandan sonra. Ucadan oxumaq kitabın mənim üçün maddiləşməsinə kömək edir, səhv istiqamətə getdiyim, ya da doğru ifadə etmədiyim yerləri dərhal görürəm. Sonra Siri öz şərhlərini verir. O, bununla iyirmi iki ildir ki, məşğuldur. Onun dedikləri həmişə yerli-yerində olur. Sirinin məsləhətinə qulaq asmadığım bircə hal belə yadıma gəlmir.

MÜXBİR

Siz də onun əsərlərini oxuyursunuz?

AUSTER

Bəli, O mənim üçün nə edirsə, mən də onun üçün eyni şeyləri edirəm. Hər bir yazıçı etibar edəcəyi oxucu axtarır. Bu oxucunun sizin etdiyinizə rəğbəti olmalıdır və əsərin mümkün qədər yaxşı alınmasını istəməlidir. Ancaq dürüst olmaq lazımdır. Bu, fundamental tələbdir. Yalansız və saxta tərifsiz.

MÜXBİR

1992-ci ildə siz “Leviatan” əsərini Don DeLilloya ithaf etdiniz. O da on bir il sonra “Kosmopolis” əsərini sizə ithaf etdi. Sizin uzun sürən dostluğunuz və bir-birinizin əsərlərinə sayğınız var. Müasiriniz olan daha hansı yazıçıları oxuyursunuz?

AUSTER

Bir xeylisini. Məsələn, Peter Carey, Russell Banks, Philip Roth, E. L. Doctorow, Charles Baxter, J. M. Coetzee, David Grossman, Orhan Pamuk, Salman Rushdie, Michael Ondaatje, Siri Hustvedt... Bunlar ilk ağlıma gələn adlardır, yəqin ki, eyni sualı sabah məndən soruşsanız, sizə başqa adlar deyərəm. Bir çox insanın düşündüyünün əksinə olaraq, bu gün roman özünün yaxşı günlərini yaşayır, həmişəki kimi sağlam və güclüdür. Roman tükənməz janrdır. Kim nə deyir desin, roman heç vaxt ölməyəcək.

MÜXBİR

Siz buna necə əmin ola bilərsiniz?

AUSTER

Çünki, roman – iki yad insanın tam məxfilik şəraitində görüşə biləcəyi yeganə yerdir. Yazıçı və oxucu kitabı birlikdə yazır. Heç bir digər sənət bunu edə bilməz. Heç bir başqa sənət növü insanın daxili dünyasının mahiyyətini belə əks etdirə bilməz.

İngiliscədən Əli Novruzov çevirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG