Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:04

Bakıda sərnişindaşıma Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına verilir


arxiv foto
arxiv foto
-
Nazirlər Kabineti 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı şəhərindəki sərnişindaşımanı Bakı Şəhər İcra Hakimiyyətinə verib. Bu barədə Nazirlər Kabinetinin saytında verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində «BakuBus» Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.

Baş nazir Artur Rasizadənin imzaladığı qərarda deyilir ki, Bakıda sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə «BakuBus» MMC yaradılsın.

YENİ AVTOBUSLARIN ALINMASINA 30 MİLYON MANAT AYRILIR

Qərara görə, «BakuBus»ın nizamnamə kapitalı 30 milyon manat müəyyənləşib. Həmin məbləğ 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılacaq. «BakuBus» bu vəsaitə yeni avtobuslar alacaq, fəaliyyətini quracaq.

Nəqliyyat Nazirliyi isə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə «BakuBus»a məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən edəcək.
Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırıb ki, ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədi ilə avtonəqliyyat parkları (qarajları) üçün 1 ay müddətində yer ayırsın.

İndiyədək paytaxtda sərnişin daşımanı Bakı Sərnişin Daşıma MMC təşkil edirdi.

«BÜTÜN MƏSULİYYƏT BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN ÜZƏRİNƏ DÜŞÜR»

Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov Nazirlər Kabinetinin qərarını təqdir edir, deyir ki, 1998-ci ildən bəri daxili sərnişindaşımada liberallaşma başlayıb: «Əvvəl bu səlahiyyət Bakı şəhər icra hakimiyyətində idi, sonra Nəqliyyat Nazirliyinə verildi. Ancaq hər iki qurumda da bu sahənin idarə olunmasında nöqsanlar var idi».

Natiq Ələkbərov deyir ki, küçələrin təmiri, tikinti məsələləri, yol hərəkətinin uyğunlaşdırılması, daxili sərnişindaşıma kimi bütün məsələlərdə məsuliyyət Bakı şəhər icra hakimiyyətinin üzərindədir: «Əgər avtobusların alınmasına dövlət büdcəsindən vəsait ayrılırsa, deməli, artıq, bu, dövlətin mülkiyyətidir».

«SAHİBKARLAR RENTABELLİ OLMAYAN YERLƏRƏ MARAQ GÖSTƏRMİR»

Ekspert hesab edir ki, mülkiyyət formasının dəyişməsi daxili sərnişindaşımada olan mövcud nöqsanları aradan qaldıracaq: «Elə yaşayış yerləri var ki, ora rentabelli sayılmır. Kiçik yaşayış massivləri olduğu üçün sahibkarlar bu ərazilərdə marşrut işlətməyə maraqlı görünmürlər. Yəqin ki, Bakı şəhər icra hakimiyyəti bu tipli nöqsanları aradan qaldıracaq».

Amma Natiq Ələkbərov onu da əlavə edir ki, Bakı Sərnişin Daşıma MMC-nin tələbləri əsasında avtoparklarını yeniləyən, bunun vəsait xərcləyən sahibkarlara da hər hansı formada kompensasiya ödənilməlidir: «Ya onların sərəncamında olan yeni avtobuslar alınmalıdır, ya da sahibkarlarla paralel işlənməlidir».

«DÜNYADAKI İKİ MODEL... »

Rövşən Ağayev
Rövşən Ağayev
Bakı sərnişindaşımanın ali icraedici orqandan alınıb, yerli icraedici orqana verilməsi müsbət addımdır. Bunu deyən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, indiyədək Nəqliyyat Nazirliyinin nəqliyyat xidmətinin göstərməsi tənqid hədəfi olub: «Dünyada iki model var. Məsələn, Türkiyədə iri şəhərlərdə daxili sərnişin daşımanı meriyalar həyata keçirir. Gürcüstanda isə daxili sərnişindaşımanı meriya tənzimləyir, xidmət göstərilməsi üçün sahibkarlar arasında tender keçirir».

«...HEÇ BİRİ AZƏRBAYCANDA İŞLƏMƏYƏCƏK»

Rövşən Ağayevin fikrincə, bu iki modelin heç biri Azərbaycanda işləməyəcək: «Çünki Bakı şəhər icra hakimiyyəti seçkili orqan deyil. Ortada böyük pullar var. Bu pullar necə xərclənəcək, necə tender keçiriləcək? Meriyalar seçkili orqan olduğu üçün burda bir-iki məmurun iradəsindən söhbət gedə bilməz. Azərbaycanda isə fərqli durumdu. Əgər güclü ictimai nəzarət olmasa, yeni sərnişindaşıma xidmətindən effektiv nəticə gözləməyinə dəyməz».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG