Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:23

İsmayıllı xəstəxanasında ana olmaq istəyən bir gəncin başına gələnlər...


İsmayıllı rayon mərkəzi xəstəxanası
İsmayıllı rayon mərkəzi xəstəxanası
-

İsmayıllı rayon mərkəzi xəstəxanası iki ildir ki, əsaslı təmir üçün bağlanıb. Xəstəxana müvəqqəti olaraq uşaq poliklinikasında fəaliyyət göstərir. Uşaq poliklinikası Sovetlər dönəmində tikilib və bu günə qədər orada əsaslı təmir aparılmayıb. Bina çox şəraitsiz və qəzalı vəziyyətdədir. Aldığımız məlumata görə, mayın 10-da yeni xəstəxananın açılışı olacaq və bütün heyət həmin ünvana köçəcək. Ancaq hələ ki, xəstələr mövcud şəraitlə barışmaq məcburiyyətindədirlər. Üstəlik xidmətin keyfiyyətindən və rüşvət hallarından şikayətlənirlər. Xəstələrin yaxınları bildirirlər ki, məcburən evdən yemək gətirməli olurlar. Pambıqdan tutmuş bütün preparatlara qədər lazım olan hər şeyi öz pulları ilə alırlar.

İsmayıllı rayonu Hacıhətəmli kənd sakini, Səlminaz Tağıyeva:

«HƏKİM BİLDİRDİ Kİ, KÖRPƏ ANA BƏTNİNDƏ ÖLÜB»
Səlminaz Tağıyeva
Səlminaz Tağıyeva
«Bir neçə gün bundan qabaq gəlinim Sevər Tağıyevanı rayon mərkəzi xəstəxanasına gətirdim. Gəlin iki aylıq hamilə olduğu üçün ginekoloji şöbəyə, həkim Məlahət Hüseynovanın yanına gəlmişdik. Gəlinimin hamilə qalması üçün bütün müalicəni həkim Məlahət Hüseynova edib. Ancaq bu dəfə gəlin möhkəm ağrıdığı üçün gəlmişdik. Həkim xəstəyə baxdı və bildirdi ki, körpə ana bətnində ölüb. Buna görə də təcili abort olunub təmizlənməlidir. Biz razılaşdıq. Həkim təxminən bir saat ərzində görüləsi işləri həyata keçirib xəstəmi mənə təhvil verdi. Bildirdi ki, narahat olmayın hər şey qaydasındadır. Müalicə edərik, növbəti dəfə belə uğursuzluq olmaz».

«HƏM PULUMU ALIB, HƏM DƏ XƏSTƏMİ YAMAN GÜNƏ QOYUB»

Səlminaz Tağıyeva deyir ki, abortdan sonra geri öz yaşadıqları Hacıhətəmli kəndinə qayıdıblar:

«Evə dönən gündən gəlinin vəziyyəti ağırlaşmağa başladı. Mən fikirləşdim ki, yəqin soyuqdəymədir, bankaladım və bir sıra digər tibbi yardımlar göstərdim. Dünən gecə, səhərə yaxın gəlinin vəziyyəti daha da ağırlaşdığı üçün onu yenidən rayon mərkəzi xəstəxanasına gətirdim. Məlahət həkim bizə dedi ki, Sevinc həkimə tapşırmışam, nə lazımdırsa edəcək, mənim təcili getməli yerim var. Məlahət həkim işin nə yerdə olduğunu bilirdi, ona görə də həyəcanlı idi. Fikirləşirəm ki, bu üzdən o, təcili aradan çıxdı. Həkimlər gəlinimi aparata saldılar və dedilər ki, abort düzgün aparılmayıb. Ölü uşağın bir hissəsi uşaqlıq borusuna düşüb və artıq daxildə qanaxma və çürümə başlayıb. Təcili əməliyyat olunmalıdır. Hazırda xəstə əməliyyat olunmaq üçün reanimasiya şöbəsindədir. Həkimlər qeyd edir ki, orqanların bir hissəsi kəsilib götürülməlidir. Oğlum bir ildir ailə qurub, ilk uşaq idi. İndi gəlinin gələcəyi şübhə doğurur, belə özbaşınalıq olmaz axı. Həkimlər qan istəyir, deyirlər cəmisi 30 faiz qanı var. İndi mən nə edim, haradan tapım? Bura gələndən hətta pambığa kimi bizə aldırıblar. Həkim qaçıb gedib. Hara baxırlar rəhbər şəxslər? Niyə beləsini cəzalandırmırlar? Həm pulumu alıb, həm də xəstəmi yaman günə qoyub».

REANİMASİYADA...
İsmayıllı rayon mərkəzi xəstəxanası
İsmayıllı rayon mərkəzi xəstəxanası
İsmayıllı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinin müdiri Firudin Ağayev isə deyir ki, artıq həmin xəstə əməliyyat olunub:

«Sağ yumurtalığın infeksiyası baş verib. Xəstə çoxlu qan itirib. Həkim, cərrahiyyə briqadası çağırılıb əməliyyat olunub. Xəstəyə artıq qan köçürülüb. Hal-hazırda xəstənin vəziyyəti xəstəliyinə müvafiqdir. Xəstə reanimasiya şöbəsində müalicəsini davam elətdirir».

Bu məsələdə adı hallanan həkim ginekoloq Məlahət Hüseynova isə özünü günahkar saymır:

«BİBİMİN ƏRİ RƏHMƏTƏ GEDİB, ONA GÖRƏ...»

«Uşaqlıqdan kənar boru hamiləliyidir. Yəni o, bizdən asılı olmayan bir şeydir. Hamiləlik boruda alınıb. Belə olduğu halda xəstəyə diaqnoz qoymaq bir az çətindir. Belə olanda orada döl böyüdükcə boru şişir və genişlənir. Mən bir neçə gün bundan qabaq diaqnostik yoxlama aparmışam və lazımı müayinəni etmişəm. Sadəcə mənim hüzrüm olub, bibimin əri rəhmətə gedib, ona görə ona yardım edə bilməmişəm. Mən onu «UZİ»yə göndərdim və tapşırdım ki, aparatın cavabı ilə Afaq həkimə yaxınlaşarsan. Onlar da baxıblar ki, uşaqlıqdankənar boru hamiləliyidir, onda Sevinc həkim yardım edib, əməliyyat ediblər. Bəli, xəstə mənim yanımda təxminən bir həftə bundan qabaq olub, onda uşaq ölü deyildi. Xəstədə həmin vaxt qanaxma olub və mən də uşaqlığı diaqnostik formada yoxlamışam».

Həkimin sözlərinə görə, boru hamiləliyində sağlam uşaq doğula bilməz:

«BİZİM BAŞIMIZ İLLƏRLƏ BU İŞDƏ AĞARIB»

«O, bizim heç birimizin günahı deyil. Belə olduğu halda da mütləq cərrahi əməliyyat olunub, borulardan biri götürülür. Kim deyir ki, tək boru ilə uşaq olmaz. Elə adamlar var ki, 3,5 övlad dünyaya gətirir. Boru ancaq ötürücü rolunu oynayır. Hamiləlik üçün uşaqlıq lazımdı, o yerindədir, başqa bir problem yoxdur. Uşağı həkim gətirib boruya qoymur ki, onun bədəni yetişdirmədiyinə görə o, yarıda qalır və boru hamiləliyi alınır. Yəni, açıb ədəbiyyata da baxa bilərsiniz, bizim başımız illərlə bu işdə ağarıb. Hazırda mən xəstəmlə mütəmadi maraqlanıram və həkimlərə möhkəm tapşırmışam. Qalan dərmanları xəstə sahibinin alması mənim problemim deyil. Mən nə baş həkim deyiləm, nə təminata baxıram. Əgər nazirliyin bizə verdiyi varsa var, yoxdursa yoxdur. Xəstəxanaya nə verilirsə onu işlədirik, qurtardıqda hamımız özümüz alırıq. Məlahət həkimi hamı tanıyır. Şükür Allaha ki, hamıya yaxınlaşıb soruşa bilərsiniz, mən hamıya bacardığım yardımı eləmişəm, özü də təmənnasız. 23 ildir ki, mama-ginekoloq işləyirəm və vaxtı ilə ali məktəbi də bu ixtisas üzrə bitirmişəm».
XS
SM
MD
LG