Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:18
-
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIPRI) 2013-cü il üçün açıqlanan hesabatına görə ötən il dünya üzrə hərbi xərclər 1,75 trilyon dollar olub.

Bu, 2012-ci ildə olduğundan 1,9 faiz azdır. Hesabatda bildirilir ki, bu azalma əsasən Qərb ölkələrinin hesabına baş verib. Bu baxımdam ABŞ-ı çıxmaq şərti ilə dünyanın qalan yerlərində hərbi xərclər 1,8 faiz artıb.

QƏRB AZALDIR, RUSİYA ARTIRIR

Hərbi xərclərdə ən böyük artım Çin, Rusiya və Səudiyyə Ərəbistanında baş verib.
Bu ölkələr hərbi xərclərə görə 2013-cü ildə Britaniya, Yaponiya və Fransanı geridə qoyublar.

Çin, Rusiya və Səudiyyə Ərəbistanından başqa daha 20 ölkə 2004-cü ildən bu yana hərbi xərclərini iki dəfə artırıb.

ABŞ-da 2013-cü ildə hərbi xərclərin 7,8 faiz azalması İraq müharibəsinin başa çatması, qoşunların Əfqanıstandan çıxarılması prosesi və Konqresin 2011-ci ildə büdcə xərclərinin azaldılması barədə qəbul etdiyi qanunla bağlıdır.

Qərbi və Mərkəzi Avropada isə qənaət siyasətinə uyğun olaraq başqa xərclərlə yanaşı hərbi xərclərin də ixtisarı davam edib.

Avropada hərbi xərclərin ən çox azalması İspaniya, Hollandiya, Albaniya və Macarıstanda baş verib.

SƏUDİYYƏ HƏRBİ XƏRCLƏRİNİ NİYƏ ARTIRIR?

Yaxın Şərq regionunda 2013-cü ildə hərbi xərclər 4 faiz artaraq 150 milyard dollar təşkil edib.

Səudiyyə Ərəbistanı ötən il hərbi xərcləri 14 faiz artıraraq 67 milyard dollara çatdırıb.
Hesabatda deyilir ki, bu, İranla münasibətlərin gərginləşməsi, “Ərəb baharı” tipli həyəcanların baş verməsinin qarşısının alınması məqsədini güdür.

Mətbuat bunu da əlavə edir ki, Səudiyyə Ərəbistanı hərbi xərcləri həmçinin Livan və Suriya kimi yerlərdə sünni hərəkatlarını dəstəkləmək məqsədi ilə artırır.

Bu baxımdan bapbalaca şiə ölkəsi Bəhreynin nəhəng hərbi xərclərini başa düşmək çətin deyil.

Bununla belə, bu regionda ən böyük artım silahlı qüvvələrini yenidən quran İraqa (27 faiz) aiddir.

Rusiya 2013-cü ildə hərbiyyəyə 88 milyard dollar xərcləyib. 2004-2013-cü illərdə bu ölkədə ÜDM 39 faiz artıb.

HƏRBİ XƏRCLƏRƏ GÖRƏ AZƏRBAYCAN QAFQAZDA LİDERDİR

SİPRİ-nin hesabatında Rusiya ilə yanaşı bir sıra MDB ölkələrinin də 2013-cü il üçan hərbi xərcləri barədə məlumat verilir.

Azərbaycan 2013-cü ildə hərbi məqsədlərə 3 milyard 440 milyon dollar xərcləyib. Bu, 2004-cü ildən bəri 493 faiz artım deməkdir. Bu müddətdə ölkənin ümumi daxili məhsulunun artımı 186 faiz təşkil edib. Bu da qeyd olunmalıdır ki, nəzərdən keçirilən dövrdə Azərbaycanda ÜDM-in artımı müqayisə olunan ölkələrdəkindən dəfələrlə çox olub.

Cənubi Qafqazda Azərbaycanla müharibə şəraitində olan Ermənistan 2013-cü ildə hərbiyyəyə 427 milyon dollar xərcləyib. Ermənistanın 2004-cü ildən bəri hərbi xərcləri 115 faiz artıb. Bu ölkədə ÜDM-in artımı 29 faiz olub.

Gürcüstanın 2013-cü il üçün hərbi xərcləri 443 milyon dollar olub. Bu ölkənin hərbi xərcləri 2004-cü ildən bəri 230 faiz artıb, 2004-2013-cü illərdə ÜDM-in artımı 64 faiz təşkil edib.

Mərkəzi Asiyada Qazaxıstan ötən il hərbi məqsədlərə 2 milyard 800 milyon dollar xərcləyib. Ölkənin ÜDM-i 2004-2013-cü illərdə 75 faiz artıb. Bu, Azərbaycanda olduğundan az qala üç dəfə azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG