Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32
Aprelin 13-14-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

ƏLİ HƏSƏNOV “JURNALİSTLƏR EVİ”NİN HƏYƏTİNDƏKİ İMƏCİLİKDƏ

Aprelin 13-də “Jurnalistlər evi”nın sakinləri həyətdə iməcilik keçirib. Modern.az saytı xəbər verir ki, bazar günü həyətə çıxan bina sakinləri həyətdə son vaxtlar əsən güclü külək nəticəsində binanın ətrafında əkilmiş ağaclara dəymiş fəsadları aradan qaldırıblar. Küləyin əydiyi ağaclar bərkidilib, dibləri bellənib və suvarılıb. Həmçinin ağacların qurumuş budaqları budanıb.

İməcilik keçirilən vaxt Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da “Jurnalistlər binası”nın həyətinə gəlib və sakinlərlə söhbət edib. Qaldırılan təşəbbüsü dəstəklədiyini deyən Ə.Həsənov bu tipli kollektiv tədbirlərin faydalı olduğunu vurğulayıb. PA rəsmisi daha sonra binanın idarə edilməsi ilə bağlı nəzərdə tutulan işlərdən danışıb.

HEYDƏR ƏLİYEV HAQQINDA BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

Cumhuriyyet.az saytı 1960-70- ci illərdə Azərbaycanda ölkəmizdə cərəyan etmiş hadisələrə işıq tutmaq üçün silsilə yazılar dərc edir.
Qambay Məmmədov

Qambay Məmmədov

“1970- ci illər repressiyasının ən böyük, səs- küylü qurbanlarından biri həmin illərdə ölkənin baş prokuroru işləmiş Qambay Məmmədovun başına gələnlər olub. Arxiv materiallarında Qambay Məmmədovun işini aparan SSRİ prokurorluğunun mühüm işlər müstəntiqi Koliniçenkonun xatirələri, eləcə də arxiv materiallarından əldə olunan məlumatlar xüsusən diqqət çəkir.

Mən heç cür başa düşə bilmirdim, bütün baş verənlərə görə niyə Məmmədovun qohumları əzab çəkməlidirlər? Əslində bu nə əxlaqa, nə də qanunlara sığmırdı. İşdən qovurdular, əsaslı, əsassız həbsxanaya atırdılar. Əliyev bütün kinini Məmmədovun qohumlarının üstünə tökürdü. İzahat verməyə gələnlər Məmmədov familiyasından çəkinirdilər... Heç cür unuda bilmirəm. İsti yay günlərindən birində qapının ağzında dayanmış bir qadın gördüm. İçəri dəvət etdim. Bu Qambay Məmmədovun əmisi qızı idi.

Ovcundakı qabarları göstərib ağlaya-ağlaya deyirdi: Nəyə görə? Nəyə görə? Nəyə görə? Bir- birinə bağlı olmayan sözlərdən bunu anladım ki, qızı pedaqoji universitetdə imtahan verib, elə birinci imtahanda soruşmadan Qambayın qohumusan deyə iki yazıblar. O deyirdi ki, Qambay Məmmədov heç vaxt onun evində olmayıb, o da heç onun evini tanımır. O başa düşmürdü, bu kəndli qadının qızından niyə intiqam alırdılar? Mən cavab verə bilmirdim. Nə deyə bilərdim ki? Yalnız halına acıyırdım. Bu adamların Moskvaya göndərdiyi bütün şikayətlər Bakıya, Azərbaycan KP MK-ya qaytarılırdı. Dərkənarda yoxlayın cavab yazın. Kimdən kimə?! Bədbəxt adamlar dolana, dolana qalmışdılar”.

AVSTRİYANIN ASANLAŞDIRILMASI

“Yeni Müsavat” qəzetində Zamin Hacı yazır:

“Bu yaxınlarda Avstriyanın baş prokuroru Bakıya səfərə gəlmişdi, bizim baş prokuror Zakir Qaralovla da görüşmüşdü. Düzü, mən bilmirəm avstriyalı prokurorun əsas məqsədi nə idi, bəlkə də o, Milli Bankımızın adı keçən cinayət işi ilə bağlı səfər eləmişdi. Çünki Azərbaycan manatı Avstriyada çap olunub, bizimkilər pulun çapı zamanı korrupsiya əməliyyatına avstriyalıları da bulaşdırıblar, indi Vyanada bu işlə bağlı çoxlu vəzifəli adamın məhkəməsi gedir. Ancaq mənim diqqətimi cəlb edən bu deyil - onsuz bilirik ki, kim yapokratlarla əməkdaşlıq edirsə onun zibilə, çirkaba bulaşması mütləqdir. Neft damcısı 25 litr içməli suyu yararsız vəziyyətə gətirə bilirmiş.

ASAN Xidmət

ASAN Xidmət

Mənə ləzzət eləyən Qaralovun avstriyalı prokurora... ASAN-xidmət mərkəzlərindən danışması oldu. Sitat: “Baş prokuror korrupsiya ilə mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə söhbət açaraq, idarənin müsbət iş təcrübəsinin daha geniş mütəxəssis kütləsinə çatdırılması üçün Baş İdarənin rəisi Kamran Əliyevin BPA-nın konfranslarının birində çıxışının təşkil edilməsini, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model olaraq, Avropada təşviqi və BPA-da təqdimatlarının keçirilməsini təklif edib”. Yadımdan çıxmamış: bu sitatdakı BPA - Beynəlxalq Prokurorlar Assosiasiyası adlı qurum imiş və avstriyalı prokuror hazırda həm də bunun başqanı imiş. Əgər Qaralov ona bu cür gülməli təkliflər edirsə, demək BPA da çoxdan deqradasiyaya uğramış beynəlxalq bir qurumdur. Əhalisinin 90 faizi siyasi və vicdan məhbusu kimi yaşayan Azərbaycana gəlib bu yöndə gərgin və əməli fəaliyyət göstərən prokurorluqla əməkdaşlıq BPA-nın iflası deyilmi?”

TİBBİ MÜAYİNƏDƏN FAYDALANANLAR

“AzərTAc” bölgələrdə tibbi profilaktikanın uğurla keçdiyini yazır. Şəmkirdə ötən həftənin sonunadək 100 min nəfərdən çox sakin, Göyçayda 60 min nəfərdən çox sakin tibbi müayinədən keçib.

“Şəmkir rayon mərkəzi xəstəxanası ilə yanaşı, 7 qəsəbə xəstəxanasında və 8 tibb məntəqəsində aparılan müayinələrdə fəallıqla iştirak edən rayon sakinləri onların sağlamlığının qorunmasına daim qayğı ilə yanaşan dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Rayon icra hakimiyyəti başçısının müavini Sona Əliyeva AzərTAc-a bildirib ki, fevralın 17-dən mayın 1-dək davam etdirilməsi nəzərdə tutulan profilaktik müayinələrdə 167 min əhalinin 100 mini iştirak edib”.

ƏLİYEVİN FÜRSƏTCİL MANEVRİ

“Azadlıq” qəzetində Seymur Həzinin yazısında oxuyuruq:

“Azərbaycan hökuməti BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Avropa Şurası Parlament Assambleyasının sessiyasında Rusiyanın səs hüququnun dondurulması məsələsi səsə qoyulanda bitərəf qaldı. Bu xəbər bir neçə istiqamətdə şərhlərə səbəb oldu. Maraqlı məqam odur ki, Azərbaycan hökuməti BMT-də göstərdiyi mövqedə ardıcıl ola bilmədi... Bu məsələdə iki mühüm yanaşma var. Birincisi odur ki, Azərbaycan hökuməti BMT-dən sonra ardıcıl olaraq, bir dəfə də AŞ PA-da Rusiyanın əleyhinə səs verməklə risk etmiş olardı. Kreml dünya birliyində təklənməsinin heyfini Azərbaycandan çıxmaq fikrinə düşə bilərdi. Buna görə də məhz bitərəf qalmaq vəziyyəti qorumaq üçün doğru seçim sayıla bilər. Bu seçimi Rusiyanın qəzəbini artırmadan və Qərbə qarşı getmədən orta bir mövqe tutaraq vəziyyətdən çıxmaq kimi də qiymətləndirmək olar. Nəzərə alsaq ki, Ermənistan Rusiyanı avtomatik dəstəkləyir, deməli, Azərbaycanın bitərəf qalması ilə dünya birliyinin gözündə də Ermənistanı bir addım qabaqlamaq imkanı yaranır. Amma bu mövqenin düşünülmüş bir strategiya olduğunu demək çətinləşir. Yəni, hakimiyyət başqa amilləri ilə yuxarıda saydığımız məqamların düşünülmüş strategiya olduğunu şübhə altına alır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG