Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:19

«Şəhər gəzintisi» turları işə başlayır


Alov qüllələri
Alov qüllələri
-
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə dünya brendi kimi tanınan «City Sightseeing Worldwide» Şirkəti arasında bağlanmış razılaşmaya əsasən, «City Sightseeing Baku» Şirkəti yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, 3-5 aprel tarixində Bakı Ekspo Mərkəzində onun əsas təqdimat mərasimi də keçirilib.

Xəbərdə deyilir ki, «City Sightseeing Worldwide» Şirkəti ikimərtəbəli üstüaçıq avtobuslarda ekskursiyalar təşkil edən dünyanın aparıcı operatorlarından biridir.

Müəssisə 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılıb.

Fəaliyyətini cəmi 4 turla başlayan «City Sightseeing» Şirkəti hazırda dünyanın 33 ölkəsinin 100-dən artıq şəhərində turistlərə və yerli əhaliyə şəhərin tarixini və mədəniyyətini əyani şəkildə göstərmək üçün audioqid vasitəsilə ekskursiyalar təşkil edir.

2013-cü ildə bu şirkət 1000-dən çox avtobusda 10 milyondan artıq insana ekskursiya xidməti göstərib.

Bakıda təşkil edilən şəhər turları qış mövsümündə səhər saat 11:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 11:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edir.

Marşrutun uzunluğu təxminən 21 km və 1 saat 30 dəqiqə təşkil edir.

Yay mövsümündə avtobusların üstü açıq vəziyyətdə, qışda isə bağlı olacaq.

ƏLİLLƏR VƏ JURNALİSTLƏR ÜÇÜN PULSUZDUR

«Gülərüz Kobra» MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndiriləcək.

Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıqlar paylanacaq.

Biletlərin qiyməti 20 manat, tələbələr müvafiq tələbə biletini təqdim etdikdə 10 manat, 6-16 yaş arası uşaqlar, təqaüdçülər və veteranlar üçün 5 manat təşkil edəcək.

6 yaşa qədər uşaqlar, əlillər, jurnalistlər və otel işçiləri üçün isə giriş ümumiyyətlə PULSUZ olacaq.

Şəhər turu üçün əldə edilmiş bilet 24 saat ərzində etibarlıdır və bu biletlərdən «hop on - hop off» sistemi ilə istifadə etmək olar. Bu o deməkdir ki, hər bir şəxs istənilən dayanacaqda düşə bilər və istənilən dayanacaqda yenidən növbəti avtobusla ekskursiyanı davam edə bilər.

Hazırda yollarda yaranan tıxaclar səbəbindən avtobusların qrafik üzrə hərəkətinin düzgün təşkili, habelə avtobuslarda quraşdırılmış audiosistemin təkmilləşdirilməsi məqsədilə Almaniyadan mütəxəssislər dəvət edilib və bu istiqamətdə müvafiq testlər aparılır.

Bu səbəbdən hazırda turlarda iştirak etmək istəyənlər üçün endirim kampaniyası keçirilir.

«City Sightseeing Baku» Şirkəti daha bir ilkə də imza atmağa hazırlaşır.

Yaxın günlərdə avtobuslarda quraşdırılacaq avadanlıq vasitəsilə pulsuz internetdən istifadə etmək mümkün olacaq.
XS
SM
MD
LG